"Azərbaycan gəncləri" qəzeti 18 avqust 1990-cı il |
XALQA ŞƏXSİYYƏTLƏR LAZIMDIR |
Lalə xanımı tale qoroskopundan: Lalə Hacıyeva 1951-ci ilin 7 noyabrında anadan olmuşdur. Onun ili dovşan ili, doğulduğu bürc əqrəb bürcüdür. Əqrəb bürcü su rəmzidir. Xarakteri güclü, həyatı maraqlıdır. Əqrəb iki əsas planet əqrəbi himayə edir. Marsın gücü ilə qəddarlığı Neptunun əzəməti onun xarakterini müəyyənləşdirir. Əqrəb mübarizə edir, əzab çəkir, özünü didir-dağıdır, yanıb küldən yenidən doğulur. Onun üçün əsas çətinlik yaşamaqdır. Əqrəbin xarakterində sirrli və gizli nəsə var. Ona elə gəlir ki, onu tənqid edirlər, hədələyirlər. Burada o, bütöv bir müdafiə sistemi irəli sürür. Əgər doqrudan da ona hücum etsələr əqrəbin qəzəbi çox dəhşətli olur. İşdə və verdiyi və'din yerinə yetirilməsində dəmir iradə göstərir. Heç vaxt illüziyalara qapılmır. O, anadangəlmə mübarizdir. Azadlıq, müstəqillik onun üçün hər şeydən qiymətlidir. O, gözəl həkim-diaoqnostik, cərrah, gözəl müstəntiq və ya da vəkildir. Həmin bürc altında doğulan qadınlar da öz qətiyyətli xarakterləri ilə kişiləri xatırladırlar. Belə qadınların adətən qaynar gözləri, gözəl səsləri olur. Bu bürc altında iste'dadlı sərkərdələr və görkəmli dövlət xadimləri doğulurlar. Lalə xanımın işlədiyi N.V.Sklifosovski adına Moskva şəhər tə'cili yardım Elmi-Tədqiqat institutunun müdiriyyətinin verdiyi xasiyyətnamədən: "İnstitutda işlədiyi müddətdə Lalə Hacıyeva özünü səhiyyənin idarəsi və təşkili sahəsində dərin nəzəri və təcrübi biliklərə malik yüksəkixtisaslı mütəxəssis kimi özünü göstərmişdir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri ittifaq miqyasındakı (SSRİ Səhiyyə Nazirliyinin 3 əmrindən və metodiki göstərişlərində) Rusiya Federasiyası miqyasındakı (SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş metodik tövsiyyələrdə) Moskva miqyasındakı (əmr və metodik tövsiyyələrdə) direktiv sənədlərdə öz əksini tapmışdır). Professor L.Hacıyeva 60-dan çox elmi əsərin müəllifidir. O, dəfələrlə SSRİ Elmlər Akademiyasının Elmi şuarının plenumlarında, Ümumittifaq konfrans və müşavirələrdə səhiyyənin təşkili məsələlərinə aid mə'ruzələrlə çıxış etmişdir. SSRİ Xalq Nəzarəti komitəsinin xətti ilə mütəxəssis ekspert kimi səhiyyə orqanlarını yoxlamaq üçün yerlərdə olmuşdur. L.Hacıyeva kollektivin ictimai həyatında fəal iştirak edir, institutumuzun problem komissiyasının üzvüdür. O, siyasi cəhətdən savadlıdır, mə'nəviyyatça yetkindir, geniş erudisiyaya malikdir, üç xarici dil bilir, kollektivin böyük hörmətini qazanmışdır". Lalə Hacıyeva haqqında müəllifin düşüncələri: - Qanlı yanvar günlərində Azərbaycan televiziyasının "Dalğa" proqramındakı gözəl cöhrəli, qara qaynar gözləri olan qadının çıxışı hələ də çoxlarının yadındadır. Elə bil ki, onun