|
"Bizim Yol" qəzeti 9.10.2009 |
|
"AXCP İLƏ MÜSAVAT BIR ARAYA GƏLSƏ, "AZADLIQ" MAHİYYƏTİNİ İTİRİR" Lalə Şövkət: "İki partiyanın birləşməsindən söhbət gedirsə, mən bu prosesə maneçilik törədə bilmərəm" |
|
"Sərhədlərin açılması Azərbaycan üçün çox pis ssenaridir" "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət qəzetimizə müsahibəsində müxalifətdaxili mübahisələrə münasibət bildirib. O deyib ki, Müsavat Partiyası Hərəkatın dağılmasına yönəlik şərtlərindən əl çəkməlidir. L.Şövkət hesab edir ki, AXCP və Müsavatın birləşməsi "Azadlıq" blokunun dağılması ilə nəticələnə bilər. Bundan başqa Milli Birlik lideri Türkiyə və Ermənistan arasında gedən danışıqlar, Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə də münasibətini açıqlayıb. - Lalə xanım, mətbuatda Sizin AXCP-Müsavat birliyindən narahat olduğunuz yazılır. Bu barədə nə deyə bilərsiniz? Sizin belə bir narahatçılığınız varmı? - Yazılanlar həqiqətə uyğun deyil. Bilirsiniz ki, hərəkat daxilində Ümidlə Müsavat arasında bəzi narazılıqlar oldu. Ancaq mən birmənalı şəkildə məsələyə münasibətimi bildirdim. İndiki zamanda müxalifətin fəaliyyəti çox məhduddur. Etiraf edək ki, vəziyyətin bu həddə çatmasında obyektiv və subyektiv səbəblər də rol oynayıb. Ona görə də indiki ağır vəziyyətdə hərəkatı dağıtmaq düzgün deyil və mən hərəkatın birliyinin qorunmasının tərəfdarıyam. Mətbuat vasitəsi ilə xahiş etdim ki, həm Ümid, həm Müsavat öz şərtlərindən imtina etsinlər. Çünki bu gün şərt zamanı deyil. Təklikdə hamımız zəif olduğumuzdan birliyin qorunmasına ehtiyac var. - Hərəkatı dağıtmaq məsələsinə toxundunuz. Bəs hərəkatı kimlər dağıdır? - Bilirsiniz, o cür şərtlər olan yerdə hərəkat öz əhəmiyyətini itirir. Ona görə də belə vəziyyətdə şərt irəli sürmək doğru deyil. Müxalifətin indiki vəziyyətində şərt məsələsini yaraşdırmıram. - AXCP sədri Əli Kərimlinin Müsavatla birliyinə Sizi inandıra bilməməsi səbəbindən münasibətlərinizin soyuqlaşması haqqında yazılanları necə qiymətləndirirsiniz? - Belə şey ola bilməz. Bizim Əli Kərimli ilə çox gözəl və səmimi münasibətlərimiz var. Sözsüz ki, yazılanlar həqiqətə uyğun deyil. O ki qaldı Müsavat-AXCP birliyinə, bu, tamam başqa məsələdir və hərəkata aidiyyəti yoxdur. Çünki hərəkatın təsisçiləri ayrı-ayrı partiyalardır, QHT-lər və bir sıra jurnalistlər də quruma daxildirlər. Əgər iki partiyanın birləşməsindən söhbət gedirsə, mən bu prosesə heç bir maneçilik törədə bilmərəm. Əgər AXCP ilə Müsavat birləşmə haqqında qərar verirlərsə, Allah işlərini avand etsin, xeyir versin. Təkrar edirəm, bu məsələdə mənim tərəfimdən heç bir maneə ola bilməz. - Söhbət birləşmədən yox, hər iki partiyanın parlament seçkilərində birgə iştirakdan gedir. Sizin bu modelə yanaşmanız necədir? - Əgər hər iki partiya bu modelə qərar veribsə, maneçilik törədən deyiləm. Axı Siz nədən eyni sualı yenidən verirsiniz. Əvvəlcədən deyirəm, razılaşıblarsa, Allah