|
LALƏ ŞÖVKƏT HAQQINDA KİMDİR ÖLKƏ VƏTƏNDAŞI |
|
"AZƏRBAYCAN QADINI" jurnalı KİMDİR ÖLKƏ VƏTƏNDAŞI Öz fəaliyyətim barədə danışmağı xoşlamıram. İnsan ata-anası, ulu tanrısı üçün etdiklərini dilinə gətirərmi? Torpaq bizim anamız, müqəddəsliyinə səcdə etdiyimiz tanrımızdır. LALƏ-ŞÖVKƏT HACIYEVA Lalə-Şövkət Hacıyevanın portretinə kiçik bir ştrix. O, harada görüşdə olursa-olsun heç vaxt camaatla tribunadan, xitabət kürsüsündən danışmır. Həmişə kürsüdən zala enərək camaatla eyni səviyyədə dayanaraq söhbət edir. Tibb işçilərinin mədəniyyət evində keçirilən seçicilərlə görüşlərin birində bir nəfər kişi Lalə-Şövkət Hacıyevaya kobud tərzdə ifadə olunmuş qərəzli bir sual verdi: "İndiyə kimi Azərbaycan səhiyyəsinə aid hansı məqaləni yazmışsınız? - və cavab gözləmədən əlavə etdi: - Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı". Hiss etdim ki, bu sözlər şimşək bütün kainatı titrətdiyi kimi Lalə-Şövkət xanımın daxilini lərzəyə saldı. Özünü millət təəssübkeşi, millət fədaisi kimi qələmə verən bu şəxsi isə verdiyi sualın cavabı heç maraqlandırmadı da. Lakin, vətəndaş olmaq üçün cild-cild kitablar yazmaq lazım deyil. Azərbaycan haqqında cild-cild əsərlərin müəlliflərini tanıyırıq. Lakin hamımı çiyinlərinə vətən daşı olmaq yükünü götürüb? Yəqin ki, həmin şəxsin məqsədi Azərbaycan parlamentinə layiqlilərin layiqlisini, əsl vətən daşlarını seçmək olsaydı, o dönə-dönə Lalə-Şövkət Hacıyevadan üzr istəməli olardı. Çünki Lalə-Şövkət Hacıyevanın mənalı ömrü xalqının inkişafına, baş ucalığına, şərəfinə həsr olunub. 19 yanvar gecəsi idi. Çalınan həyəcanlı telefon zəngləri Bakıdakı faciələrdən, elə həmin anda canlarını tapşıran nakam ömürlərdən danışırdı. Elə bil bu faciədən utanan səhər kainatın üzünə baxa bilmirdi. Hava tutqun idi. Sanki acı küləklər bir gecədə başına qara yellər, qara tufanlar əsən, qiyamətlər qopan, bir gecədə qara bayraqlı, qara geyimli olan Azərbaycanın, Bakının qara xəbərini gəzdirirdi. Sübh açılmamış Lalə-Şövkət Hacıyeva Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında idi. Buraya yüzlərlə azərbaycanlı ziyalı axışıb gəlirdi. Bunların içərisində Amerikanın "Si-En-En" televiziyasına müsahibə verən ilk azərbaycanlı ziyalı o olmuşdur. Xalqına xəyanət edildiyini bütün dünyaya söyləyən bəlkə də ilk azərbaycanlı vətəndaş idi. Lalə-Şövkət xanım anasından yadigar saxladığı, əzizlədiyi, onun ətrini aldığı kəlağayını ana vətənin ağır günündə Moskvadakı etiraz mitinqlərinin qara bayrağına çevirdi. O, çıxış etdiyi mitinqlərdə, mətbuat konfranslarında Azərbaycana edilmiş hərbi təcavüzə siyasi qiymət verərək onu konstitusiyaya, demokratiyaya zidd bir hərəkət adlandırmış, doğma xalqa xəyanət kimi dünyada bəyan etmişdi. Lalə-Şövkət xanımın həyəcanlı səsi Türkiyənin, Norveçin, İsveçin radiolarında səslənmiş, onun etirazları Livan, İraq, Hindistan, Amerika qəzetlərinin səhifələrində əks olunmuşdur. Moskvadakı Azərbaycan ziyalıları icması ilə birgə hazırladığı bütün dünya ölkələrinin səfirliklərinə müraciətin paylanmasını Lalə-Şövkət xanım operativ şəkildə təşkil etmişdir. Bütün bunlar ona elə də asan başa gəlməyib. O, indiyə kimi ancaq insanları, onların ağrı-acılarını müalicə edirdi. Lakin, indən sonra ömrünü, ağlını, bacarığını, qətiyyətini yaralarından