AZADLIQ BLOKUNUN BƏYANATI
"Azadlıq" bloku Naxçıvan MR Culfa rayonu Bənənyar kəndində baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənənyar kəndində bir qrup yerli sakin məhərrəmlik ayı ilə bağlı mərasim keçirərkən gözlənilmədən kəndə polislər tərəfindən basqın həyata keçirilib. Əhaliyə dağılmaq barədə heç bir xəbərdarlıq etməyən polislər qarşılarına keçən dinc sakinləri vəhşicəsinə döyərək, yaxaladıqları insanlara işgəncə veriblər. Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşədağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlu həbs olunaraq Culfa rayon Əlincə polis şöbəsinə aparılıblar. Aparılanlara polis şöbəsində işgəncə verilib. Şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər göstərilib. Sonra həmin adamları psixi xəstəxanaya aparmaq istəyiblər. Buna etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb və nəticədə vəfat edib.

Zorakılığın davam etdiyi müddətdə təqribən 30 nəfərlik polis dəstəsi AXCP Culfa Şəhər şöbəsinin sədri Rza Nuriyevin evinə hücum ediblər. Rza Nuriyevi evində tapa bilməyən polislər onun iki oğlunu həbs edərək özləri ilə aparıblar və gəlməyəcəyi təqdirdə həyat yoldaşının da həbs olunacağı ilə təhdid ediblər. Bundan sonra Rza Nuriyev heç bir əsas gətirilmədən həbs olunaraq naməlum istiqamətdə aparılıb.

Gələn məlumatlara görə həbsxanada saxlanılan kənd sakinləri sərt hava şəraitində soyundurularaq işgəncəyə məruz qalıblar. Ən dəhşətlisi də odur ki, hadisə nəticəsində vəfat etmiş mərhum Yunis Əliyevin cənazəsini ailəsinə verməkdən imtina olunub və yas mərasiminin keçirilməsinə imkan verilməyib.

Baş verən bu vandalizmə etiraz olaraq 1000-ə yaxın kənd sakini kəndin əsas yolunu bağlayaraq etiraz aksiyası keçiriblər. Bundan sonra kəndə daxili qoşun birləşmələri yeridilərək insanlar kütləvi şəkildə evlərin zirzəmilərinə doldurulublar, bu özbaşınalığa və zorakılığa etiraz edən onlarla kənd sakini isə həbs olunaraq naməlum istiqamətə aparılıblar. Bənənyarla qonşu Göydərə, Ərəzin, Əbrəqunus, Kırna kəndlərində də qeyri rəsmi fövqəladə vəziyyət hökm sürür və bu kəndlərə heç kim buraxılmır.

"Azadlıq" bloku Bənənyar kəndində baş verənləri qətiyyətlə pisləyərək bildirir ki, heç nə ilə bəraət qazandırılmayan bu zorakılıq aktı insan hüquq və azadlıqlarının görünməmiş qəddarlıqla pozulması və insanlığa qarşı törədilmiş vəhşilikdir.

"Azadlıq" bloku hesab edir ki, ağır sosial-iqtisadi şərait və insanların məişətinədək müdaxilə edən özbaşınalıq və hüquqsuzluq üzündən yerli əhalinin kütləvi şəkildə tərk etdiyi Naxçıvanda baş verən bu son kütləvi zorakılıq aktı, əslində bölgənin etnik baxımdan boşaldılması strategiyasının tərkib hissəsidir.

"Azadlıq" bloku iqtidardan Naxçıvanda baş vermiş dəhşətli zorakılığın durdurulmasını, bu hadisəyə görə məsuliyyət daşıyan hakimiyyət yetkililərinin məsuliyyətə cəlb edilməsini tələb edir. Bu hadisə ölkədə kütləvi repressiya və zorakılığın gündən-günə artdığını və Naxçıvanda yaşamaq üçün imkanların tükəndiyini göstərməkdədir.

"Azadlıq" bloku dünya ictimaiyyətini, beynəlxalq insan hüquq müdafiə təşkilatlarını Naxçıvanda törədilmiş kütləvi zorakılığa və işgəncə faktına münasibət bildirməyə və 21-ci əsrdə insanlığa sığışmayan bu faktı qınamağa çağırır. Biz demokratik qüvvələr adından dünya ictimaiyyətini Azərbaycan iqtidarının demokratik normaları, insan haqlarını və beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri belə açıq və kobud şəkildə pozmasına biganə qalmamağa və ölkədə gündən günə artan zorakılığa və vandalizmə qarşı Azərbaycan xalqının etirazlarına həmrəylik göstərməyə səsləyirik.

6.01.2010