MÖVQE
Müxalifətin seçki planları nədən ibarətdir?
Müxalifət partiyalarının parlament seçkisi ilində Azərbaycanda proporsional seçki sisteminin bərpası məsələsini yenidən gündəmə gətirməsi hakimiyyət düşərgəsində birmənalı qarşılanmayıb. İqtidar təmsilçilərinin mətbuata açıqlamalarından da hiss olunur ki, hakimiyyət müxalifətin proporsional sistemin bərpasıyla bağlı təklifini qəbul etmək niyyətində deyil. Lakin demokratik qüvvələrin fikrincə, bu, çoxpartiyalı sistemdə olduqca vacib elementlərdən biridir. Bəs görəsən, proporsional seçki sisteminin bərpası üçün demokratik düşərgə hansı addımları atmaq niyyətindədir, hansı planlar mövcuddur? Məsələ ilə bağlı növbəti dəfə siyasi partiya liderlərinə müraciət etdik.

Lalə Şövkət: "Müxalifətin uğur qazanması üçün yeganə yol demokratik qüvvələr arasında alternativlərin olmamasıdır"

ALP lideri Lalə Şövkət bildirdi ki, mövzuyla bağlı ötən müsahibələrində də o bəyan edib ki, proporsional seçki sisteminin bərpası partiyalar üçün prioritetdir: "Biz 2005-ci il seçkilərində də təklif etmişdik ki, proporsional sistem bərpa olunsun. Amma hakimiyyət buna getmədi. Düşünürəm ki, bu il də hakimiyyət bu istəyi reallaşdırmayacaq".

Ona görə də, L.Şövkətin fikrincə, bu istiqamətdə alternativlər axtarılmalıdır. Alternativlərin nədən ibarət ola biləcəyinə gəlincə isə, L.Şövkət hesab edir ki, müxalifətin uğur qazanması üçün yeganə yol demokratik qüvvələr arasında alternativlərin olmamasıdır: "Alternativlik olacağı təqdirdə seçkidən nəticə gözləməyə dəyməz. Hökumət müxalifət daxilində alternativlərin olmasından istifadə edə bilər. Ona görə düşünürəm ki, bütün səyləri heç bir alternativ olmadan müxalifətin seçkiyə getməsinə yönəltmək lazımdır".

("Azadlıq" qəzeti, Xəyal)

16.01.2010