VİP SƏDRİ ALP LİDERİNİ TƏBRİK ETDİ
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Liberal Partiyanın lideri xanım Lalə Şövkəti yubileyi münasibəti ilə təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:

Dəyərli Lalə xanım!

Sizi mənalı həyatınızın çox əlamətdar günü - 65 illik yubiliyeniz münasibəti ilə özümün və ailəmin, Vətəndaş və İnkişaf Partiyasının (VİP) üzvləri adından təbrik edirəm. Sizin yüksək intellektiniz, zəngin siyasi təcrübəniz, keçdiyiniz parlaq və nümunəvi siyasi yol istənilən siyasətçi üçün etalon ola bilər. Siyasi praktikamda Azərbaycanın top statuslu siyasətçilərinin mütləq əksəriyyəti ilə iş və təmas təcrübəsinə malik biri kimi məsuliyyətlə bildirirəm ki, Siz onların sırasında kübar, nəfsinə hakim, sözü bütöv, ləyaqətli Şəxsiyyət kimi xüsusi yerə maliksiniz. Xoşbəxtlikdən Sizin kimi Şəxsiyyətlər az da olsa, hələ var və keçdikləri həyat yolu ilə nümunəvi insan örnəyi yaradırlar. Sizin yorulmaz mübarizəniz və fəaliyyətiniz Azərbaycanda prinsipial və ardıcıl siyasətçi necə olmalıdır? sualının əyani cavabıdır. Müəlliflik hüququ Sizə məxsus olan Siyasətdə kişi və qadın yox, kişilik və nakişilik var ifadəsi Azərbaycan siyasətinin ən işlək aforizmlərindən biri olaraq, Sizin insani-siyasi portretinizi yüksək dəqiqliklə əks etdirir.

Məndən Sizi xəbər aldıqda, "Kişi adamdır!" deyirəm. Fikrimcə, bu ifadə Sizi ən çox səciyyələndirən söz birləşməsidir. Şahidi olmuşam ki, haqqınızda danışanlar da daha çox bu söz tandemindən istifadə edirlər. Azərbaycan mənəvi dəyərlər sisteminin zirvəsi olan bu qiyməti mətin davranışınızla əldə etmisiniz.

Yüksək mənəvi keyfiyyətlərə əsaslanan fəaliyyətiniz Sizə Azərbaycanın ən yeni tarixində xüsusi yer qazandırıb və inanıram ki, Lalə Şövkət siyasətdə hələ ki əsas sözünü deməyib.

Hörmətli Lalə xanım!

Sizi bir daha yubileyiniz münasibəti ilə səmimiyyətlə təbrik edirəm, Şəxsinizə uzun ömür, can sağlığı arzulayıram, həyat idealınız olan bütöv, qüdrətli, demokratik Azərbaycan quruculuğuna yönəlik mübarizənizdə uğurlar diləyirəm.

Hörmətlə,

Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri

7.11.2016