qan axan xalqına məlhəm etmək qərarına gəldi. Bütün həyatını Azərbaycan xalqının çiçəklənməsinə, işıqlı gələcəyinə qurban verməyə and içdi. Lalə-Şövkət Hacıyeva 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb institutuna daxil olmuşdur. Lakin altıncı kursda bəzi səbəblər üzündən respublikanı tərk etməyə məcbur olmuşdur. O, professor V.V.Vinoqradovun rəhbərliyi altında Moskvadakı P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasında internatura və klinik ordinatura keçmişdir. 25 yaşında müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildə L.Hacıyeva Moskva şəhər N.V.Sklifosovski adına Tə'cili Yardım Elmi Tədqiqat İnstitutunda elmi işçi, böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi mütəxəssis vəzifələrində çalışmışdır. 1989-cu ildə o, "Moskva şəhərində əhaliyə təcili tibb yardımının müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. O, institutda işlədiyi müddətdə özünü səhiyyənin idarəsi və təşkili sahəsində həm nəzəri, həm də təcrübi biliklərə malik yüksək ixtisaslı mütəxəssis kimi göstərmişdir. Onun apardığı elmi tədqiqat işlərinin nəticələri SSRİ Səhiyyə Nazirliyinin Ümumittifaq miqyasında direktiv sənədlərdə, Rusiya Federasiyası və Moskva miqyasındakı əmr və metodik tövsiyələrdə öz əksini tapmışdır. Lalə-Şövkət Hacıyeva 60-dan çox elmi əsərin müəllifidir. Hazırda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin elmi tədqiqat mərkəzində səhiyyənin təşkili və idarəsi şöbəsinin rəhbəridir. Qeyd etmək lazımdır ki, bir neçə bölmədən ibarət olan bu şöbə Rusiya Federasiyası səhiyyəsinin inkişafını və strategiyasını müəyyənləşdirir. Lalə-Şövkət Hacıyevanın ömründən qısa, yarım səhifəyə yerləşmiş həyat yolunu sadaladıq. Lakin bu yarım səhifəlik ömür yolunun arxasında onun böyük kəşfləri, axtarışları, Azərbaycan poeziyasına, ədəbiyyatına, musiqisinə, dilinə böyük və sədaqətli məhəbbəti dayanıb. İstər Füzulinin, İstər Nizaminin, istər dərisi soyulmuş Nəsiminin, istər didərgin düşmüş Cavidin poeziyasından danışanda Lalə-Şövkət Hacıyevanın həkim olduğunu unudursan. Demə, 18 il Azərbaycandan uzaqlarda yaşasa da Azərbaycanın mədəniyyəti, musiqisi, onun ruhu olub. Dünyasını bəzəyən günəş olub. Mən Lalə-Şövkət xanımla bağlı və nədənsə el-oba borcu deyəndə gözümün qarşısına gələn bir mənzərəni unuda bilmirəm. Lalə-Şövkət xanım idarə etdiyi maşını Moskvadakı bir körpünün yanında saxladı. Özü və yanındakı on yaşlı oğlu Sidqi bir anlıq sükuta daldılar. Sonra isə əllərini üzlərinə çəkib salavat çevirdilər. Sükutla və təəccüblə onları müşahidə edirdim. Lalə-Şövkət xanım dedi: "Gördüyünüz bu yerə ata-anamın məzarından bir ovuc torpaq gətirib atmışam. hər dəfə buradan keçəndə onların xatirəsini yad edirik". Doğrusu, qarşısında baş əyməli olan bu ailə ənənəsinin mənə etdiyi kövrək təsiri qələmə almağa çətinlik çəkirəm. İnsan üçün vətən ana bətnindən, ata ocağından başlayır və mən hiss etdim ki, Lalə-Şövkət xanım oğluna el-oba, böyük-kiçik, ata-ana, yurd məhəbbətini böyük bir ləyaqətlə təlqin edə bilmişdir və inandım ki, bu körpə Sidqi sabah ixtiyar bir qoca olsa belə həmin bu yerdə beləcə ehtiramla sükuta dalacaq, əzizlərini, ulu əcdadlarını xatırlayacaq. Ana-balanın bu qeyri-adi ənənəsini, valideyn xatirəsinə bu müqəddəs ehtiramı