MÖVQE
Lalə ŞÖVKƏT: "EYNULLANI ƏZMƏK, GÖZDƏN SALMAQ MÜMKÜN OLMAYACAQ"
"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevi daha çox həbsdə saxlamaq üçün hakimiyyət hər vasitəyə əl atır. Baş redaktorla bağlı Avropa Məhkəməsində çıxarılacaq qərarı ləngitmək üçün Azərbaycan tərəfindən işə çıxacaq hakim dəyişdirildi. İndi də məlum narkotik əməliyyatı həyata keçirilib.

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bildirir ki, E.Fətullayevə qarşı həyata keçirilən əməliyyat qurama və sifarişlidir və jurnalistə qarşı çirkin uydurmadır: "Bu, Avropa Məhkəməsində bu yaxınlarda Eynulla Fətullayevlə bağlı gözlənilən qərarın qarşısını almaq cəhdidir, təzyiq formasıdır. Ən əsası, bu Eynullaynın özünə qarşı mənəvi terrordur. Bəllidir ki, diktatura rejimlərində həbsxanada girov qismində olan insana hər növ iş açmaq təcrübəsi var. Bu ittihamı qətiyyətlə pisləyirəm. İqtidarı yenə də bu məsələdə ədalətli olmağa çağırıram. Eynulla yüksək səviyyəli professional, prinsipial vətənpərvər, fitri istedadlı, geniş dünya görüşünə malik olan bir insandır. Onu bu çirkin yolla əzmək, gözdən salmaq mümkün olmayacaq".

31.12.2009