LALƏ ŞÖVKƏTİN TƏKLİFİ NECƏ QARŞILANIR?
ALP liderinin "Alternativsiz namizədlər" ideyası müxalif cəbhələrin dəyərləndirməsində

ALP lideri Lalə Şövkətin fikrincə, real demokratik qüvvələr qarşıdan gələn parlament seçkilərində vahid cəbhə ilə çıxış edərək, hər dairədən alternativsiz namizədlərin müəyyənləşməsinə çalışmalıdır. Yəni proporsional seçki sisteminin bərpasıyla bağlı təklifi hakimiyyət tərəfindən qəbul olunmayacağı təqdirdə müxalifət öz daxilində alternativlərin olmamasına çalışmalıdır.

Nurəddin Məmmədli: "Müxalifətin alternativsiz namizədlərlə çıxış etməsi 2005-ci ildə sınaqdan çıxarılan və özünü doğruldan taktikadır"

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, real müxalifət qüvvələrinin hər dairədən namizədləri öz arasında müəyyənləşdirməsi 2005-ci ildə sınaqdan çıxarılan və özünü doğruldan taktikadır: "Bir sıra dairələr istisna olmaqla müxalifət 2005-ci ildə əksər dairələrdə alternativsiz çıxış etdi. Düşünürəm ki, budəfəki seçkidə də müxalifətin bu taktikaya üstünlük verməsinin müzakirəsinə ehtiyac yoxdur. Diskussiya predmeti daha çox real müxalifət deyəndə hansı qüvvələrin nəzərdə tutulduğuyla bağlı olmalıdır. Çünki bir sıra siyasi qüvvələr var ki, özlərini müxalifət düşərgəsinə aid etsələr də, əslində hakimiyyətə sığınıblar. Bu baxımdan hakimiyyətin əlavəsinə çevrilən qüvvələri yenidən sıralarımıza qaytarmaq geriyə doğru addım olardı".

Arif Hacılı: "Müxalifət anlayışı geniş anlayış olduğundan öncə bu sərhədin cızılmasına ehtiyac var"

Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, müxalifət anlayışı geniş anlayış olduğundan öncə bu sərhədin cızılmasına ehtiyac var: "Azərbaycanda hazırda bir sıra qüvvələr var ki, özlərini müxalifət adlandırsalar da, hakimiyyətlə iş birliyindədirlər. Bu baxımdan real qüvvələrin hansılar olduğu konkret bəyan olunmalıdır. Digər tərəfdən hesab edirik ki, müxalifətin namizədləri cəmiyyətə bəlli olan, güclü namizədlər olmalıdır. Şəxsən biz bu cür şəxsləri müdafiə edəcəyik. Amma tanınmayan şəxsləri, hansı partiyadan təqdim olunmasına baxmayaraq, müdafiə etməyəcəyik".

Mirmahmud Mirəlioğlu: "Diqqət çəkən və müzakirəyə ehtiyacı olan bir təklifdir"

Qarşıdan gələn seçkilərlə bağlı DUİ tərəfindən səlahiyyətləndirilən KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, ALP liderinin təklifi reallıqla səsləşən təklifdir: "Diqqət çəkən və müzakirəyə ehtiyacı olan bir təklifdir. Bu baxımdan hesab edirəm ki, bu istiqamətdə fikir mübadiləsi aparılmalıdır. Onu da qeyd edim ki, bu istiqamətlərdə yaxın günlərdə bizim təşkilat müzakirələrə başlayacaq".

Xəyal

18.01.2010