mən insanın əzəlinə, əvvəlinə, el-obaya bir borc bir məhəbbət kimi başa düşdüm. Lalə-Şövkət xanımın ömür yollarını vərəq-vərəq səhifələdikcə bu milli ruhun, bu vətən məhəbbətinin dərin köklərini, izlərini öyrənə bildim. Bu Lalə-Şövkət xanımın təbib dünyasının mənası olan, dünyamız ilə qoşa yaşayan, onu tamamlayan, mənalandıran, ucalığa aparan Azərbaycan milli mənəvi mədəniyyətinin təlqinlərindən, ülviyyətindən doğub, yaranıb. Bu milli mədəniyyətin çağırışları tibb institutunun tələbəsini, universitetin filologiya fakültəsinin auditoriyalarına aparırdı. Bu milli mədəniyyətin onun qəlbində çağlatdığı hisslər səhnə əsərlərinə çevrilirdi. Bəlkə də Lalə-Şövkət xanımın şəxsiyyətini tamamlayan qətiyyəti, cəsarəti də öz ilkinliyini Azərbaycan milli mədəniyyətindən alıb. Bu gün Lalə-Şövkət Hacıyevanı ən çox narahat edən, düşündürən Azərbaycan xalqının düşdüyü acınacaqlı vəziyyətidir. O xalqı üçün çıxış yolları axtarır. Bu barədə danışarkən Lalə-Şövkət xanımın bu sözlərini xatırlamaq yerinə düşərdi: "Bizim cəmiyyətdə çox dahi ideyalar, böyük kəşflər məhv olub gedir. Hansı ki, bunlar bəşəriyyətin sivilizasiyası yolunda yaşıl işıq ola bilərdi. Odur ki, bu ideyaları, bu kəşfləri arxasınca aparmağa qadir olan bələdçilər lazımdır. Mən böyük alim Hans Selyenin bu sözlərini misal gətirərdim. "Biz kərpicin kimyəvi tərkibinə aludə olaraq əsas şeyi - binanın arxitekturasını unuduruq. İndiki dövrdə xırda işlərə uyaraq əsas məsələni, xalqın siyasi kredosunu azadlığını unutmaq lazım deyil. Biz bütün fəaliyyətlərimizi bu istiqamətə yönəltməli və birləşdirməliyik". Məhz bir deputat kimi L.Hacıyevanın platformasında da bu məsələlər öz əksini tapmışdır: - Millətimizin gələcək taleyi ittifaq müqaviləsindən asılı olduğu üçün, ümumiyyətlə onun bağlanılması, zəruriliyi və hansı dövlət quruluşu formasını təsis edəcəyini (federasiya, konfederasiya, tam müstəqillik) xalqın səsverməsinin yekunları (referendum) müəyyən etməlidir. Respublikada demokratik institutların həyata keçməsini vacib hesab edirəm. Burada xüsusilə çoxpartiyalılıq, ideoloji buxovlardan azad olmaq, ekoloji təhlükəsizlik və digər demokratik dəyişikliklər nəzərdə tutulur". Oxucuların diqqətini Lalə-Şövkət xanım haqqında bir məsələyə cəlb etmək istərdim ki, respublikamız haqqında istər dünya, istər ittifaq miqyasında xoşa gəlməyən rəylər hökm sürdüyü bir vaxtda RSFSR nəzəri təbabətinin taleyi ona tapşırılmışdır. Təkcə bu faktın özü onun haqqında çox şeyi aşkar edir. Öz sahəsinin gözəl mütəxəssisi olan, Azərbaycan və rus dillərindən başqa üç xarici dil bilən Lalə-Şövkət Hacıyeva Moskvadakı Azərbaycan ziyalıları iclasının fəallarındandır. Azərbaycanla bağlı keçirilən hər bir tədbirdə, respublikanın həyatında baş vermiş hadisələrə öz mövqeyini bildirən, sərhədlərimizə edilən təcavüzə qarşı həm ittifaq, həm də respublikanın hökumətinə etirazını bildirən Lalə-Şövkət Hacıyevanın siyasi mübarizəsinin əsas qayəsi respublikamızın azadlığı, suverenliyi, demokratik yolla inkişafıdır. Yəqin ki, "Moskovskiye novosti" qəzetində dərc olunmuş "Bakı, yanvar, 1990-cı il" məqaləsi hamımızın ürəyimizdən olmuşdur. Həmin məqalədən sonra Lalə-Şövkət xanım bir qrup azərbaycanlı ziyalı ilə qəzetin redaksiyasına getmiş, onları böyük qızılgül