sözləri, təsəllisi, səsindəki qətiyyəti xalqın yaşlı gözlərinə ümid səpələyirdi. O, özü də hiss eləmədən təbiətinə məxsus olan sirrlə, hikmətlə tamaşaçıları ovsunlayırdı. Xalq onun suyuna, çörəyinə, milli ruhuna sədaqətli qalmış, harda olursa-olsun bu ruhla yaşamış, təmsil etdiyi torpağın, elin, başını öz şərəfli ömrü, yuxusuz gecələri ilə uca etmiş bir övladını kəşf edirdi. Sanki Lalə xanımın ürəyi dolu idi. Çünki bir neçə ay bundan qabaq günəşini gülər, torpaqını baharlı qoyub ketdiyi Bakısı tanınmaz olmuşdur. Bakının qoynuna şəhidlər xiyabanı adlı dağ çəkilmişdir. Tarixinə Qanlı yanvar adlı qara səhifə salınmışdır. Bəlkə də elə buna görə yanvarın 20-də Bakıdakı qırğını hələ tam təfərrüatı ilə bilməyən, lakin, doğma xalqına xəyanət olduğunu gözəl başa düşən Lalə xanım gözüyaşlı özünü Moskva küçələrinə atmışdır. Hələ Moskvadakı Azərbaycanın daimi nümayəndəliyi necə hərəkət edəcəyini daşınıb düşünərkən Lalə Hacıyeva həmin binanın qarşısında Amerikanın NBC televiziyasına müsahibə verən ilk azərbaycanlı ziyalı olmuşdur. Lalə xanım hələ Azərbaycandakı qətllərdən, sinəsinə qanlar tökülmüş, üstündə qərənfillər ağlayan faciəli Bakı küçələrindən xəbərsiz idi. Azərbaycan mətbuatı susmşdu, mərkəzi mətbuat isə ağı-qara yuyub sərirdi. Lalə xanım qəlbinin dərinliyindəki təbii hissin diqtəsi ilə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əsil baislərinin beynəlxalq məhkəmənin müttəhimlər kürsüsündə oturmaqa layiq olduğunu söyləyirdi. O, çıxış etdiyi mitinqlərdə, fəaliyyətini istiqamətləndirdiyi xarici səfirliklərdə, xarici jurnalistlərə verdiyi mətbuat konfranslarında haqsızlığın məngənəsində sıxılıb əli-qolu bağlanıb, axırına çıxılan zavallı xalqının müsibətlərini bütün dünyaya çatdırmağa çalışırdı. Nədənsə, bu sətirləri yazanda yadıma moskvalı professorumuz Səid Ələsgərovun sözləri düşdü: "Psixoloqlar Lalə xanımın cəsarətinin, qorxmazlığının dörd kişiyə bərabər olduğunu müəyyənləşdirmişlər". Moskvada əli yanan olsa, işi dara düşən olsa, o dəqiqə Lalə xanımı axtarıb tapır. Məsələn, Mesxeti türklərindən olan Mədinə xanım cibində son üç manatı və yanında körpələri heç yerdən pənah tapmayanda özünü Lalə xanımın üstünə salmışdır. Lalə xanımın tərəfindən maddi köməklə yanaşı bu qaçqına başqa yardımlar da edilmişdir. Qanlı yanvar günlərində ağır yaralanan və Moskvada həmin günlərin yeganə nişanəsi olan, həmin künlərin cinayəti fiziki şikəstliyində yaşayan Nailəni yoxlayan, ona baş çəkən məhz Lalə xanım Hacıyeva olmuşdur. Moskvadakı daimi nümayəndəliyin qarşısında aclıq e'lan edənlərə Lalə Hacıyeva bir həkim kimi dəfələrlə tibbi köməklik göstərmişdir. Lalə xanımla Moskvada olan görüşlərimdən yadımda qalan bu epizodları nədənsə unuda bilmirəm. Hava soyuq idi, Moskva yağışlı idi. Şəhərin bu