Lalə Şövkətin vahid namizədlikdən imtina etməsinin sirri
2013-cü il prezident seçkilərinin ən intriqalı və maraqlı məsələlərindən biri də prezidentliyə potensial namizədlərdən biri, Liberal Partiyasının lideri Lalə Şövkətin tam sükutu idi. Lalə Şövkət onsuz da az danışan adamdır. Amma o, sözünü lazımi yerdə və lazımi məqamda deyə bilməsi ilə də seçilir.

Jurnalistlərin professor Lalə Şövkətdən ölkədəki ictimai-siyasi hadisələrə dair heç olmasa qısaca rəy öyrənmək üçün göstərdikləri çoxsaylı cəhdlər nəticəsiz qalırdı.

Seçkilər başa çatandan sonra əlimizə unikal və eksklüziv bir sənəd düşüb. Həmin sənəd Lalə Şövkətin mövqeyini xeyli dərəcədə aydınlaşdırmağa kömək edir. Bu məktub Lalə Şövkət tərəfindən seçkilərə düz 7 ay qalmış Kanadadakı Azərbaycan disporuna yazılan məktubdur.

Artıq qeyd etdiyimiz kimi, Rüstəm İbrahimbəyov bu ilin fevralında Milli Şuranın yaradılmasının vacibliyi barədə çağırışla çıxış edəndə onun bu müraciətinə ilk reaksiya Kanadadakı Azərbaycan diasporunun nümayəndələrindən gəlmişdi. Soydaşlarımızın yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan diasporunun nümayəndələri Kanadada Milli Şuranın yerli şöbəsini yaradıblar və onlar başda Rüstəm İbrahimbəyov olmaqla Ziyalılar Forumunun müxalifət qüvvələrinin geniş koalisiyasını yaratmaq təşəbbüslərini tam dəstəkləyirlər.

Qabaqcıl ziyalıların başda Rüstəm İbrahimbəyov olmaqla Ziyalılar Forumunda birləşməsi bizim cəmiyyətimizdə yeni hadisədir. Biz bunu çoxdan arzulayırdıq. Biz korrupsioner rejimin dəyişdirilməsi üçün bütün müxalif qüvvələrin vahid namizəd ətrafında birləşməsi ideyasını dəstəkləyirik. Həmin vahid namizəd müvəqqəti prezident olacaq, yeni, azad və ədalətli parlament və prezident seçkiləri keçirəcək, qanunun aliliyini təmin etməli olan yeni konstitusiyanı qəbul edəcək. Biz müvəqqəti prezident postuna Lalə Şövkətin namizədliyini təklif edirik. Biz onu öz vədlərini həmişə yerinə yetirən vicdanlı və ləyaqətli qadın kimi tanıyırıq. Lalə Şövkəti sükutu pozmağa və ictimai fəallıq göstərməyə çağırırıq - deyə Kanadadakı azərbaycanlıların bəyanatında bildirilirdi.

Azərbaycan diasporunun liderləri bu açıq müraciətlə yanaşı Lalə Şövkətin özünə də məktub yazmış və həmin məktubda ondan prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verməsini xahiş etmişdilər.

Biz bu gün Lalə Şövkətin Kanadadadkı azərbaycanlıların həmin müraciətinə yazdığı cavab məktubunu dərc etmək imkanı qazandıq. ALP lideri bu məktubu martın 9-da yazıb. O, həmin məktubunda bizim bütün seçki prosesi boyunca, habelə seçkilər ərəfəsində və səsvermə günü müşahidə etdiyimiz bütün hadisələri faktiki olaraq öncədən görüb və deyibmiş...

Virtualaz.org saytı həmin məktubu olduğu kimi təqdim edir:


***

Kanadadakı Azərbaycan diasporuna məktub

Əziz soydaşlarım!

İlk növbədə təşəbbüsünüzə və barəmdə xoş sözlərinizə görə sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Mənim susmağıma gəldikdə isə lazım olanı mən son 20 ildə artıq dəfələrlə söyləmişəm. Bəzən susmağın özü təkrarlanan eyni monoloqlardan daha mənalı olur. Bu gün ucadan danışanların çoxlarının fikirlərində siz heç bir yeni söz tapa bilməyəcəksiniz. Mən bunları dəfələrlə öz vaxtında demişəm. Daha çətin vaxtlarda. Və bunlara görə təqiblərə və təzyiqlərə məruz qalmışam.

Keçən il son müsahibələrimdə mən təkrarən demişdim, əfsuslar olsun ki, son 20 ildə müxalifət qüsurlu qapalı çərçivədən çıxa bilmir və öz səhvlərini təkrarlaya-təkrarlaya gedir. Avtoritar rejim hökm sürən yerdə cəmiyyəti və xalqı öz ətrafında birləşdirə, konsolidasiya edə bilməyən müxalifətin birliyi olmadan, nəyəsə nail olmaq mümkün deyil. Bu - aksiomdur.

