LALƏ ŞÖVKƏT: "NELSON MANDELA XOŞBƏXT İNSAN İDİ"
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət Nelson Mandelanın vəfatı ilə bağlı düşüncələrini bölüşüb. Müxalifət lideri fikirlərini virtualaz.org saytının redaksiyasına göndərib.

ALP liderinin öz üzərinə xalqın xoşbəxtliyi və azadlığı uğrunda mübarizə missiyası götürmüş, həyatını yüksək ideallara həsr etmiş siyasətçi barədə manifest demək olan həmin qeydlərini təqdim edirik.

* * *

Dünya ictimaiyyətinə ağır itki üz verdi. Böyük insan, aparteid rejimi ilə dönməz mübariz, Nobel sülh mükafatı laureatı, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, bütün həyatını azadlıq və ədalət idealları uğrunda mübarizəyə həsr etmiş Nelson Mandela dünyasını dəyişdi.

Bu gün bütün bəşəriyyət sağlığında əfsanəyə çevrilən və dünya siyasətində mübahisəsiz əxlaq mücəssəməsi kimi qəbul edilən bu dünya liderinin vəfatından üzülür.

Mandela CAR-ın ilk qaradərili prezidenti olmazdan əvvəl aparteid rejimi ilə çox ağır mübarizə yolu keçmiş, həyatının 27 ilini həbsxana divarları arasında, dözülməz qeyri-insani şəraitdə keçirmişdi. Mandela həbsxana divarları arxasında bütün təzyiqlərə və görünməmiş qeyri-insani mühitə baxmayaraq sınmamış, insani ləyaqətini qoruyub saxlamış və öz ideallarını satmamışdı.

Sadə insanlar onu sevgi və nəvazişlə Madiba adlandırırdı. Mandela ölkəsinin prezidenti olandan sonra da öz xalqının əvvəlki əziz və sevimli Madibası olaraq qalmaqda davam edirdi. O, həmişə xalqın içində və xalqı ilə bir yerdə idi. Buna görə ona inanılmaz dərəcədə böyük ümumxalq məhəbbəti var idi.

Mənim arzum bütün insanların bir yerdə harmoniya, uzlaşma içində yaşayacağı və hamının bərabər imkanlara malik olacağı demokratik və azad cəmiyyətin yaranmasıdır. Mənim idealım belə cəmiyyətdir. Mən bu ideal naminə yaşayır və ona çatmağa can atıram. Əgər lazım gəlsə, mən bu ideal uğrunda ölməyə də hazıram - Mandela belə deyirdi.



Bizim həyatımız həmişə çağırışlardan - böyük və kiçik çağırışlardan ibarət olur. Yalnız nəhəng şəxsiyyətlər böyük çağırışlara cavab verə bilir və bununla tarixin gedişini dəyişirlər. Nelson Mandela bu böyük çağırışların birini qəbul etdi və qalib gəldi.

Bütün dünyada onu müti olmayan məğrur adam, demokratiyanın simvolu, bütün dövrlərin qəhrəmanı, öz ölkəsinin tarixinin gedişini, bununla da bütöv bir xalqın dünyagörüşünü, dünyaya baxışlarını dəyişə bilən əzəmətli şəxsiyyət adlandırırdılar.

Mandela fədakar mücahid idi, çünki yalnız fədakar insanlar nəhəng amallar naminə özündən, öz istək və maraqlarından imtina edir, həyatını həmin amallara uğrunda mübarizəyə sərf edir.

O, mətin insan idi. Çünki yalnız dəyanətli və mətin insanlar 27 illik həbsxana həyatını öz ləyaqətlərini itirmədən yaşaya bilərlər.

O, xeyirxah insan idi. Çünki yalnız xeyirxah adamlar özlərini gələcək naminə böyük amallar uğrunda qurban verə bilərlər.

O, öz prinsiplərinin və əxlaqi dəyərlərinin sərhədlərini aşmadan ləyaqətli həyat yaşamağa nail oldu ki, bu da siyasətdə çox nadir hadisədir.

Və Nelson Mandela bütün çətinliklərə və taleyin ona vurduğu zərbələrə baxmayaraq xoşbəxt həyat yaşadı, öz mübarizəsinin nəticəsini gördü. Nelson həm də ona görə xoşbəxt idi ki, özünü, öz həyatını uğrunda mübarizə apardığı ideallara tam şəkildə həsr eləyə bildi, şəxsi həyatını bu yolda qızırqanmadı.

Müasir tarixdə Mandelanın şəxsiyyətinin miqyası yalnız böyük Martin Lüter Kinq və Mahatma Qandi şəxsiyyətləri ilə müqayisə oluna bilər. Həm Kinq, həm də Qandi şəxsiyyətləri zülmətə bürünmüş siyasət ümmanında yüksək amallar, ən ali dəyər və ideallar uğrunda aparılan mübarizədəki yüksək mənəviyyat və dəyanət mayakları idi. Mandela da belə mayak idi. Doğrudan da belədir - tarix yoxdur, tərcümeyi-hallar var...

Sözümü böyük Hüqonun bu sözləri ilə bitirmək istəyirəm: Biz ölən adamlar üçün ağlaşır, ölməz insanları isə alqışlayırıq!

Bu kədərli gündə bütün bəşəriyyətə, şərəf və ləyaqət sözlərini quruca söz saymayan bütün insanlara başsağlığı vermək lazımdır. Uca Yaradandan Nelson Mandelanın ruhunun şad olmasını diləyirik!

6.12.2013