| AZADLIQ BLOKUNUN İCAZƏSİZ AKSİYASI |
|
Azadlıq Bloku Nərimanov kinoteatrının qarşısında aksiya keçirməyə cəhd ediblər. Aksiya saat 15.00-a təyin olunsa da, polis əvvəlcədən ərazini nəzarətə götürüb. Saat 14.50 radələrində bir qrup aksiya iştirakçısı "İstefa!", "Azadlıq!", "Azad seçki!" şüarları səsləndirərək yürüş ediblər. Lakin polis aksiyaya müdaxilə edərək şüar səsləndirənləri saxlayıb. Polis dəyənəklərdən istifadə edib, mitinqçilərdən bir neçəsinə xəsarət yetirib. Hətta qadınlara qarşı da kobud polis zorakılığı olub, polislər onları hadisə yerindən sürüyərək uzaqlaşdırıblar. Toqquşmalar zamanı 100-dən çox saxlanılan olub. Onlardan bir çoxu ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılıblar. 30 nəfərə yaxın mitinqçi isə polis bölmələrinə aparılıb. Saxlanılanlar arasında Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, ALP Suraxanı rayon təşkilatının sədr müavini Baharçin Haşımov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı da var. Qeyd edək ki, Əvəz Temirxan polis bölməsində xəbərdarlıq alandan sonra buraxılıb, Baharçin Həşimov isə məhkəmənin qərarı ilə 7 sutka həbs cəzası alıb. |
15.05.2010 |