xeyir versin! - Həmin model birliyin pozulması ilə nəticələnə bilməzmi? - Əgər AXCP ilə Müsavat bir araya gəlirsə, "Azadlıq" bloku öz mahiyyətini itirir. - Nə mənada? - "Azadlıq" siyasi blok olduğundan istər-istəməz seçkilərə blok şəklində gedir. Əgər AXCP ilə Müsavat seçkilərə birgə gedəcəklərsə, onda "Azadlıq" bloku mahiyyətini itirir. - Amma Müsavat yetkilisi Arif Hacılı bildirir ki, Lalə Şövkət real vəziyyəti ən azından görməlidir... - Gəlin belə danışaq, mən heç kimin sözünə şərh verməmişəm, indi də bu mövqeyimdə qalıram. Hər bir insan öz mövqeyində azaddır. - Onda demək olarmı ki, AXCP-Müsavat modeli yaransa, "Azadlıq" bloku əhəmiyyəti itirir? - Bəli. - Bu, Lalə Şövkətin yeni müttəfiqlər axtarmalı olacaq sualını aktuallaşdırmırmı? - Lalə Şövkət Lalə Şövkət olaraq qalır və heç kimi axtarmır. Arxayın olsunlar, heç bir problem olmayacaq. Mənim siyasətdə öz yerim, nüfuzum və çəkim var. - Lalə xanım, sabah İsveçrədə imzalanacaq Ermənistan-Türkiyə protokolunun Dağlıq Qarabağ probleminə hansı təsirləri göstərə bilər? - Bu, çox qəliz məsələdir. Qəlizlik ondan ibarətdir ki, protokollar ətrafında bir ilə yaxındır müzakirələr getdiyindən yeni məsələ deyil. İsveçrənin təşəbbüsü ilə irəli sürülən protokolların biri diplomatik, o biri isə tarixçilərdən ibarət komissiyaların təsis olunması ilə bağlıdır. Sənəddə sərhədlərin açılması ilə əlaqədar maddəyə görə protokollar imzalanandan 2 ay sonra sərhədlər açılmalıdır. Bax, biz bu məqama diqqət yetirməliyik. Çünki bilirsiniz ki, sərhədlər torpaqlarımızın işğalı səbəbindən bağlanıb. Beləliklə, Ermənistan-Türkiyə sərhədlərinin bağlanmasının birmənalı səbəbi Azərbaycan torpaqlarının işğalı ilə əlaqədardır. Əgər torpaqlarımız azad olunmayıbsa, sərhədlər açılırsa, bu, milli maraqlarımıza ziddir. Bu, Azərbaycan üçün çox pis ssenaridir. Bilirsiniz ki, Türkiyənin baş naziri Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı sərhədlərin bağlı qalmasını Qarabağın işğalı ilə əlaqələndirmişdi. Baş nazir əlavə etmişdi ki, torpaqlar azad olunmayınca sərhədlər açılmayacaq. İkinci, bu yaxınlarda Türkiyənin xarici işlər naziri Davudoğlu analoji bəyanatı səsləndirdi. Çox təəssüf ki, cəmiyyətin və müxalifətin danışıqlarla əlaqədar əhatəli və dəqiq informasiyası yoxdur. - Ona görə proqnoz verməkdə çətinlik çəkirsiniz? - Mən dəqiq bir şey deyə bilərəm, sərhədlərin açılması Azərbaycanın milli maraqlarına ziddir. İkincisi, Türkiyənin xatırlatdığım bəyanatlardan sonra həmin protokolları imzalamasına inanmıram. Hətta protokollar imzalansa da, Böyük Millət Məclisində sənədlərin təsdiqlənəcəyinə inanmıram. Bax, mənim birmənalı mövqeyim belədir. - Bəs beynəlxalq təşkilatların, iri dövlətlərin ümidlə danışdığı prezidentlərin Kişinyov görüşündən gözləntiləriniz nədir? - Kişinyov görüşündən heç nə gözləmirəm. 