dəstələri ilə təbrik etmiş və xalqımız adından minnətdarlıq məktubunu oxumuşdur. Məktubda deyilirdi: Azərbaycan ətrafındakı informasiya blokadası fonunda sizin qəzetin dili ilə deyilmiş gecikmiş də olsa belə həqiqi və canlı sözlər məqalə müəllifləri A.Yevstiqneyevə, Q.Melkova, B.Murasova, sizə və sizin redaksiyaya dərin minnətdarlıq hissi oyadır. Xüsusilə qeyd edilməlidir ki, "Şit" ictimai təşkilatı xeyirxah rus dvoryanlığının "həyatı çara, namusu heç kimə" devizini unutmamış, sizin redaksiya isə ən qətiyyətli bir vəzifəni öhdəsinə götürərək həqiqətin bələdçisi olmuşdur". Sentyabrın 16-da Moskvada Ümumittifaq əsgər analarının "Analar zorakılığa qarşı" adlı forumu keçirilirdi. Bakının nümayəndə heyəti foruma gecikmişdi. Lakin bu böyük məclisdə Azərbaycan haqqında həqiqəti, əsgər oğullarımızın başına gətirilən müsibətləri bəyan etməyə böyük ehtiyac var idi. Moskva ziyalıları adından bu məsul vəzifəni Lalə-Şövkət Hacıyeva öz üzərinə götürdü. O, həmin forumda geniş ittihamedici stend düzəltdi və böyük cəsarətlə çıxış etdi: "Hamınızdan xahiş edirəm ki, məni milli mənsubiyyətimə görə deyil, bir insan kimi qəbul edəsiniz. Özünüz də bu hisslərdən uzaqlaşasınız. Azərbaycanda yanvar hadisələri tək Azərbaycanın deyil, bütün ittifaqın tarixində ən faciəli səhifələrdəndir. Burada heç bir günahı olmayan dinc əhali, o cümlədən ruslar, yəhudilər, uşaqlar, qadınlar, qocalar, həkimlər vəhşicəsinə öldürülmüşdür. Ən dəhşətlisi odur ki, bu faciə yenidənqurma dövründə, hüquqi dövlət yaratmağa çalışdığımız dövrdə baş vermişdir və hər şeydən əvvəl beynəlxalq konvensiyanın bütün qaydaları pozularaq əhaliyə xəbərdarlıq edilmədən fövqəladə vəziyyət yaradılmışdır. Hətta buna Azərbaycan SSR Ali Sovetinin razılığını almaq da məsləhət bilinməmişdir. Bütün dünyada hətta müharibə edən ölkələr arasında özgə ərazisi işğal edilərkən yerli əhaliyə bu barədə xəbərdarlıq verilir. Burada isə öz xalqına xəyanət edilmiş, suveren respublikanın bütün hüquqları tapdalanmışdır. Nəticədə 121 nəfər öldürülmüş, 700 nəfər yaralanmış, 12 nəfər itkin düşmüşdür..." Bu, Lalə-Şövkət Hacıyevanın əsgər anaları forumundakı çıxışının qısa mətnidir. Lalə-Şövkət xanım yanvar hadisələrinin əsl günahkarlarının beynəlxalq məhkəmənin müttəhimlər kürsüsündə oturmağa layiq olduğunu əsgər analarının bu böyük məclisində bir daha təkrar edib. Mən gözəl həkim, tanınmış alim, bacarıqlı cərrah olan Lalə-Şövkət Hacıyevanın ancaq siyasi fəaliyyətindən söz açdım. Çünki ona həyatı barədə sual verəndə o, sənə Azərbaycandan danışır. Narahatlığını soruşanda sərhədlərimizdən danışır. Ziyarət yerini soruşduqda "Şəhidlər" xiyabanını gözləri yaşara-yaşara dilinə gətirir. Gələcəyi barədə sual verəndə gözlərini aylı-ulduzlu üç rəngli bayrağımıza dikib hamımızın həsrətlə gözlədiyimiz, bütün arzularımızın əvvəli və əzəli olan Azərbaycanın suverenliyindən, azadlığından danışır. Onun bu nəhayətsiz arzularına, bir insan ömründə qazanılması ağlasığmaz olan dünyagörüşünə, savadına, çox kişilərimizdə arzu edilən qeyrətinə, cəsarətinə, hökmünə baxanda düşünürsən, vətən daşı Lalə-Şövkət Hacıyeva kimi şəxsiyyətlərdir, onlar vətənin ağır günündə öz həyatlarını sipərə, qalaya, istehkama çevirməyi bacaran vətəndaşlardır. Elmira Əmrahqızı |
21.01.2010 |