ALP-NİN MİLLİ ŞURADAKI NÜMAYƏNDƏLƏRİNİN BƏYANATI
Biz 20 ildir birləşə bilməyən Azərbaycan müxalifətinin, demokratik düşüncəli ziyalıların, ictimai xadimlərin, inanclı insanların, KİV nümayəndələrinin və gənclərin prezident seçkisi ilində köklü demokratik islahatlar, dəyişikliklər naminə bir araya gəlməsi zərurətini dərk edərək, bu qüvvələrin səmimi əməkdaşlığına ümid edərək, Demokratik Qüvvələrin Milli Şurasında birləşməsini alqışladıq və onun yaranması, daxili təşkilatlanması, güclənməsi, səmərəli fəaliyyəti üçün lazım olan bütün güzəştlərə getdik və əlimizdən gələni etdik.

"Milli Şura seçicilər təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası prezidentliyinə Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsində, təşkilati işlərin görülməsində, MSK-da və məhkəmələrdə onun namizədliyinin axıradək müdafiə edilməsində prinsipial və ardıcıl olduq. Süni maneələr yaradılaraq, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov seçkilərə buraxılmadıqda ALP öz namizədi ilə seçkilərdə iştirak etməyəcəyini və iddialı partiya rəhbərlərinin öz aralarında ümumi razılığı ilə onlardan birinin vahid namizədlyinin irəli sürülməsi təkilifini verdik və o namizədi dəstəkləyəcəyimizi bəyan etdik.

Təəssüf ki, Müsavat başqanı İsa Qəmbər bu təklifin müzakirəsindən imtina etdi. Daha sonra vahid namizədin siyasi liderlər və ya ziyalılar arasından Milli Şurada reytinq səsverməsi ilə müəyyənləşməsini və ona da axıra kimi dəstək verəcəyimizi bəyan etdik. Lakin, yenə də İsa Qəmbər bununla razılaşmadı. Biz Milli Şurada yaranmış bu böhran vəziyyətində professor Cəmil Həsənlinin prezidentliyə vahid namizədliyini məqbul saydıq, onu dəstəklədik və təbliğ etdik. Bütün bunlarla bərabər Milli Şuranın yarandığı gündən bir siyasi pariya daxilindəki qrup Milli Şurada ayrı-seçkilik, təfriqə, mənasız və məntiqsiz çəkişmələr, düşmənçilik yaratdığını qeyd etməliyik.

Bu qrup fürsət düşdükdə hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyova qarşı "qara təbliğat aparmış və bu əməlini indi də davam etdirməkdədir. Məhz bu qrupun dağıdıcı mövqeyi Milli Şuranın daxili təşkilatlanmasına əhəmiyyətli dərəcədə mane olmuş, onun yerli şöbələrinin və operativ kollegial idarəetmə orqanının yaranmasına imkan verməmişdir. Bunların öz texniki bazasından sui-istifadə etməsi, Milli Şuranın fəaliyyətini inhisara almaq cəhdləri, bəzi hallarda hətta şantaja keçməsi Milli Şuranın qərarlarına xeyli mənfi təsir etmiş, az qala onu öz girovuna çevirmişdir. Bu əməllər Milli Şuranın bir çox üzvlərinin prezidentliyə namizəd Cəmil Həsənlinin seçki kampaniyasından təcridinə gətirmiş və onun daha uğurlu aparılmasına mane olmuşlar.

Biz bütün bunların Milli Şuranın " vahid komanda fəlsəfəsinə zidd olduğunu nəzərə alaraq, bu dağıdıcı qrupun yaratdığı, Milli Şuranınin nüfuzuna xələl gətirən daxili didişmələrin və düşmənçiliyin iştirakçısı olmağımızı yolverilməz sayaraq, onun sıralarını tərk etdiyimizi bəyan edirik. Bununla bərabər Milli Şura tərkibindəki sağlam mövqeli qüvvələrə səmimi əməkdaşlığa görə təşəkkürümzü bildirir, Azərbaycan maraqları naminə onların mübarizəsini dəstəkləyəcəyimizi bəyan edir və onlara uğurlar diləyirik.

Eldar Muradov, Elman Məmmədzadə, Hacıağa Dadaşov, İlham Murtuzayev, İsmayıl Əliəsgərli, Tofiq Kərimov, Vaqif Seyidzadə, Xurşud Abasova

31.10.2013