"Xalq" qəzeti
13 sentyabr 2003-cü il
O, MİLLƏTƏ ANA GƏLİR
Müqəddəs Qurani-Kərimdə Peyğəmbərimizdən əvvəl göndərilmiş bütün peyğəmbərlərin qəbul edilməsi bəşəriyyətdə barışığın zəruriliyini göstərir. Əsrlər boyu Nizami, Nəsimi, Füzuli və onlardan sonra gəlmiş dahilərimiz insanları birliyə, barışığa çağırmışlar.

Bu günkü fəlakətlərimizin səbəbi ondadır ki, çox vaxt nəinki bir şəxsiyyət haqqında birtərəfli, qərəzli mütləq fikir söyləyirik, hətta bütün bir regionun əhalisi haqqında qəti söz deməkdən çəkinmirik. Bu gün prezidentliyə iddialı şəxs televiziya ekranından digər prezidentliyə namizəd haqqında düşmənçilik mövqeyindən çıxış edir. Bununla da o, artıq əvvəlcədən qarşıdurmanın, düşmənçiliyin bünövrəsi üzərində əmin-amanlıq dövləti qurmaq istəyir. Bu isə mümkün deyil. Qarşıdurma olan yerdə sabitlik yaratmaq olmaz.

Göstərilən problem xalqı faciəyə aparan məsələ olduğundan bu təhlükəli məqam biz ziyalıları narahat etməyə bilməz.

Prezidentliyə namizədlərin arasında Lalə Şövkətin çıxışları isə digərlərindən tamamilə fərqlənir. "Milli birlik artıq həyati zərurətdir. Bizim üçün ağır problemlərimizin həlli məhz milli barışıqdan, milli birlikdən keçir" deyən xanım Lalə Şövkət siyasi cərəyanlar arasında, siyasi fəaliyyətin bütün pillələrində daim barışdırıcı mövqe tutmuşdur. O, barışıqsız yaradılan bir dövlətdə, cəmiyyətdə sabitliyin mümkünsüzlüyünü göstərməklə bir çoxlarından fərqli olaraq, Azərbaycanın sabahının, xalqın xoşbəxt gələcəyi naminə qoyulacaq təməlinin yalnız onun birliyində olduğunu görür.

Bu gün prezidentliyə iddialı olan hər bir şəxsin və onun tərəfdarlarının bir-birlərinə düşmənçilik münasibəti bəsləmələri ölkəni xaosa sürükləyə bilər.

Prezidentliyə namizədlərdən yalnız biri - Lalə Şövkət xalqa müraciətlə həyəcan təbili vuraraq "Harada düşmənçilik münasibəti varsa, orada nə iqtidar var, nə də müxalifət, yalnız düşmənçilik var. Bu, təhlükəli bir məqamdır və onun məsuliyyətini hər bir siyasətçi dərk etməlidir" deyir. Lalə Şövkət bütün bunları dərindən dərk etdiyi halda, siyasi liderlərin bəziləri onun nəticələrini görmür. Buna yalnız təəssüflənmək olar.

Acınacaqlı haldır ki, ölkənin bir çox tanınmış şəxsləri vətəndən didərgin salınmış, bir qismi də həbsxanalara atılmış, onların qohumları, yaxınları təhqirlərə, təzyiqlərə məruz qalmışlar və bu proses hələ də davam etməkdədir. Burada söhbət kimin nə dərəcədə günahkar, cinayətkar olmasından getmir. Əgər həmin şəxslərin insani hüquqları özlərinə qaytarılarsa, onların hər biri ölkə quruculuğuna cəlb olunarsa, arada olan düşmənçilik toxumu məhv edilərsə, xalqın xoşbəxtliyi bir o qədər də təmin edilmiş olar. Prezident seçiləcəyi təqdirdə ilkin olaraq ümumi əfv fərmanını imzalayacağını söyləyən Lalə Şövkət vətən övladlarının hər birinə öz haqqını qaytaracağını bildirir.

70 il sovetlər ənənəsinin "kim bizimlə deyil, o düşməndir" siyasəti başımızdan çıxmır. Böyük türk satiriki Ə.Nesin demiş: "Jandarmanın divardan asılmış babasının saqqallı şəklini, Marksa oxşadığına görə, aparmasına nə dərəcədə bənzəyirik". Əfsusular ki, bu bolşevik təfəkkürü siyasilərin bir çoxunun fəaliyyət prinsipinə çevrilmişdir.

