|
"Bizim Yol" qəzeti 16.12.2009 |
|
"RAMİZ MEHDİYEVİN ÇIXIŞI BÖYÜK ETİRAFDIR" Lalə Şövkət: "Azərbaycan dəryada olan bir qayıqdır, nə xəritəsi, nə də kompası var, bilmir hara gedir" |
|
Cəmiyyətdə siyasi fəaliyyət o dərəcədə məhdudlaşıb ki, siyasətçilərlə müzakirə etməyə mövzu qıtlığı yaranır. Bununla da istər-istəməz siyasətçilər ekspertə, politoloqa çevrilir. Milli Birlik Hərəkatının lideri Lala Şövkətlə müsahibədə həmin çərçivəni dağıtmağa cəhd etdik. - Lalə xanım, ABŞ-nın Dağlıq Qarabağ separatçılarına yardımına görə hakimiyyət dairələri rəsmi Vaşinqtona qarşı sırt ritorikanı işə salıb. Parlamentin dünənki toplantısında prezident Obamaya və Konqresə müraciət etdi. Bu ərəfədə XİN başçısı Elmar Məmmədyarov İrana səfər etdi və maraq doğuran bəyanatlar səsləndirdi. Sadaladıqlarımda məqsədli əlaqələr görürsünüzmü? - Birincisi, Qərbə qarşı kampaniyalar ilk dəfə deyil ki, aparılır. Vaxtaşırı məhz seçki illərində, seçkidən öncə, və yaxud hansısa beynəlxalq təşkilatın sərt hesabatı təqdim olunanda iqtidar Qərbə qarşı kampaniyaya başlayır. Son 15 ilin siyasi hadisələrinə nəzər salsanız görərsiniz ki, eyni adamlar çıxış edir və eyni sözləri də deyirlər. İkinci, ABŞ Konqresinə sözsüz ki, etiraz bildirilməlidir. Çünki Ermənistan ərazimizi işğal etməklə separatçı rejim yaradıb. Bu mənada separatçılara yardım etmək yenidən müharibəyə sürükləmək deməkdir və qarşı tərəfi qeyri-konstruktiv mövqeyini gücləndirməkdir. Ona görə səslənən etiraz normaldır. Nazir Elmar Məmmədyarovun İrana səfəri isə birinci deyil. Ümumiyyətlə, Azərbaycanın xarici siyasət oriyentasiyası yoxdur. Obrazlı desək, Azərbaycan dəryada olan bir qayıqdır, nə xəritəsi var, nə də kompası var, bilmir hara gedir. əslində bu, balanslı yox, oriyentasiyasız siyasətdir. Ona görə gah Qərbə doğru, gah Rusiya doğru dönür və öz istiqamətini seçə bilmir. Bəziləri elə başa düşməsin ki, Azərbaycan Qərblə dostluq etsin, amma İran və Rusiya ilə yox. Xeyr, o cür düşünmürəm. İran və Rusiya qonşu ölkələrdir. Hər ölkənin diplomatiyasının əlifbası var. Bu qonşu ölkələrlə xoş münasibətlərdən başlanır. O ki qaldı oriyentasiyaya, bu, meyarlarla və dəyərlər sistemi ilə bağlıdır. Yəni biz Qərbin coğrafiyasına yox, dəyərlərini qəbul etmək üçün ora üz tuturuq. - Ancaq neçə illərdir həm politoloqlar, həm də həmkarlarınız bildirir ki, aparılan balanslı siyasətin sonu yetişir, qərar qəbul etmək zamanıdır. Siz isə oriyentasiyasız siyasətdən danışırsınız... - Bəli, həmişə Azərbaycanın balanslı siyasət apardığını demişik. Yəni region dövlətləri də daxil olmaqla ABŞ-la da strateji müttəfiqik. Ancaq strateji müttəfiqlik sözsüz ki, dəyərlərlə də bağlıdır və bu, çox mühüm məsələdir. Müttəfiqlik olmalıdır, amma strateji müttəfiqlik olanda gələcəyimizin strategiyası dəyərlərlə bağlanır. Mən də bir neçə ildir seçim zamanının olduğunu deyirəm. Ona görə seçim zamanındır ki, Azərbaycan gərək öz dəyərlər sistemini seçsin. Yəni hara gedirik, avtoritar Rusiyaya doğru, teokratik İrana, yoxsa həqiqətən sivil dəyərlərlə bağlı Qərbə üz tuturuq?! - Elmar Məmmədyarov İranda deyib ki, regionun təhlükəsizliyinə kənar ölkələr müdaxilə etməməlidir. Bununla bahəm parlamentdə NATO-nun tələbi ilə gündəmə "Alternativ xidmət haqqında" qanun layihəsi gətirilib. Bu paradoksu necə izah edərdiniz? - Bu, paradoks deyil, manevrdir. Belə siyasət təkcə Azərbaycanda deyil, bütün dünyada aparılır. Birdə görürsən ki, Amerika diplomatları totalitar dövlətlər olan Çində, Səudiyyə Ərəbistanında xoş sözlər deyirlər. Bunlar adicə diplomatik manevrdir. Əslində, xarici siyasət daxili siyasətin davamıdır və bunlar heç zaman biri-birindən təcrid olunmur. Sən hansı dəyərlərə üstünlük verirsənsə, xarici siyasət də bunun davamı olur. Biz bir tərəfdən demokratiya qurduğumuzu deyir, amma o biri tərəfdən insan hüquqlarını pozuruq, jurnalistləri, gənc