Əvəz Temirxan: "Müxalifətin birgə aksiyası daha effektli olardı"
"Bu gün Azərbaycan müxalifəti birgə aksiyalar keçirsəydi daha məntiqli və effektli olardı". Bunu Moderator.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, müxalifətin pərakəndə vəziyyətdə olması, bir-birinə olan inamsızlığı birgə aksiyaların keçrilməsini mümkün etmir.

Müxalifətin bir araya gəlməməsinin səbəbini hakimiyyətdə görən ALP sədri bildirdi ki, uzun müddət təzyiq altında qalmaq müxalifətin birliyinə mane olan əsas amillərdəndir:
"Ona görə də müxalifətin bir araya gəlməsi bir günü işi deyil. Bu baxımdan bu gün müxalifətin bir araya gəlməsi sıfıra bərabərdir."

ALP sədri hesab edir ki, avtoritar cəmiyyətdən demokratik cəmiyyətə keçmək o qədrər də asan proses deyil:
"Bu təkcə Azərbaycanın işi deyil, burada beynəlxalq qüvvələrin, regionda maraqlı olan dövlətlərin də dəstəyi lazımdır və bunun üçün də şərait yaranmalıdır."

ALP sədri onu da təəssüflə qeyd etdi ki, bu gün marağı olan böyük dövlətlərin də Azərbaycanda demokratiyaya keçidində və insan haqlarının qorunmasında maraqlı görünmürlər:
"Bu qüvvələr əksinə zəif cəmiyyət, zəif hakimiyyət prinsipinə əsaslanaraq Azərbaycanda demokratiya və insan haqlarından öz məqsədləri üçün təzyiq metodu kimi istifadə edirlər. Belə ki, bu şərait onların marağına uyğundur. Lazım olanda o güclər ölkədə demokratiya və insan haqlarını bəhanə edərək Azərbaycan hakimiyyətinə təzyiq edirlər. İstədiklərini əldə etdikdən sonra tamam başqa mövqe sərgiləyirlər. Necə deyərlər bu güclərin Azərbaycandakı insan haqları ilə bağlı hərəkətləri əslində insan haqlarının məhdudlaşdırılmasına yönəlib."

3.10.2014