Ayrı yollar da var: xarici dövlətlərin köməyi ilə çevrilişlər və ya inqilab. Son bu iki yolu mən qətiyyən qəbul etmirəm. Niyə?

Birincisi, bugünkü reallıqda, torpağımızın 20 faizi işğal altında olan zaman, "atəşkəs" vəziyyətində, yəni müharibə vəziyyətində olduğumuz vaxtda, hər an hərbi əməliyyatlar başlaya bilən bir zamanda Azərbaycanda hər hansı bir xaos bizim müstəqilliyimizə və dövlətçiliyimizə məhvedici zərbə vura bilər və faciəyə çevrilər. Bunlar isə mənim üçün hakimiyyətin dəyişməsindən qat-qat vacib olan məsələdir.

İkincisi, məlum olduğu kimi, "inqilabları ideoloqlar hazırlayır, fanatiklər həyata keçirir, ondan bəhrələnənlər isə əclaflar olur". Axırıncılar isə bizim siyasi arenamızda kifayət qədərdir.

Beləliklə, yeganə yol qalır - bütün demokratik qüvvələrin, müxalifət və cəmiyyətin konsolidasiyadan keçən yol. Ayrı yol sadəcə mövcud deyil. Bu, bir vurma cədvəli kimidir, şərhsizdir. Məhz buna görə mən son 20 ildə müxalifətin birləşməsinə dəfələrlə cəhd etdim və bu yöndə fəaliyyətim davamlı olub.

Düzdür, mən öz görüşlərimi və danışıqlarımı siyasətçilərimiz xoşlayan kimi nümayiş və reklam etmirdim, amma əlimdən gələni edirdim. Məşhur "Beşlər" 1998-ci ildə bu cür yaradıldı. Bundan sonra "SİDSUH", "DUH", "YeS", "Azadlıq", "Qarabağ Hərəkatı" və s. yaradıldı. Və hər dəfə istinasız olaraq daxili intriqalar, qarayaxmalar, çirkin kampaniyalar, birincilik uğrunda amansız savaş dağıdıcı rol oynayırdı. Hər dəfə siyasi liderlərlə görüşlərimdə mən təkrarən onlara izah edirdim ki, sizin intriqalarınız və bir-birinizə qarşı çirkli kampaniyalarınız nəticə etibarilə bütün müxalifəti gözdən salacaq, bəsdir!

Lakin təəssüf, hər şey əvvəlki kimi davam edirdi.

Açığını deyim. Bu birliklərdə iştirak etmək mənim üçün həmişə psixoloji cəhətdən çətin olub. Ona görə ki, sadəcə keyfiyyət meyarlarına görə orada olanların çoxları mənə əks təbiətli idilər.

Bununla bərabər qeyd etdiyim çirkin kampaniyaların çoxu məhz mənə qarşı yönəlirdi. Və hər dəfə daxilimdə eyni sual ortaya çıxırdı: niyə məhz mən? Mən heç vaxt heç kimə qarşı nəzakətsizliyə yol verməmişəm. Belə azğın nifrət haradandır? Məgər məndən belə qorxurlar?

Maraqlıdır ki, Heydər Əliyevin vaxtında, iqtidar mənə qarşı KİV-lərdə kütləvi kampaniyalar aparanda eyni zamanda paralel olaraq bəzi tanınmış müxalif KİV-ləri də mənə qarşı eyni kampaniya aparırdı. Belə ki mənim üçün asan deyildi, yumşaq desək, məni sağdan da, soldan da vururdular, həm də çox çirkli metodlarla.

Müxalifətin əksər hissəsinin içini təfərrüatı ilə bilərək,- və inanın mənə, o, olduqca görkəmsizdir,- mən müxalifətdə olduğuma görə onların çirkli kartlarını açmağa özümə heç vaxt rəva bilməmişəm. Bu, nə mənim yolum, nə də üsulumdur. Belə çirkin üsullar məni həmişə iyrəndirirdi və mən bu yolla heç vaxt gedə bilməzdim. Mənim üçün sarsılmaz mənəviyyat meyarları var!

Moizə oxumaq asandır, lakin ehkamlarla yaşamaq çox çətindir. Və mən bəzən heyrətlənirəm ki, bütün ehkamları pozan bəzi siyasətçilər millətə necə moizə oxuyurlar.

1993-cü ildən başlayaraq Azərbaycan televiziyasında çıxış edərək dəfələrlə və ardıcıllıqla söyləyirdim ki, mənim üçün əsas mənəviyyatdır, sonra siyasət. Mənəviyyatsız siyasət həmişə və hər yerdə cəmiyyətin mənəviyyatsızlığına gətirib çıxarır. Və harada mənəviyyat yoxdursa, orada hər şey mümkündür (Lütfən, Youtube-da 2003 prezident seçkisində mənim mənəviyyat və siyasət haqqında çıxışıma baxın).