Yenə də fərqli baxış. "İqtidar da, müxalifət də mənimdir, ikisi də millətimin övladlarıdır. Mən heç kimə düşmən kimi baxa bilmərəm" deyən Lalə Şövkət siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik, milli mənafe naminə hər bir kəsin potensialından maksimum istifadə olunacağını vəd etməklə, "mənim komandam - mənim xalqımdır" deyə bəyan edir.

Xalq böyük ümidsizlik girdabında gözünü siyasilərə dikdiyi halda, onlar öz mətbu orqanlarında, televiziya ekranlarında biri-birlərini küçə söyüşləri ilə təhqir edərək, əxlaqsızlıq "yarışına" ara vermirlər. Onların bu hərəkətlərinə rəğmən, "əvvəlcə mənəviyyat, sonra siyasət" söyləyən Lalə Şövkət xəbərdar edir: "Təhqir tərbiyəsizliyin göstəricisidir", "Mənəviyyatsız siyasət abırsız millət yetişdirər". Lalə Şövkət televiziya çıxışında siyasətçilərə müraciət etdi: "Hörmətli siyasətçilər! Siz üzdəsiniz və sizin davranış tərziniz millət üçün örnək olmalıdır. TV-də və qəzetlərdə gedən təhqirlər hər bir evə daxil olur, evdə isə yeni nəsil formalaşır. Ayıbdır. Dediklərinizə və etdiklərinizə məsuliyyətlə yanaşın. Siz millətə nümunə olmalısınız". Necə də yerində və vaxtında deyilən sözlərdir! Təəssüf ki, siyasi "elitamızda" kök salmış dar düşüncəlilər buna nəinki əməl etmirlər, hətta Lalə Şövkətin düz yola çağırışlarını öz tərbiyələrinə, əxlaqlarına uyğun yozmaqla məşğul olurlar.

Lalə Şövkət barışığa, birliyə çağıranda öz mənafeyini deyil, həmvətənlərimizin özünüdərk etməklə quracağı vətəndaş cəmiyyətindən bəhrələnəcək dövlətimizin taleyini düşünür. "Mən millətim üçün mücadiləyə qalxmışam, hakimiyyət üçün yox! Məqsədim millətimin birliyi, dövlətimin qüdrətidir! ... Mən bu yolda əlimdən gələni edəcəm və heç kəs məni bu yoldan döndərə bilməz. Mən bütün xalqımı bu haqda düşünməyə çağırıram". Lalə Şövkətin belə qətiyyətli və məntiqli çağırışının şərhə ehtiyacı yoxdur.

Çox önəmli və milli dirçəlişimiz baxımından mühüm bir məqam. Lalə Şövkət "milli yaddaşı olmayan millətin milli qüruru, milli ləyaqəti ola bilməz" deməklə, Azərbaycan milli ideyasının, milli dövlətinin yaradıcıları və banilərinin adlarını əbədiləşdirərək onların məzarlarını vətənə köçürəcəyini, bununla da, bizi milli barışığa gətirəcək böyük bir panteon yaradacağını bəyan etdi. Həqiqətən də gələcək nəsillərin tarixi şəxsiyyətlərimizi layiqincə tanıması, milli ideologiyamızın formalaşması, xüsusən də Azərbayccanın hazırki durumunda xalqın vətənpərvərlik ruhunun yüksəlməsi baxımından buna böyük ehtiyacı var.

Ömrüm boyu məddahlığa nifrət edən bir elm adamı olaraq, tam məsuliyyətlə bildirirəm ki, Lalə Şövkətin səmimiyyətinə, qabiliyyətinə və gücünə əminəm. Çünki O, həm iqtidarda, həm də müxalifətdə olduğu müddətdə amalının yalnız və yalnız xalqına xidmət olmasını sözü ilə deyil, hərəkətləri ilə bütünlüklə sübut etmişdir.

"QÜRURLU MİLLƏT!
ZƏNGİN DÖVLƏT!
BÜTÖV MƏMLƏKƏT!"

Budur LALƏ ŞÖVKƏTin həyat fəlsəfəsi!

Doğma Azərbaycanımızın işıqlı gələcəyi naminə Yaradanın millətimizə yetirdiyi, "ALLAHın qismətinə və XALQın seçiminə" arxalanan bu uca şəxsiyyətə - Lalə Şövkətə ağır və şərəfli yolda müvəffəqiyyətlər arzulayıram, seçicilərə - düzgün seçim!

Tofiq Mövsümov