soyuqluğu bu yağışlığı və buradakı sıxıntılı qəriblik adamı üşüdürdü. Bütün daxili aləmini dondururdu. Lalə xanımın idarə etdiyi qırmızı "Jiquli" maşını bu soyuqluğu yarıb keçirdi. Lalə xanım gözəl maşın idarə etməyi bacarırdı. Nəqliyyatın bu müasir növü ilə yanaşı o, qədimdən əcdadlarımız üçün bütün nəqliyyat növlərini əvəz etmiş atçılıqla da məşğul olmuş, atçılıq yarışlarında mənəm-mənəm deyən igidlərlə meydana kirmişdir. "Jiquli"nin kiçik kabinəsində Azərbaycan musiqisi səslənirdi. Bu qərib şəhərdə, bu "Jiquli"nin tutumu boyda bir Azərbaycan dünyası daxilimizdəki donuqluğu əridirdi. Bu milli musiqinin təlqinlərində özünə, ilkinliyinə qayıdan Lalə xanım birdən-birə dedi: görürsünüzmü bu kassetləri? Bunlar hamısı Azərbaycan musiqisidir. Bunlarsız mən bu şəhərdə yaşaya bilmərəm. Bu musiqi mənə hər şeyi unutdurur, yaşamağı öyrədir. Bəli, burada Azərbaycan milli ruhu hakim idi. Bu milli ruh musiqinin qanadlarında havaya, suya, varlığımıza, şəhərin soyuqlarına qarışırdı. Və düşünürdüm ki, bu Lalə xanım üçün həyat rəmzidir, Həyata çağırışdır. Bu musiqi gərgin iş saatlarından sonra, elmi axtarışlarından sonra ölümlə əlbəyaxa olan çətin cərrahiyyə əməliyyatlarından sonra Lalə xanımın yorğun cöhrəsini, geyləşmiş barmaqlarını, yuxulu gözlərini ovunduran, sığallayan, ona hər şeyi unutduran ana laylası, vətən nəvazişidir. Hələ N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun tələbəsi olarkən Lalə Hacıyeva universitetin filologiya fakultəsinin azad dinləyicisi idi. Hətta bə'zən axşam şö'bələrinə mə'ruzələr oxuyurdu. Tibb institutunun tələbəsi Lalə Hacıyeva rusça təhsil almasına baxmayaraq Cəfər Cabbarlının bir çox əsərlərini Azərbaycan dilində tibb işçilərinin mədəniyyət evində səhnəyə qoymuşdur. Onun qeyri-adi rejissorluq iste'dadı Möhsün Sə'naninin diqqətini cəlb etmiş və o, Lalə xanıma Azərbaycan İncəsənət institutunun rejissorluq fakültəsinə imtahansız qəbul olunmasını təklif etmişdir. Lakin təbabətə olan məhəbbət, bağlılıq daha güclü idi, Təbabətə məhəbbət, bağlılıq və Azərbaycan poeziyası, Azərbaycan folkloru, musiqisi Lalə xanımın dünyasında qoşa qanad idi. Təsadüfi deyildir ki, onun neçə-neçə insanın həyatını ölümün çaynaqlarından xilas edən e'cazkar barmaqları pianonun dillərində mutamlarımızın sirrinə, sehrinə dönür. Təsadüfü deyil ki, onun elmi konfranslarda, plenumlarda ən görkəmli tibb alimlərini heyrətləndirən elmi qənaətləri, elmi kəşfləri ilə yanaşı poeziya haqqında düşüncələri H.Cavid, Üzeyir Hacıbəyov, Nəsimi dünyasından əxz elədikləri, mənəm-mənəm deyən, şairləri, jurnalistləri, mədəniyyət xadimlərini təəccübləndirməyə bilmir. İstər islam, istər xristian, istər buddizm dinlərinin tarixi kökləri, mə'ziyyətləri barədə hər cür din ideoloqu ilə mükaliməyə hazır olan