MÖVQE
LALƏ ŞÖVKƏT: "MÜXALİFƏT BİRLƏŞMƏSƏ, PARLAMENT SEÇKİSİNDƏ UĞUR QAZANA BİLMƏYƏCƏK"
"Mən yalançı ümidlər vermək istəmirəm, ona görə ki, hər şey cəmiyyətin nə dərəcədə fəal olmasından asılıdır", - cümə günü Trend News-a Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət bildirib.

Şövkətin sözlərinə görə, seçkilərdə uğur qazanmaq artıq müxalifətin nə qədər fəal olub-olmamasından da asılı deyil.

"Çünki seçki prosesində bütün millət iştirak etməlidir. Son illərin təcrübəsi göstərir ki, seçicilər bu prosesdə o qədər də fəallıq nümayiş etdirmirlər", - partiya lideri əlavə edib.

Müxalifətin seçkilərdə iştirakı məsələsinə gəldikdə, Şövkət deyib ki, demokratik qüvvələrin üzləşdiyi bu ağır durumda bütün müxalifət bir cəbhədə birləşməlidir.

"Bu niyyətimiz isə yalnız müxalifət partiyaları arasındakı ayrıseçkiliyə son qoyulmaqla reallaşa bilər. Partiyaların balaca, böyük olması iddialarını kənara qoymaq lazımdır", - Şövkət vurğulayıb.

Onun fikrincə, əgər həqiqətən bütün müxalifət qüvvələri bir cəbhədə birləşə bilsələr, o zaman hansısa müsbət nəticə əldə etmək mümkündür.

"Mən həmişə birlik tərəfdarı olmuşam. İstərdim ki, müxalifət nəhayət vəziyyətinin çox ciddi olduğunu başa düşsün və bütün iddiaları kənara qoyub vahid qüvvə kimi seçkilərdə iştirak etsin. Bu zaman bəlkə hansısa nəticə əldə edə bilərik", - ALP lideri qeyd edib.

Şövkət deyib ki, əgər müxalifət yenə bir neçə blokla seçkilərə gedərsə, o zaman uğur qazanacağına ümid etmək olmaz. "Biz "Azadlıq" bloku çərçivəsində fəaliyyət göstəririk. Şübhəsiz ki, həmin blok da parlament seçkilərində iştirak edəcək", - o xatırladıb.

(Trend News, müxbir A.Hüseynbala)

8.01.2010