MÖVQE
Lalə Şövkət: "Əli Kərimliyə bildirmişəm ki, siz Müsavatla birləşsəniz, "Azadlıq" blokuna xitam veriləcək"
(Bakı. Elnur Məmmədli, APA). "Azadlıq" blokuna daxil olan Liberal və Vətəndaş və İnkişaf partiyalarının rəhbərləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Müsavatla seçki bloku yaratmaq qərarına münasibətlərini açıqlayıblar. APA-ya açıqlamasında ALP lideri Lalə Şövkət bildirib ki, AXCP-nin Müsavatla əməkdaşlıq barədə qərar qəbul edəcəyini onlar çoxdan gözləyirdilər. Bu qərardan çox şad olduğunu deyən Lalə Şövkət bunu nəhayət ki, məsələnin öz həllini tapması ilə izah edib. Onun sözlərinə görə, ilin əvvəlində birmənalı olaraq bildirib ki, heç kim düşünməsin ki, AXCP-Müsavat birliyinə onlar tərəfindən hər hansı maneçilik var: "Belə bir birliyin olacağı halda avtomatik olaraq "Azadlıq" blokuna xitam veriləcəyini bildirmişdim. Əli Kərimliyə də dəfələrlə bildirmişəm ki, ALP heç vaxt Müsavatla birliyə gedə bilməz, ona görə ki, Müsavat bütün körpüləri yandırıb. Buna görə də Əli bəyə təklif etdim ki, bu məsələni özü müəyyənləşdirsin. Mart ayının 11-də blokun yığıncağında qeyd etdim ki, mən mətbuata müsahibə verəndə hər sözümü bir neçə yerə yozurlar. Sizə mane olmamaq üçün hətta siz seçiminizi edənədək fasilə götürürəm. Yəni bir saniyə də olsun AXCP-Müsavat birliyinə mane olmamışam. Onlar indi belə bir qərar qəbul ediblərsə, biz neçə ay davam edən qeyri-müəyyənliyə son qoyulduğuna görə şadıq. AXCP seçimini və qərarını qəbul edib. Mən onların birləşməsi üçün bir böyük kimi imkan yaratdım. Ən əsas məsələ odur ki, son bir ildə AXCP funksionerləri və partiyaya yaxın qəzetin əməkdaşları məhz AXCP-Müsavat birliyinin tərəfdarı kimi çıxış edirdilər. Gördüm ki, həqiqətən də cəbhəçilər Müsavatla birləşmək istəyirlər. Mən özüm də Əli bəyə demişəm ki, cəbhəçilərin marağını nəzərə alaraq AXCP-Müsavat birliyi barədə qərar qəbul etsin".

Ötən müddət ərzində Ə. Kərimlinin Müsavat Partiyası ilə "Azadlıq" blokunun bütöv şəkildə əməkdaşlıq etmək imkanları barədə səsləndirdiyi fikirlərə gəldikdə, Lalə Şövkət bunun mümkünsüz olduğunu qeyd edib: "Bəli, Əli Kərimli bunu təklif edirdi. Amma mən də başa çaldım ki, bu mümkün deyil. Ona bildirmişdim ki, siz Müsavatla birləşsəniz, "Azadlıq" blokuna xitam veriləcək. Əgər indi AXCP ilə Müsavat arasında belə blok yaranırsa, avtomatik olaraq "Azadlıq" blokuna xitam verilir. Bloku iki partiyanın davam etdirməsi mümkün deyil. Yeni bir konfiqurasiyanın-yaranıb yaranmayacağını zaman göstərəcək. AXCP-nin belə bir qərar qəbul etməsinə baxmayaraq, biz onların ardınca danışmayacağıq. Bizim münasibətlərimiz elə səviyyədədir ki, istəməzdim bundan sonra pozulsun. İnsanlar ayrılanda gərək alicənab ayrılsın. Bu da çox mədəni, alicənab bir ayrılıqdır. Mən onların arxasınca danışmayacağam".

Əli Əliyev: "Azadlıq" blokunun fəaliyyətinə faktiki olaraq xitam verilib, bundan sonrakı mərhələdə AXCP ilə siyasi əlaqələrimiz davam edə bilməz"

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə həmkarından fərqli olaraq AXCP-nin qərarının gözlənilməz olduğunu qeyd edib: "Həmçinin bu qərarı mətbuatdan eşitməyimiz etik baxımdan doğru deyil. Ən azı bir həftə əvvəl qəbul olunan qərar bizə deyilməli idi. Bu, qeyri-etik münasibətdir. Bundan sonrakı mərhələdə AXCP ilə siyasi əlaqələrimiz davam edə bilməz. Bu günlərdə blokun fəaliyyətinə rəsmi olaraq xitam veriləcək". "Azadlıq" blokunun fəaliyyətinə faktiki olaraq xitam verildiyini bildirən Ə. Əliyev bildirib ki, bundan sonra ALP və VİP-in siyasi müttəfiqlik münasibətləri davam edəcək: "Seçkilərdə birgə iştirak etmək niyyətindəyik, yaxın günlərdə seçki blokunun yaranması ilə bağlı qərarımız cəmiyyətə açıqlanacaq. Müsavat Partiyasının 2005-dən sonra etdikləri və son dövrlər cəmiyyətdə müxalifət düşərgəsinə qarşı sərgilədiyi mövqe baxımından bəlli idi ki, biz Müsavatla əməkdaşlıq etməyəcəyik. 2005-ci ildə Müsavat Partiyası "Azadlıq" blokunun prinsiplərinə xəyanət etmişdi. Belə siyasi qüvvə ilə bir yerdə olmaq o vaxtkı məsuliyyəti bölüşmək və həmçinin növbəti məsuliyyətləri yaratmaq demək idi".

13.07.2010