|
"Azadlıq" qəzeti 24.10.2009 |
|
"AZƏRBAYCANIN ENERJİ TƏMİNATÇISI KİMİ ROLU AZALIB" Lalə Şövkət: "Türkiyəni qazla şantaj etməkdənsə, qardaş ölkə ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək lazımdır" |
|
Azərbaycan Ankara ilə İrəvan arasında sərhədlərin açılmasını ehtiva edən protokolların imzalanmasını süngü ilə qarşılasa da, Türkiyə rəsmiləri Qarabağ problemi həll edilmədən sənədin qüvvəyə minməyəcəyini bəyan edirlər. Sonuncu belə bəyanat Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dilindən səslənib. Əhməd Davudoğlu Bakıya səfəri zamanı bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyəcəyi təqdirdə Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Türkiyə rəsmilərinin nə dərəcədə səmimi olduqları, ümumiyyətlə protokolların imzalanmasından sonra baş verən proseslərlə bağlı ALP lideri Lalə Şövkətin fikirlərini öyrəndik: - Mən Türkiyə ilə Ermənistan arasında məlum protokolların imzalanması ilə bağlı öz mövqeyimi bildirmişəm. Başa düşürük ki, protokollarda Türkiyənin maraqlarına xidmət edən bir sıra məsələlər var. Məsələn, Türkiyə Avropa Birliyinə daxil olmağa can atır. Avropa Birliyi isə uzun müddətdir ki, Türkiyənin qarşısına Ermənistanla sərhədləri açmaq şərtini qoyur. Həmçinin qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə təzyiqlər var idi. Amma bu sənəddə qondarma soyqırımla bağlı kampaniyanın dayandırılması və bu məsələnin araşdırılması nəzərdə tutulub. Üstəgəl Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur edilib. Bütün bunlar Türkiyə üçün mühüm məsələlərdir. Sənəddə Qarabağ problemi ilə də bağlı məqamlar var. Və təbii, biz istəyirik ki, iki ölkə arasında sərhədlər Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən sonra açılsın. Türkiyə Ermənistanla sərhədləri məhz bu səbəbdən bağlayıb. İndi nə dəyişib ki, sərhədlər açılsın? Əgər Ermənistan işğal etdiyi torpaqlardan çıxarsa, sərhədlər açıla bilər. Amma indiki vəziyyətdə sərhədlərin açılması Azərbaycanın milli maraqlarına ziddir. O ki, qaldı Türkiyə rəsmilərinin bəyanatlarına, inanıram ki, onlar verdiklərin sözün üstündə duracaqlar. Hər bir siyasətçinin qiyməti onun sözünün qiyməti qədərdir. İnanmıram ki, Türkiyə rəsmiləri - bu ölkənin prezidenti, baş naziri, xarici işlər naziri özlərini ucuz satsınlar. Fikrimcə, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Türkiyə rəsmiləri sərhədlərin açılmasına getməyəcək. Bir məqamı da qeyd edim, indiki vəziyyətdə Azərbaycan Türkiyə ilə birgə siyasət aparmalıdır. Protokolların imzalanmasından ratifikasiya edilməsinə qədər olan mərhələ mühüm mərhələdir. Bu mərhələdə biz Türkiyə ilə birgə çevik, ağıllı siyasət aparmalıyıq. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu barədə düşünməlidir. - Türkiyə ilə Azərbaycan arasında bayraq qalmaqalı davam edir. Azərbaycan rəsmiləri Şəhidlər Xiyabanından türk bayraqlarının yığışdırılmasını qanunla əsaslandırırlar. Əhməd Davudoğlu da öz növbəsində bildirib ki, Türkiyədə də bayraq haqqında qanun var, lakin Azərbaycan bayrağı istisnadır... - Mən Şəhidlər Xiyabanından türk bayraqlarının yığışdırılmasının şahidi olmuşam. Həmin gün ANS ÇM-ə çağırmışdılar və mən Şəhidlər Xiyabanının yanından keçəndə gördüm ki, türk şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısından Türkiyə bayraqları götürülür. Getdim maraqlandım, dedilər ki, göstəriş Bakı Şəhər İcra Hakimiyyətindən gəlib. Onlarla bir qədər mübahisə etdim, dedim ki, bu biabırçılıqdır. ANS ÇM-də veriliş zamanı da ilk olaraq bu məsələyə toxundum. Bursada baş verən olay əlbəttə səhv idi. Amma Azərbaycan hakimiyyəti bu səhvin qarşısında lap böyük