MİLLİ BİRLİK HƏRƏKATI LALƏ ŞÖVKƏTİ TƏBRİK EDİR
7 noyabr böyük siyasi və dövlət xadimi, sabiq dövlət katibi, sabiq millət vəkili, Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, tibb elmləri doktoru, professor Lalə Şövkətin 65 illik yubileyidir.

Əzizimiz Lalə Şövkət xanım! Biz Sizi yubiley münasibəti ilə ürəkdən təbrik edirik! Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın inkişafı naminə mübarizənizdə yeni uğurlar arzu edirik.

Siz siyasi həyatınızda çox ilklərə imza atmışsınız.

Siz bir siyasi xadim kimi Azərbaycan siyasətində yüksək mənəviyyat, ləyaqət, əxlaq, konstruktiv və sivil mübarizə nümunəsisiniz. ALP və Milli Birlik Hərəkatını təsis edərək demokratiya, insan haqları, müstəqillik uğrunda mübarizə aparmışınız.

İlk xanım siyasətçi müxalif partiya lideri kimi Siz bütün seçkilərdə qalib gələrək xalqın böyük rəğbətini və etimadını qazanmışınız.

Siz bir nüfuzlu, vətənpərvər dövlət xadimi kimi dövlət vəzifəsində işləyərkən vətənimizin ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi, suverenliyi və xalqımızın rifahı naminə, nümunəvi prinsipial fəaliyyət göstərmişsiniz.

Neqativ hallara birmənalı barışmaz mövqe nümayiş etdirmişsiniz. Korrupsiyaya, rüşvətxorluğa, oğurluğa, talançılığa, yerlibazlığa, tayfabazlığa, məmur özbaşınalığına etiraz edərək, milli maraqları şəxsi maraqlardan üstün tutaraq könüllü olaraq ali dövlət vəzifələrindən imtina etmişsiniz. Yaltaqlar, namərdlər mandat, maddiyat, mükafat, vəzifə uğrunda mübarizə aparanda, Siz bu imtiyazlardan imtina edib millət uğrunda mücadiləyə qalxmışsınız.

Siz bir millət anası kimi, statusundan asılı olmayaraq hər bir şəxsin (istər sabiq dövlət rəhbəri olsun, ya siyasi məhbus, istər şahid ailəsi olsun, ya qaçqın, ya ziyalı, ya da işsiz), haqları tapdanmış insanların hüquq və azadlıqlarının müdafiəsinə, şəxsiyyətin şərəf və ləyaqətinə hörmət edilməsinə, qanunların aliliyinə, qanun qarşısında hamının bərabərliyinə çalışmışınız.

Millətimizin faciəli hadisələri zamanı (Qarabağ, 20 Yanvar, Xocalı, OMON) xalqımıza müraciət edərək onları vətəndaş müharibəsinə, qardaş qırğınına yol verməməyə, ərazilərimizi işğaldan azad etməyə, müstəqilliyimizi qorumaq naminə Milli Barışığa, Milli Birliyə çağırmışınız. Bir-birinə rəqib siyasətçiləri barışdırmışsınız.

Sizə qarşı aparılan şər böhtan, qərəzli, çirkli kampaniyalara, təhqirlərə, təzyiqlərə, təhdidlərə, sui-qəsdlərə baxmayaraq əqidənizdən dönməmişsiniz. Başqa siyasətçilər meydandan qaçıb gizlənərkən Siz öz əzəmətinizlə meydana atılaraq millət fədaisi kimi, mərdliklə millətimizin haqları uğrunda fədakarcasına mübarizə apararaq elan etmişsiniz ki, biz meydana kütlə kimi girib, millət kimi çıxmalıyıq. Heç bir qüvvə Sizi bu yoldan döndərə bilməmişdir.

Sizin amalınız bütün qüvvələri səfərbər edib Qürurlu Millət! Zəngin Dövlət! Bütöv Məmləkət! qurmaq üçün Milli Birliyə nail olmaqdır.
Hər kəsə qayğı göstərmişsiniz. Hətta Sizə qarşı düşmənçilik edənləri Milli Barış naminə bağışlamışınız.

Sizin mənalı ömrünüzün, yaşınızın bu müdrik çağında, zəngin biliyiniz və təcrübəniz Azərbaycançılıq ideologiyasının böyük ideya daşıyıcısı kimi səmərəli, gərgin, yaradıcı fəaliyyətiniz hər bir şəxsə nümunədir.

Bax budur Lalə Şövkət. Böyük Şəxsiyyət, Böyük Vətəndaş, Ləyaqət və Mübarizlik simvolu. Milli örnək. Millət anası. Sağ olun ki, varsınız.

Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Milli Birlik Hərəkatı və ALP üzvləri

7 Noyabr 2016-cı il

7.11.2016