bu qadının qeyriadi, bir insan ömrünə sığışdırılması çətin olan belə bir dünyakgrüşünə heyrət etməyə bilmirsən. Soruşanda Lalə xanım gülür: "Gecəni dörd saat yatıram". Günün qalan saatları təbabətə, musiqiyə, bir də mənsub olduğu xalqın ağır vəziyyətdən çarə yollarına sərf olunur. Lalə xanım deyir: - Bu gün Azərbaycan çox böyük böhran vəziyyətindədir. Siyasi cəhətdən illər boyu əsarət altında saxlanılıb, iqtisadiyyatı qarət edilib, ekologiyası məhv olunub, mə'nəviyyatı viran edilib. Lakin, yanvar hadisələri göstərdi ki, bu xalqın çox böyük vətənpərvərlik potensialı var və bu böyük məqsədlərə çatmaq üçün bizə böyük imkanlar verir. Bu məqsədlərə çatmaq üçün isə xalqa ziyalılar lazımdır. Bu gün xalqın ehtiyacı güclü şəxsiyyətlərədir. Parlamentə seçkilərqabağı biz bunu ciddi düşünməliyik. Xalqın bu seçkiləri çox çətin bir vəziyyətdə föv'qəladə vəziyyətin olduğu bir şəraitdə keçir. Buna baxmayaraq xalq butün gücünü səfərbər etməli, ən güclü şəxsiyyətlərini Azərbaycanın gələcək parlamentinə toplamalıdır. Çünki bu parlamentdən xalqın taleyi asılıdır. - Lalə xanım, güclü şəxsiyyətlər deyəndə nəyi nəzərdə tutursunuz? - Bu parlamenti təmsil edəcək hər bir deputat başa düşməlidir ki, o xalqın gələcəyi üçün özünü qurban verməyə hazır olmalıdır. İndiki parlament qurbanlıq tələb edir. Yadına sal müsavat parlamentini, oradakı ziyalılar özlərini Azərbaycanın azadlığı uğrunda qurban vermişlər. İndiki ziyalılarımız arasında elələrini tapa bilərikmi? Bilmirəm! Ancaq tapmalıyıq. Çünki Azərbaycan milləti tənəzzülə uğrayır. Bir millət ki, öz təhsilini və səhiyyəsini alıb-satsın, o millət məhvə doğru kedir. O milləti bu biabırçı alver məhv edir. Mən bazarda olan alverçi psixologiyasından danışmıram, bizim çox böyük təbəqədən, böyük faiz nisbətindən danışıram ki, onlarda belə bir alverçi psixologiyası yaranıb: hər şeyi alıb satmaq olar. Adicə bir hüquqi ərizə yazmaq üçün biz Azərbaycandan adam tapa bilmirik. Adicə diaqnozu Moskvada qoydururuq. Bir millət ki, öz təhsilini qaldıra bilmir, öz xəstəsini müalicə edə bilmir, onu sabah nə gözləyir? Belə vəziyyətdə xalqa qabaqda gedən ziyalılar lazımdır. Bu böhranı, bu tənəzzülü görəndə Nizamidən, Nəsimidən, Caviddən ümid alıram. Belə dahiləri olan bir millət məhv ola bilməz. Bizim millətin böyük daxili potensialı var, onu üzə çıxarmaq lazımdır. Doğrudan da iste'dadlı adamlarımız kənarda qalır, onlara kömək lazımdır. Ancaq vicdanı təmiz, böyük adamlar, güclü şəxsiyyətlər belə iste'dadları görə bilərlər. Biz suverenliyimizə çatmaq üçün demokratiya yoluna düşməliyik, demokratiya şüar deyil, o mədəni səviyyədir və ona çatmaq lazımdır. Bayaqdan oxucularımıza bir insan kimi təqdim etməyə çalışdığım Lalə Hacıyevanın həyat bioqrafiyasından: - Azərbaycan Dövlət Tibb institutunu bitirdikdən sonra o, P.Lumumba adına Xalqlar dostluqunun Universitetinin cərrahlıq kafedrasında internatura və kliniki ordinatura keçmişdir. Burada professor V.V.Vinoqradovun rəhbərliyi ilə 25 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Moskvadakı 7 -li tə'cili yardım klinik xəstəxanasında cərrah işləmişdir. 