AZADLIQ BLOKUNUN BƏYANATI
"Azadlıq" bloku Aran zonasında baş verən təbii fəlakətlə bağlı bəyanat yayıb. Blokun bəyanatında deyilir ki, Kür çayında daşqınlardan əvvəl təbii fəlakətin olacağı barədə həyəcan dolu xəbərlər gəlsə də, hakimiyyət bütün bunlara məhəl qoymayaraq dövlətin milyonlarını havaya sovurmaqla gül bayramına hazırlıq görürdü. Nəticə isə ortadadır. Daha sonra bəyanatda deyilir: "Azadlıq" bloku bildirir ki Kürün daşması özlüyündə təbi fəlakət sayılsa da, dövlət orqanlarının vaxtında qabaqlayıcı tədbirlər görməsi ilə bu fəlakətin qarşısı alına bilərdi. Kür çayının daşması birdən-birə baş verməyib və bu hadisədən öncə çayda suyun səviyyəsinin artması ilə bağlı məlumatlar gəlirdi. Lakin hökumətin zəruri tədbirlər görməməsi faciənin miqyasının böyüməsinə səbəb olub.

Sel daşqınlarının qarşısını almaq üçün ən zəruri işlərdən biri kimi çayın deltasının təmizlənməməsinə görə məsuliyyəti hakimiyyət orqanları daşıyır.

Digər bir tərəfdən isə Azərbaycan iqtidarının korrupsiyaya qurşanması faktı da bu faciənin baş verməsinə yol açan səbəblər sırasındadır. Əvvəllər Kürdə suyun səviyyəsinin artdığı dövrlərdə Mingəçevir su anbarında suyun səviyyəsi aşağı həddə saxlanılaraq, Kürün səviyyəsi tənzimlənirdi. Enerji istehsalına sərf olunan mazut üçün ayrılmış milyonlarla vəsait mənimsənildiyindən, mazut sərfiyyatı nəticəsində əldə olunmalı olan enerji su anbarında suyun səviyyəsini yuxarı həddə saxlamaqla istehsal olunub. Nəticədə hakimiyyətin bu korrupsiya əməli 10 minlərlə insanın faciəsinə yol açıb.

Kürün daşması təhlükəsinə qarşı sahil boyu bəndlərin yoxlanılmaması və bəndvurma işlərinin aparılmaması təbii fəlakətin qurbanı olmuş əhalini bugünkü ağır vəziyyətə salıb. Bütün bunlarla yanaşı dövlət başçısı və müvafiq nazirliklərin rəhbərlərinin fəlakət bölgəsinə səfərləri faciə ilə üz-üzə qalmış insanların mövcud vəziyyətdən çıxışı istiqamətində hər hansı fəaliyyətlə müşahidə olunmur.

Fəlakət bölgəsindən alınmış məlumatlara görə, daşqınlar olan ərazilərindən insanların köçməsi üçün dövlət tərəfindən minimum yardımlar belə göstərilmir. Evlərini, təsərrüfatlarını itirmiş insanların yaşayış yeri, ərzaq, geyim və digər zəruri təminatları istiqamətində dövlət tərəfindən heç bir ciddi işlər görülmür.

"Azadlıq" bloku bəyan edir ki, Azərbaycan vətəndaşları növbəti dəfə hakimiyyət tərəfindən təbii fəlakət qarşısında sahibsiz və müdafiəsiz buraxılmaqla aciz duruma salınıblar.

"Azadlıq" bloku Kür çayının daşması ilə bağlı əhaliyə dəymiş maddi və mənəvi zərərə görə bu təbii fəlakətə qarşı vaxtında mümkün olan tədbirləri görməli olan hakimiyyətin məsuliyyət daşıdığını bildirir və hakimiyyət orqanlarından bütün resursları fəlakətin nəticələrini aradan qaldırmaq istiqamətində səfərbər etməyi tələb edir".

13.05.2010