20 ilə yaxındır irəliləyişlərdən və yeniliklər danışılır, amma vəziyyət dəyişmir. Ermənistan mətbuatını da izləyirəm. Sərqsyan açıq iddia edir ki, Qarabağ müstəqilliyi üzərində dayanıblar və başqa variant ola bilməz. Referendumun keçirilməsinin tərəfdarıyıq və yalnız bundan sonra azərbaycanlılar öz yurdlarına qayıda bilərlər. Ondan əlavə Ermənistan xarici işlər naziri parlamentləri qarşısında həmin mövqeyi təkrarladı. Onlar gizlətmədən deyirlər ki, Qarabağın Azərbaycan tərkibində qalması qeyri-mümkündür. Onlar Madrid Prinsiplərinə ona görə razılaşırlar ki, sənəd Qarabağ separatçılarına öz müqəddəratını referendum yolu ilə təyin etmək hüququ verir. - Dövlət başçısı İlham Əliyev danışıqların son mərhələsindən danışır. Son mərhələ deyəndə nələr nəzərdə tutulur? - Sözsüz ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün tanınmasını istəyir. Əsas mübahisəli məqam Ermənistanın Qarabağın erməni əhalisinin öz müqəddəratını referendum yolu ilə etməsi ilə bağlıdır. Azərbaycan tərəfi isə deyir ki, ərazi bütövlüyü tanınmaqla yüksək status verilir. Bax, fikir ayrılığı bu məqamdadır. Dövlət başçısının vəziyyəti gərgin və ağırdır. Bu, Ermənistan-Türkiyə danışıqları ilə əlaqədardır. Sərhədlərin bağlı qalması Qarabağ münaqişəsinin ədalətli həlli üçün təsir vasitəsi idi. Əgər protokollar imzalanıb həyata keçirilsə Azərbaycanı və dövlət başçısını çox pis vəziyyətdə qoyacaq. - Xatırlayırsınızsa, sərhəd məsələsi bir neçə ay əvvəl gündəmə gələndə hakimiyyətin təşkilatçılığı nəticəsində ictimai etiraz dalğası yarandı. Bəs indiki ağır vəziyyət nədən etirazlar təşkil olunmur? - Apreldə dövlət başçısı kəskin bəyanat verdi və Türkiyəyə səfərdən imtina etdi. Ondan sonra bu kampaniya başladı. Bu gün dövlət başçısı tərəfindən belə bir kəskin bəyanat yoxdur. Bilirsiniz ki, dəfələrlə dövlət başçıları arasında qapalı danışıqlar keçirildi, ondan sonra da analoji təmaslar oldu. Bu yaxınlarda Naxçıvanda Türkiyə prezidenti ilə dövlət başçısı arasında görüşlər keçirildi. Amma bütün bu təmaslar haqqında informasiya yoxdur. Ona görə Azərbaycanın dövlət başçısı etiraz bəyanatını bildirmədi. Fikir verirsiniz ki, əsas açıqlamaları XİN verir və dövlət başçısı birmənalı olaraq sərt bəyanatını verməyib. Yəqin ki, nələrsə danışıqlarda olub, amma informasiya qıtlığı baxımından konkret fikir yürütmək çətindir. Bununla belə inanmaq istəyirəm ki, Türkiyə maraqlarımızın əleyhinə getməz. Bu mənada güman ki, dövlət başçısı sərt bəyanat vermir. - Əgər Araz Əzimov Laçına xüsusi statusun verilməyəcəyini, ermənilər isə referendumdan danışırlarsa, qarşı dayanan tərəflərin razılaşması necə mümkündür? Və hər iki ölkə rəhbərlərinə təzyiqlər də var... - Nə qədər təzyiqlər olsa da, heç kim torpaqlarımızın ayrılmasına imkan verməyəcək. Bu, birmənalıdır. Ona görə də Kişinyov danışıqlarından müsbət nəticə gözləmirəm. Hesab edirəm ki, proses hələ uzun vaxt aparacaq. Çünki Ermənistanın yaxın zamanlarda güzəştlərə gedəcəyi real deyil. |
Natiq CAVADLI |