"AZADLIQ" BLOKU İSRAİLİN HÜCUMUNU PİSLƏDİ
"Mülki şəxslərə qarşı bu hərəkətləri pisləyir, baş verənləri İsrail silahlı qüvvələrinin beynəlxalq hüququ pozması kimi dəyərləndiririk"

"Azadlıq" bloku İsrailin Türkiyədən Qəzaya yola çıxan humanitar yük gəmilərinə silahlı hücumla bağlı etiraz bəyanatı verib.

Bəyanatda İsrail ordusunun gəmilərə hücumu zamanı baş vermiş insan tələfatına görə Türkiyə xalqına başsağlığı verilir və İsrailin hərəkəti pislənilir.

"Qəzaya humanitar yardım aparan Türkiyə gəmiləri İsrail silahlı qüvvələrinin hücumuna məruz qalıb. İlkin məlumatlara görə, azı 10 nəfər türk vətəndaşı öldürülüb, 30-dan artıq insan yaralanıb. "Azadlıq" bloku ilk növbədə insan tələfatı ilə bağlı Türkiyə hökumətinə və xalqına başsağlığı verir, yaralı türk vətəndaşlarının həyatının xilası üçün zəruri addımların atılmasını tələb edir. "Azadlıq" bloku mülki şəxslərə qarşı bu hərəkətləri pisləyir, baş verənləri İsrail silahlı qüvvələrinin beynəlxalq hüququ pozması kimi dəyərləndirir. "Azadlıq" bloku qardaş Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmasını, konfliktin daha da böyüməsinin qarşısının alınmasını zəruri sayır", - deyə bəyanatda bildirilir.

31.05.2010