AXCP SƏDRİ LALƏ ŞÖVKƏTİ TƏBRİK ETDİ |
AXCP sədri Əli Kərimli ALP lideri Lalə Şövkəti ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: 2005-ci ilin noyabrın 26-da Qələbə meydanında mən oturaq mitinq qərarını elan edəndə nümayişçilər Daxili Qoşunlar və Çevik Polis Alayı tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı. Nümayişçilərə hücum hər an başlana bilərdi. Bir çox tədbirli adamlar artıq meydanı tərk edirdilər. Lalə Şövkət xanım isə heç bir tərəddüd etmədən mənimlə birlikdə düz meydanın ortasına gəldi. Sonrasını bilirsiniz, nəinki məni, hətta Lalə xanımı da minlərlə başqa dinc nümayişçilər kimi vəhşicəsinədöydülər. Amma bu döyülmə nə məni, nə də Lalə xanımı alçaltmadı. Biz məmnun idik ki, xalqımızla eyni taleyi paylaşmışdıq. Liberal Partiyasının lideri, professor Lalə Şövkət belə mərd, cəsur xanım siyasətçidir. Bu gün Lalə xanımın yubileyidir. Mən Lalə xanımı ürəkdən təbrik edirəm! Lalə xanım son illərdə siyasi proseslərdə aktiv iştirak etmir. Amma biz cəmiyyət olaraq bu xanım siyasətçinin xalqımız üçün etdiyi fədakarlıqları unutmamalıyıq. Lalə xanım cəmi 6 ay Heydər Əliyevlə birlikdə işlədikdən sonra artıq bu korrupsioner komandada ola bilməyəcəyini qət etdi. Heydər Əliyev komandasını rüşvətxorluqda ittiham edərək dövlət katibi vəzifəsindən istefa etdi. 2005-ci ildə isə millət vəkili seçilsə də, seçki saxtakarlığına etiraz olaraq deputat mandatından imtina etdi. Mən Lalə xanımın öz prinsipləri və ictimai maraqlar naminə nələrdən imtina etdiyini yaxşı bilirəm. İnsanı isə ən çox imtinaları xarakterizə edir. Lalə xanım, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik və uğur arzulayıram! (Azadlıq qəzetində dərc olunub) |
7.11.2016 |