Məhz buna görə biz bu gün yalan, riyakarlıq, ədəbsizlik, sinizm dəryasındayıq. Bunlar isə mənəvi dəyərlərin iflasına yol açdı. Burada da bir qapalı çərçivə yarandı: yalan - korrupsiya - oğurluq - cəzasızlıq - zorakılıq - kriminallaşma. Kriminallaşma və deqradasiya!

Şərəf, ləyaqət, dürüstlük və alicənablıq kimi anlayışlar siyasətdə nəinki zehniyyətə, hətta böyük qüsura çevriliblər. Və bu ancaq iqtidarın odioz fiqurlarına aid deyil, həm də müxalifətin bir qisminə aiddir.

Bu gün prezident seçkisində öz iştirakını bəyan edənlər yaxşı anlayırlar ki, nəticə olmayacaq. Lakin bəziləri buna iqtidarın legitimləşdirməsi üçün gedirlər, kifayət qədər təsirli dividentlər, həm nağd, həm növbəti parlament seçkilərində mandat şəklində alaraq, bəziləri isə buna qrantlara görə gedirlər.

Heç kim üçün sirr deyil ki, "kapitan Qrant uşaqları" bütün gün əlçatan KİV-lərdə görünməlidir. Ona görə ki, onları qrantları fəaliyyət monitorinqindən asılıdır. Gördüyünüz kimi, hər şey çox asan və primitivdir. Topsuz tennis oyunudur.

Və bütün bunları təfərrüatı ilə biləndən sonra hər şeydən iyrənirsən. Mən nə bu yalanda, nə də seçki adı altında bu tamaşada iştirak etmək istəmirəm.

Deyin görüm, 2008-ci ildən nə dəyişib? O il bütün müxalifət, o cümlədən mən boykota getdik. Və bunun səbəbi seçki prosesinin iqtidarın monopoliyasında olmağı, seçki qanunu və iqtidar tərəfindən formalaşmış seçki komissiyaları ilə hər hansı bir normal seçkinin keçirilməsinin mümkünsüzlüyü idi.

O vaxtdan nə dəyişdi?

Növbəti illərdə seçki qanuna daha da mürtəce dəyişikliklər qəbul olundu və proses daha da müşkül vəziyyətə düşdü. Müxalifət isə bunlara qarşı birlikdə mübarizə aparmaq əvəzinə daxili intriqalarını davam edirdi.

İndi isə birləşmək istəyirlər. Gec deyilmi, cənablar!Artıq 4 ili itirmişik. Qatar artıq gedib.

Məni tez-tez qınayırlar ki, mən praqmatik deyiləm, mən Don Kixotam, dövlət katibi postundan istefa verdiyimə görə, BMT-yə Azərbaycanın səfiri postundan, millət vəkili mandatımdan imtinama görə qınayırlar və s.

Məni qınayırlar ki, mənim dürüstlüyüm mənim ən böyük qüsurumdur və buna görə partiyamın fəaliyyət üçün nə maliyyə resursu var, nə qəzeti, nə saytı, nə də ofisi.

Əvvələn, mənim istefalarım korrupsiyaya qarşı etirazım idi.

İkincisi, praqmatik olmaq, yəni maraqların prinsiplərin üzərində prioriteti dövlət maraqlarından söhbət gedəndə münasibdir, şəxsi maraqlardan söhbət gedəndə yox.

Mən belə praqmatik olmamışam və olmaq da istəmirəm. Prinsiplərimə görə hər şeyi, bütün şəxsi maraqlarımı qurban verdim. Azərbaycanda məhz prinsiplərinə görə mənim qədər qurban verən siyasətçini görmürəm.

Lakin heç nədən peşman deyiləm. Bunlar hamısı dəyərlər naminə idi. Dəyərlər olmayan yerdə heç bir millətin inkişafı mümkün deyil.

Bunların hamısına rəğmən mən ümidliyəm ki, ölkəmiz nəhayət normal və sivil ölkələr arasında olacaq. Görünür, bütövlükdə cəmiyyət bunun üçün yetkinləşməli və buna nail olmalıdır.

Hötenin bir sözü mənim üçün ibrətamizdir: "Şər üstün gəlir, lakin xeyir qələbə çalır".

Mən bu ümidlə yaşayıram.

Bu gün siz Kanadada mühacirətdəsiniz. Bu, çətindir. Lakin mən də öz vətənimdə daxili mühacirətdəyəm. İnanın, böyük fərq yoxdur.

Hörmətlə,

Lalə Şövkət

Bakı, 9 mart, 2013-cü il

16.10.2013