MÖVQE
"Azadlıq" blokunu kimlər və nə üçün parçalamaq istəyir?
Əvəz Temirxan: "Bəzi müxalifət qüvvələrinin dağıdıcı fəaliyyəti ruh düşkünlüyü yaradır".

"Azadlıq" bloku bu həftə də digər müxalifət partiyaları ilə seçkidə əməkdaşlığın forması ilə bağlı məsləhətləşmələri davam etdirəcək.

Bu barədə Milli.Az xəbər portalına blokun üzvü, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan məlumat verib.

Onun sözlərinə görə, "Azadlıq" bloku növbəti kütləvi aksiyanın keçirilməsi ilə bağlı hələ qərar verməyib. "Hazırda hadisələrin qiymətləndirilməsi aparılır" - deyə o, əlavə etdi.

Son günlər bir çox müxalifət KİV-ində "Azadlıq" blokunda təmsil olunan partiya rəhbərlərinə qarşı aparılan kampaniyaya da toxunan Ə.Temirxan bildirdi ki, bu qüvvələr dağıdıcılıq məqsədi güdür: "Bu kampaniya "Azadlıq" blokunun zəiflədilməsi, parçalanması, sıradan çıxarılması məqsədi güdən qüvvələr tərəfindən aparılır. Nəinki bizim sıravi üzvlərimiz, tərəfdarlarımız, seçicilərimiz, hətta müxalifətin bölgələrdəki deputatlığa namizədləri arasında da bəzi müxalifət qüvvələrinin müxalifətdaxili dağıdıcı fəaliyyəti ruh düşkünlüyü yaradır" - deyə Ə.Temirxan qeyd etdi.

ALP sədr əvəzi onu da vurğuladı ki, "Azadlıq" bloku bu qüvvələrin məqsədi barədə çoxdan məlumatlıdır. "Blokumuzun varlığı bir çox müxalifət qüvvələrində qıcıq yaradır. Ona görə də onların dağıdıcı fəaliyyətinə təmkinlə yanaşmışıq və yanaşmaqda davam edirik" - Ə.Temirxan əlavə etdi.

Aydın A.
Milli.Az

24.05.2010