|
ANSPRESS 12.10.2009 |
|
Lalə Şövkət: " TÜRK SİYASƏTÇİLƏRİ ÖZ SÖZLƏRİNİN YİYƏSİDİR..." "Türkiyədə Azərbaycanla bağlı mitinqlər keçirilir, bizdə isə susqunluq hökm sürür" |
|
Sürixdə türk-erməni protokollarının imzalanması Ankara, İrəvan və Bakıda həyəcanla qarşılandı. Hər üç ölkədə məsələyə münasibət heç də birmənalı deyil. Radikal düşüncəli insanlar bu hadisəni milli maraqlara xəyanət kimi dəyərləndirir, nisbətən loyal adamlar isə məsələyə daha təmkinli yanaşır. Məsələnin Azərbaycan cəmiyyəti üçün aktual olduğunu nəzərə alaraq Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət fikirlərini öyrənmək qərarına gəldik. - Türk-erməni protokollarının imzalanmasından sonra sərhədlərin 2 ay ərzində açılması gözlənilir. Bu, Azərbaycan, bölgə üçün nə vəd edir? - Bəlli olduğu kimi oktyabrın 10-da Sürixdə protokollar imzalandı. İmzalanma zamanı şifahi bəyanatlar verilməli idi və Türkiyə tərəfinin bəyanatında Qarabağ məsələsi yer almalı idi. Lakin bu, baş vermədi. Çox böyük gərginlik oldu. Yalnız Hillari Klintonun vasitəçiliyi ilə məsələ yoluna qoyuldu. İlk dəfə idi ki, bu cür sənədlərin imzalanması şifahi bəyanatlarsız ötüşdü. Sərhədlərin 2 ay sonra açılmasına gəldikdə isə öncə onu deməliyik ki, sənədlər parlamentlər tərəfindən ratifikasiya edilməsə, bu, adi kağız parçası olaraq qalacaq. Türkiyə rəhbərliyi isə bəyan edib ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmasa, sərhədlər açılmayacaq. Ərdoğan dünən yenə bunu təkrar etdi. Biz hamımız bilirik ki, bir siyasətçinin qiyməti onun sözünün qiyməti qədərdir. Əgər siyasətçinin sözü ucuzdursa, onun özü də ucuzdur. Əminəm ki, türk siyasətçiləri öz sözlərinin yiyəsidir. Əminəm ki, Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zidd addım atmayacaq. - Türkiyə bu sənədləri imzalamaqla nəyi hədəfləyirdi? - Türkiyə bununla 4 strateji məsələni həll etdi. Birinci, AB-yə üzvlüklə bağlı şərtlərə əməl olunmasıdır, ikinci, ermənilərin qondarma soyqırımı ilə bağlı tarixçilərdən ibarət birgə komissiyanın yaradılması və ümumiyyətlə ABŞ, Qərb dövlətlərinin bu məsələdə neytrallaşmasıdır, üçüncü, Cənubi Qafqazda qüvvələr balansının dəyişməsi və bu balansın Türkiyənin xeyrinə dəyişməsidir, dördüncü, Qarabağ münaqişəsinin fövqəl güclərin, dünya ictimaiyyətinin diqqətinə prioritet məsələ kimi salınmasıdır. Yəni, bundan sonra Ermənistan yenə qeyri-konstruktiv mövqe sərgilənməkdə davam etsə, artıq təzyiqlər Azərbaycan və Türkiyəyə yox, Ermənistana yönələcək. Bu üzdən də hesab edirəm ki, erməni-türk protokollarının imzalanması və Cənubi Qafqaz bölgəsinin geosiyasi proseslərin obyektinə çevrilməsi əhəmiyyətli məsələdir. Əminəm ki, Qarabağ məsələsi həll olunmayınca, Türkiyə Böyük Millət Məclisi müvafiq sənədləri ratifikasiya etməyəcək. - Sizcə, sözügedən protokolların imzalanması gələcəkdə Ankaranın mövqelərini gücləndirəcək ya zəiflədəcək? - Strateji baxımdan gücləndirəcək. Mən böyük hörmətlə yanaşıram həm Türkiyənin prezidentinə, həm də baş nazirinə. İndiyədək görməmişəm ki, onlar öz sözlərindən dönsünlər. Mən onların sözlərinə inanıram, birmənalı inanıram. - Amma Azərbaycan cəmiyyətində türk-erməni münasibətlərinin qurulmasına yanaşma heç də birmənalı deyil& Hətta buna xəyanət kimi baxanlar da var. - Mən deyərdim ki, emosiyalara qapılmaq lazım deyil. Buna strateji nöqteyi-nəzərdən qiymət verməliyik. Azərbaycanın özü də çevik siyasət aparmalıdır. Azərbaycan gözləməməlidir ki, məsələni Türkiyə, ABŞ yaxud Rusiya həll edəcək. Azərbaycan gərək daxili siyasətini dəyişsin. Çünki daxili siyasət dəyişməyincə, xarici siyasət də dəyişməyəcək. Bu gün dünyada Azərbaycanı necə tanıyırlar? Ölkəmizin imici yetərincə neqativdir. Azərbaycanı korrupsiya ilə mübarizədə zəif ölkə sayırlar, jurnalistlərin həbsxanası adlandırırlar və s. İmic çox mühüm məsələdir. Beynəlxalq ictimaiyyətdən, təşkilatlardan nəsə gözləyəndə, bunu da nəzərə almalıyıq. - Türkiyə-Ermənistan danışıqlarında Qarabağ məsələsi bazarlıq mövzusu olubmu? - Bu məsələdə Türkiyə Qarabağ münaqişəsini paralel olaraq həll etmək istəyirdi. Kişinyov görüşünə böyük ümid var idi. Ancaq alınmadı. Çünki Sərqsyana böyük təpkilər göstərildi: həm diaspora, həm də müxalifət tərəfindən. - Bu gün Ermənistan mətbuatına açıqlamasında Serj Sərqsyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı Azərbaycan prezidenti ilə müzakirələr aparmayıb. - Bu, həqiqətə uyğun deyil. Onlar yeddi dəfə görüşüb. Bəs onda saatlarla nəyi müzakirə ediblər? Axı Sərqsyanın bu sözləri gülüncdür. İnandırıcı səslənmir. - Azərbaycan indiki vəziyyətdə özünü necə aparmalıdır? - Azərbaycanda əfsuslar ki, ictimai rəyin formalaşdırılması üçün imkanlar yoxdur. Bu günlər Ermənistanda, Türkiyədə mitinqlər keçirilir. Azərbaycanın isə sərbəst toplaşmaq hüququ əlindən alınıb. Bununla da biz dünyaya göstərə bilmirik ki, Azərbaycan ictimaiyyəti nə istəyir, hansı tərəfdədir. Bir sükut var Azərbaycanda. Bu, çox neqativ haldır. Türkiyədə Azərbaycanla bağlı mitinqlər keçirilir, Azərbaycanın özündə isə susqunluq hökm sürür. Bu, Azərbaycana çox böyük zərər vurur. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti öz sözünü deməlidir. Ancaq emosiyalara qapılmamaq şərti ilə. Ona görə ki, Türkiyə həmişə Azərbaycanın arxasında olub və mən ümidvaram ki, belə də olacaq. - Bir sözlə, siz Türkiyəyə tam inanırsınız? - Bəli, mən inanıram. |
İlham Sultanov |