1978-ci ildən o, N.V.Sklifosovski adına Moskva şəhər tə'cili yardım elmi-tədqiqat institutunda kiçik elmi işçi, 1981-ci ildən bəri elmi işçi, 1986-89-cu illərdə şö'bə müdiri işləmişdir. Son vaxtlara qədər Lalə Hacıyeva institutun aparıcı elmi əməkdaşı idi. Hazırda Rusiya Federasiyası səhiyyə nazirliyinin Elmi-Tədqiqat Mərkəzində səhiyyənin təşkili və idarəsi şö'bəsinin rəhbəridir. Qeyd etmək lazımdır ki, bir neçə bölmədən ibarət olan bu şö'bə Rusiya Federasiyasının səhiyyəsinin inkişafını və strategiyasını müəyyənləşdirir, O, ötən il, "Moskva şəhərində əhaliyə tə'cili tibb yardımının müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. L.Hacıyeva rus və Azərbaycan dilləri ilə yanaşı türk, fars, ingilis dillərində mükəmməl bilir. Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının kollektivi, Qobustan Dövlət tarixi bədii qoruğunun əməkdaşları, "Azərxalça"nın işçiləri, Bakı Elektrik Şəbəkə İstehsalat Birliyinin Elektrik şəbəkələri müəssisəsinin işçiləri, muzey sərvətlərinin və xatirə əşyalarının elmi bərpa mərkəzinin əməkdaşları 26 Bakı Komissarı rayonunun 8 -li Nizami seçki dairəsi üzrə Lalə Hacıyevanın Azərbaycan SSR xalq deputatlığa namizədliyini irəli sürmüşlər. Qarşıdakı çətin, sınaqlı yoldan danışanda Lalə xanım deyir: "Biz demokratiyanı başa düşmək üçün mə'nəviyyatımızı və mədəniyyətimizi qaldırmalıyıq. Əfsus ki, bizim mədəniyyət insanlararası mədəniyyət, tarixi mədəniyyətə toxunmuram - bu dəqiqə yüksək səviyyədə deyil. Biz azadlıqdan danışanda bilməliyik ki, bu çətin yoldur. Bu yoldan çox düzgün istiqamətdə ketməlisən. İqtisadi azadlıqsız siyasi azadlıq mümkün deyil. Bunu, həyata keçirmək üçün güclü İttifaq müqaviləsi əldə edib onun proqramını hazırlamaq lazımdır. Qarşıdakı yol çox məs'ul, xalqın taleyinə cavabdeh yoldur". Söhbətimizin sonunda Lalə xanım belə bir rəvayət danışdı. Bir nəfər qarşıdakı yolun bütün çətinliyini dəf etmək üçün özü ilə ağıllını və müdriki götürür. Ondan soruşurlar, ağıllını niyə götürmüsən? Cavab verir: "Çətin vəziyyətdən çıxmaq üçün". "Bəs müdriki niyə götürmüsən?", "Çətin vəziyyətə düşməmək üçün". Mənə elə gəlir ki, bu rəvayətin təlqin etdiyi nəsihət və uzaqgörənlik hamımızı düşündürməlidir. Və sözümün sonunda bütün xalqımızı onun taleyi üçün narahat olanları Azərbaycanın gələcək parlamentinə Lalə Hacıyeva kimi şəxsiyyətləri axtarıb tapmağa və onlara yekdilliklə səs verməyə çağırıram. |
Elmira Əmrahqızı |