ALP-YƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR
Azərbaycan Liberal Partiyasına ağır itki üz vermişdir. Partiyanın sədr müavini Vaqif Kamal-Şərqi oğlu Seyidzadə fevralın 23-də qəflətən vəfat etmişdir.

Vaqif bəy 1948-ci ildə Bakıda anadan olmuş, şərəfli həyat yaşamışdır. O, Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirmiş, cavan yaşlarından uzun illər Yüngül Sənaye Nazirliyinin müxtəlif müəssisələrinə başçılıq etmiş, yüksək vəzifələrdə çalışmış, bacarıqlı rəhbər kimi tanınmışdır. Hər zaman sadə insanlara qayğı, mərhəmət onun başlıca həyat kredosu olmuşdur. Vaqif bəyin bu insanı keyfiyyətləri Qarabağ münaqişəsi başlandıqdan sonra özünü daha qabarıq büruzə vermişdir. O, qaçqın və məcburi köçkün soydaşlarımızın dərdini öz dərdi bilmiş, minlərlə ehtiyacı olan insanların ağır güzəranın yüngülləşdirilməsi üçün heç nəyini - ürək yanğısı dolu qayğısını, zamanını, əməyini, maddi imkanını əsirgəməmişdir.

Vaqif bəy uzun illər ALP-nin sədr müavini olaraq, ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiya, ədalət, qanunçuluq uğrunda Liberal Partiya və digər demokratik qüvvələrin ağır, gərgin, ardıcıl mübarizəsinə öz töhfəsini vermişdir.

Vaqif bəy onu tanıyan minlərlə insanın yaddaşında alicənab, mərd, ziyalı, etibarlı, xoşqəlbli, səmimi, sadə, mübariz, xeyirxah, dostluğa sadiq insan və güvənli silahdaş, övladcanlı ata kimi qalacaq və heç zaman unudulmayacaq.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

("Azadlıq" qəzeti, 24.02.2014)

24.02.2014