AZADLIQ SİYASİ BLOKUNUN BƏYANATI
"Azadlıq" bloku Qarabağ münaqişəsinin həlli yolunda İlham Əliyevin tutduğu mövqedən narahatlıq ifadə edərək, bəyanat verib. Bəyanatı olduğu kimi sizə təqdim edirik:

Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT Minsk Qrupu çərçivəsində aparılan müzakirələr Azərbaycanın milli maraqlarını və ərazi bütövlüyünü təhlükə altına alan bir mərhələyə qədəm qoyub. Azərbaycan rəhbərliyinin yenilənmiş Madrid Prinsiplərini qəbul etməsi nəticəsində münaqişənin həlli variantı kimi, Dağlıq Qarabağın hüquqi statusunun həmin ərazidə keçiriləcək rəy sorğusu yolu ilə müəyyən olunacağına razılıq verilib. Uzun müddətdir ki, "Azadlıq" bloku Qarabağla bağlı aparılan danışıqlarda ölkə rəhbərliyinin təslimçi mövqedən çıxış etməsi, hakimiyyət maraqlarını qorumaq naminə Qarabağın verilməsi şərtini qəbul etdiyi barədə Azərbaycan cəmiyyətini həyəcanla xəbərdar edirdi. Lakin hər dəfə hakimiyyət bu xəbərdarlıqları təkzib edərək cəmiyyəti "lazım gələcəyi təqdirdə hərbi əməliyyatlarla torpaqlarımızı azad edəcəyik" kimi yalan bəyanatlarla arxayınlıq yaratmağa çalışıb. ATƏT Minsk qrupu həmsədri olan dövlət başçılarının imzaladıqları son bəyannamədə faktiki olaraq Azərbaycan üçün əsas olan prinsiplərdən birindən - beynəlxalq hüququn ərazi toxunulmazlığı prinsipindən imtina olunaraq, münaqişənin yalnız millətlərin öz müqəddəratını təyin etməsi prinsipi əsasında həlli variant təklif olunub. Qarabağın hüquqi statusunun bu ərazidə keçiriləcək rəy sorğusu yolu ilə müəyyənləşdirilməli olduğu fikirləri irəli sürülüb. Yalnız bundan sonra dövlət başçısı İlham Əliyev Qarabağın Azərbaycanlı icması ilə görüşdə Azərbaycanın qəbul etdiyi Madrid prinsipləri haqqında tam olmayan məlumat verib. işğal olunmuş 5 rayonun qaytarılacağı, Laçın və Kəlbəcərin isə 5 ildən sonra boşaldılacağı ilə bağlı açıqlama verərək bu bəyannamə ilə razılaşdığını bildirsə də Qarabağın hüquqi statusunun necə müəyyən olunacağı ilə bağlı susmağa üstünlük verib. Sonradan məlum olub ki, Azərbaycan hökumətinin Qarabağı təslim etmək planlarını xalqa çatdırmaq vəzifəsi nazir Elmar Məmmədyarova həvalə olunub. Dövlət başçısının bu çıxışından sonra Xarici işlər Naziri Elmar Məmmədyarov açıqlama verərək Qarabağın hüquqi statusunun həmin ərazidə keçiriləcək rəy sorğusu yolu ilə müəyyənləşdiriləcəyinə razılıq verildiyin rəsmi şəkildə təsdiqlədi. Bir daha təsdiqlənir ki, İlham Əliyev bu günədək verdiyi bəyanatların əksinə olaraq Azərbaycan xalqından gizli olaraq əslində danışıqlar prosesində ölkə konstitusiyasına zidd olaraq Qarabağın hüquqi statusunun referendum yolu ilə müəyyən edilməsinin müzakirəsi ilə məşğul imiş.

"Azadlıq" bloku bildirir ki, Dağlıq Qarabağda əhalinin münaqişədən əvvəlki etnik tərkibinə dair rəsmi statistikada yerli azərbaycanlı əhalinin 25-30% təşkil etməsi faktını nəzərə alsaq Qarabağın hüquqi statusunun rəy sorğusu yolu ilə müəyyən olunmasına razılıq verilməsi əslində Qarabağın itirilməsi deməkdir. Digər tərəfdən ölkənin hər hansı ərazi vahidində istər referendum, istərsə də rəy sorğusunun keçirilməsi yolu ilə sərhədlərin dəyişdirilməsi Azərbaycan Konstitusiyasına ziddir və belə bir təklifin ümumiyyətlə müzakirəsi ölkə Konstitusiyasına görə yol verilməzdir. Lakin aydın görünür ki, İlham Əliyev iqtidarı milli maraqlarımızı və konstitusiyamızı ayaq altına ataraq, Qarabağı işğalçı Ermənistana təhvil verməyə hazırlaşır.

Bu gün dünyanın bir çox bölgələrində bənzər etnik və ərazi münaqişələri olsa da, orada işğalçı tərəfin lehinə olaraq işğala məruz qalmış tərəfə ərazisinin statusunun referendum yolu ilə müəyyən olunması kimi, nəticəsi əvvəlcədən bəlli təslimçi həll mexanizmi təklif olunmur. "Azadlıq" bloku beynəlxalq birliyi qeyri demokratikliyi üzündən Qarabağ danışıqlarında zəif tərəfə çevrilmiş avtoritar Azərbaycan iqtidarına təzyiq göstərərək onu təslimçiliyə razılaşdırmaqdan çəkinməyə çağırır. "Azadlıq" bloku bəyan edir ki, Azərbaycan xalqını deyil bir qrup oliqarxın mənafelərini təmsil edən İlham Əliyev hakimiyyət maraqlarını qorumaq naminə Qarabağla bağlı təslimçi sülhə razılaşması münaqişənin uzunmüddətli həllinə səbəb ola bilməz və Azərbaycan xalqı bu təslimçilik aktını heç zaman qəbul etməyəcək.

"Azadlıq" bloku Azərbaycan iqtidarına müraciət edərək təslimçi şərtlərlə razılaşmamağa, Qarabağın düşmənə verilməsi kimi tarixi xəyanətə imza atmamağa çağırır və bildirir ki, belə bir milli xəyanətə görə gələcək nəsillər bu işə razılıq verənləri lənətləyəcəklər.

"Azadlıq" bloku Azərbaycan xalqına müraciət edərək, İlham Əliyev hakimiyyətinin tarixi torpaqlarımız olan Qarabağı Erməni işğalçılarına vermək planlarına qarşı səfərbər olunmağa, milli və vətəndaş hüquqları uğrunda mübarizədə fəal iştirak etməyə çağırır. "Azadlıq" bloku bildirir ki. milli bütövlüyümüzü və ərazi toxunulmazlığı təhdid edən, Qarabağı düşmənə təhvil verməyə yönəlmiş xəyanət planlarının qarşısını yalnız xalqımızın iradəsi və meydanlardakı etirazları durdura bilər.

10.07.2010