| "AZADLIQ" BLOKU GƏNCLƏRƏ QARŞI POLİS ZORAKILIĞINI PİSLƏDİ |
|
Neft Akademiyası qarşısında dünən anım mərasimi keçirmək istəyən gənclərə qarşı polis zorakılıq edib. Dinc aksiyanın qarşısı kobudluqla alınıb. Bununla bağlı "Azadlıq" Bloku etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: "Aprelin 30-da Azərbaycan Neft Akademiyasının qarşısına toplaşmış tələbə və gənclər 2009-cu ildə bu təhsil ocağında baş vermiş qanlı terror hadisəsinin ildönümü ilə bağlı anım mərasimi keçirməyə çalışıblar. Aksiyaya toplanan gənclər terror qurbanlarının xatirəsini yad etmək üçün ali məktəbin qarşısına gül dəstələri qoyub, terror qurbanlarının xatirəsini yad etmək, terrora etirazlarını bildirmək istəsələr də, ərazidəki polisin təzyiqinə məruz qalıblar. Gəncləri aksiyanın keçirildiyi ərazidən uzaqlaşmağa məcbur edən polis əməkdaşları onları kütləvi şəkildə saxlayaraq müxtəlif polis məntəqələrinə aparıblar. Heç bir siyasi tələblə çıxış etməyən, yalnız terror qurbanlarının xatirəsini yad etmək üçün toplaşmış gənclərin bu şəkildə dağıdılması Azərbaycan iqtidarı adına utancverici bir hadisədir. Normal məntiqlə terror qurbanlarının xatirəsini yad etmək hakimiyyətin vəzifəsi olduğu halda tələbələrin aksiyasının dağıdılması onu göstərir ki, Azərbaycan iqtidarı heç bir mənəvi dəyər gözləmədən insanların hüznlərini ifadə etmələrini belə yasaqlamağa çalışır. "Azadlıq" Bloku bildirir ki, bu olay hakimiyyətin antiinsani xarakterini göstərməklə yanaşı, həm də onun insanların bir yerə toplanmalarından da nə qədər təşvişə düşdüyünü göstərməkdədir. Cəmiyyətdə narazılığın getdikcə daha geniş miqyas alması və beynəlxalq ictimai rəydə hakimiyyətin avtoritar mahiyyətinə etirazların artması iqtidarda aqoniya yaradaraq, ən kiçik miqyasda belə insanların bir araya gəlməsindən və vətəndaş fəallığından qorxmasına səbəb olur. "Azadlıq" Bloku ADNA-dakı terror qurbanlarının xatirəsini yad etmək üçün toplaşmış gənclərə qarşı polis zorakılığını, gənclərin saxlanılmasını qətiyyətlə pisləyir, parlament seçkisi ərəfəsində hakimiyyəti bu cür cılız və isterik addımlar atmaqdan çəkinməyə çağırır. "Azadlıq" Bloku bəyan edir ki, terror qurbanlarının xatirəsinə ehtiram göstərmək əvəzinə, iqtidarın onların xatirəsinin anılmasına belə imkan vermək istəməməsi cəmiyyətdə ona qarşı etirazları daha da artırır, eyni zamanda mənəvi baxımdan bu rejimin çürüdüyünü göstərir. "Azadlıq" Bloku terror qurbanlarının xatirəsini yad etmək istəyən gənclərlə həmrəy olduğunu bildirir, insanlığın fəlakəti sayılan terrorçuluğu pisləyir və ona etiraz səsini qaldıran gənclərə qarşı törədilən utancverici zorakılığa görə hakimiyyəti qınayır". |
1.05.2010 |