səhv etdi. Bu, Azərbaycan üçün biabırçılıqdır. Türkiyə ilə Azərbaycan arasında həssas, sentimental münasibətlər var. Türkiyə bizə həmişə doğma olub. Ona görə də qanun varsa belə, türk bayrağı istisna olmalıdır. Axı türk bayrağı bizim üçün hansısa xarici ölkənin bayrağı anlamını daşımır. Demək olar ki, hər birimizin evində türk bayrağı var. Ona görə də bu biabırçılığa son qoyulmalıdır və türk bayraqları yenidən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısına qoyulmalıdır. - Lalə xanım, Azərbaycanın Hərbi Doktrinası Milli Məclisdə müzakirəyə çıxarılmadı və geri qaytarıldı. Bəzi məlumatlara görə, bu, Türkiyənin mövqeyi ilə bağlıdır. Yəni, Hərbi Doktrinada Türkiyənin Azərbaycanla strateji müttəfiq olması məsələsinə yenidən baxılacaq. Sizcə, bu nə dərəcədə doğru addımdır? - Mən bu məlumatların həqiqətəuyğun olduğuna inanmıram. Həmçinin düşünmürəm ki, Azərbaycan belə bir səhvə yol versin. - Bu günlərdə Milli Məclisin bir qrup deputatı Moskvada erməni həmkarları ilə görüşüblər. Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bir tərəfdən Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda qınanılır, digər tərəfdən isə azərbaycanlı deputatlar erməni həmkarları ilə hansısa sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu ziddiyyəti nə ilə izah edərdiniz? - Doğrudan da belə bir hadisə olubsa, bu, ziddiyyətdir və başadüşülən deyil. Ermənistan bizim torpaqlarımızın 20 faizini işğal edib. Bu ölkənin deputatları ilə hansısa sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsindən söhbət getməməlidir. Necə olur ki, Türkiyə hələ qüvvəyə minməmiş bir sənədə görə topa tutulur, amma bizim deputatlar erməni həmkarları ilə əməkdaşlıqdan danışırlar? Azərbaycan torpaqları azad edilməyincə, belə addımların atılması doğru deyil. - İlham Əliyev sonuncu müşavirəsində Azərbaycanın Türkiyəyə güzəştli şərtlərlə qaz satdığını dilə gətirdi və bir növ bunu başa qaxınc etdi. Sizcə, bu doğru mövqedir? - Əlbəttə ki, Türkiyəyə güzəştlərin başa qaxınc edilməsi doğru deyil. Axı Türkiyə də bizə çox məsələlərdə yardım edib, güzəştlərə gedib. Hesab edirəm ki, dövlət başçısının bu mövqeyi doğru deyil. Bu cür danışmaq ayıbdır. - Ölkə başçısı həmçinin Azərbaycanın enerji siyasətinin dəyişə biləcəyini bəyan etdi. Belə məlum oldu ki, bundan sonra Türkiyəyə böyük önəm verilməyəcək. Necə düşünürsünüz, enerji siyasətinin dəyişməsi Azərbaycanın maraqlarına uyğundurmu? - Bilirsiniz ki, oktyabrın 22-də Rusiyanın baş naziri Putinin bəyanatı oldu. O, bildirdi ki, Rusiya Avropaya qaz ixracında Türkiyəni əsas tranzit ölkə kimi görür. Deməli, artıq Azərbaycanın enerji resurslarından təsir vasitəsi kimi istifadə etməsi o qədər də effekt verməyəcək. Əksinə bu ziyanımıza olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasında ABŞ, Avropa ilə yanaşı Rusiyanın da böyük rolu olub. Faktiki olaraq indiki durumda Azərbaycan təklənib. Digər tərəfdən yuxarıda qeyd etdiyim kimi artıq Azərbaycanın dünyada enerji təminatçısı kimi rolu azalıb. Yeri gəlmişkən, bütün bunlar Azərbaycanın anlaşılmaz xarici siyasətinin nəticəsidir. Bilmirik ki, biz hara gedirik. Bu gün ölkəmiz olduqca ağır durumdadır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ölkəni hissləri ilə idarə edib, milli maraqlara zidd addımlar atmaqdansa, ölkəni təhlükəyə sala biləcək bəyanatlar verməkdənsə, ağılla, təmkinlə siyasət yürütməlidir. Türkiyəni qazla şantaj etməkdənsə, qardaş ölkə ilə müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək lazımdır. Fikrimcə, Azərbaycanın indiki durumdan çıxması üçün müxalifətli iqtidarlı hamı səy göstərməlidir. |
Xəyal |