bloggerləri həbs edirik. Bu isə artıq böyük ziddiyyətdir. - Hər seçkiöncəsi hakimiyyətin Qərbə qarşı sərt ritorikanı gücləndirdiyini vurğuladınız. Sizcə, 2010-cu ilə Qərbin hansısa hazırlığı var, yoxsa hakimiyyət özü qabaqlayıcı tədbirlər görür? - Bu gün seçkidən danışmaq gülüncdür. Çünki avtoritar hakimiyyət günü-gündən güclənir və biz demokratiyaya doğru yox, əks istiqamətə - diktaturaya sürüklənirik. İldən-ilə demokratik institutların fəaliyyəti məhdudlaşdırılır. Söz azadlığı böyük böhran içindədir, söz azadlığı da olmayanda seçkidən danışmaq absurddur. Seçki söz azadlığı və azad toplaşmaq hüququ ilə bağlıdır. Əgər illərlə xalq müxalifət liderlərini görmürsə, yalnız seçki kampaniyası dövründə 5 dəqiqə efir vaxtı verilirsə, hansı seçkidən danışmaq olar?! Belə vəziyyətdə 23 dekabr bələdiyyə seçkiləri də göstərdi ki, 2010-cu il parlament seçkiləri üçün hansı ssenari qurulur. İlk dəfədir ki, bələdiyyə seçkisini bir partiya aparır, YAP özü ilə danışır, özü də eşidir. Bu, artıq parlament seçkiləri üçün bir məşqdir. - Siz seçkidən danışmağı absurd sayırsınız, amma AXCP sədri Əli Kərimli Müsavatla birgə seçkilərdə iştirakdan danışıb. Bu məsələ Azadlıq Blokunda müzakirə olunubmu? - Qısa söhbət olub, amma hər hansı qərardan söhbət getməyib. Təklif olub, sadəcə, qərar yoxdur. - Siz bu təklifi necə dəyərləndirirsiniz? - Bu məsələ hələ müzakirə obyekti deyil və mən düşünürəm ki, müxalifətin indiki dağınıq vəziyyətində bir araya gəlinməlidir. Təəssüf ki, bu gün hər bir partiya özünün güclü olduğunu qələmə verir, lakin reallığa baxsaq hazırda güclü partiya yoxdur. Ona görə ki, müxalifət küncə sıxışdırılıb. Güclü partiya olsaydı, uğurdan danışardıq və heç olmasa bələdiyyə seçkilərində indiki vəziyyət yaranmazdı. Əlbəttə ki, mövcud durumu hakimiyyət yaratdı. Partiyaların fəaliyyətini elə məhdudlaşdırdı ki, heç bir partiya normal siyasi fəaliyyət apara bilmir. - O cümlədən də, Sizin partiya? - Bəli. Amma mən heç vaxt ən güclü olduğumuzu deməmişəm. Ümumiyyətlə, düşünürəm ki, indiki vəziyyətdə birincilik, güclülük söhbəti yersizdir. - Nə üçün bələdiyyə seçkilərində liberallardan səs-soraq çıxmadı? - Min nəfər üzvümüzü namizəd kimi irəli sürmüşdük, birini də qeydə almadılar. Biz əvvəlcə elə bildik ki, seçkilərə Qarabağ və Vətəndaş Birliyi Hərəkatı ilə birgə gedəcəyik. Lakin, seçkilərə artıq start veriləndə hərəkata xitam verilməsinə məcbur olduq. Bununla da planlarımızı həyata keçirə bilmədik. - Vəziyyətin bu həddə çatmasında kimləri günahkar sayırsınız? - Bu məsələləri jurnalistlər daha yaxşı bilər. Mən heç kimin adını çəkmək istəmirəm. Amma Müsavatla Ümid arasında narazılığın olması heç kimə sirr deyil. Halbuki o zaman bələdiyyə seçkilərinə start verilmişdi. Əlbəttə ki, indiki avtoritarlığın gücləndiyi vəziyyətdə biz gərək birləşəydik. Yəni hakimiyyətə alternativ birləşmiş müxalifət olmalı idi. - Siz müxalifətin indiki duruma salınmasında hakimiyyəti suçladınız. Hazırkı durumda mətbuatın hakimiyyətlə üz-üzə gəlməsində, yəni bizləri meydanda buraxmağınızda özünüzü günahkar sayırsınızmı? - Xeyr. Unutmayın ki, bundan əvvəl siyasətçilərin başına nə oyun gətirdilər. 26 noyabrda Qələbə meydanındakı vəhşilikdən sonra sərbəst toplaşmaq hüququ ləğv olundu, qərargahlardan məhrum olduq, regionlara getməyə, telekanallara çıxmağa da imkan vermirlər. Təsəvvür edin ki, tədbir keçirməyə hansısa bir yer ala bilmirik. Yəni birinci təzyiqlər və məhdudiyyətlər siyasətçilərə qarşı oldu. - Lalə xanım, dalana salınmağınızda özünüzün səhvinizi axtarmaq istəmirsiniz? - Mən dəfələrlə demişəm ki, səhvimiz həddən artıq çoxdur. Gərək, bunu etiraf edək. - Detallara vara bilərsinizmi? - Əsas detal ondan ibarətdir ki, müxalifət birləşib ortalığa güc qoya bilmədi. Bilirsiniz, ötən illərdə çoxlu birliklər olub, SİDSUH, DUH, Demokratik Konqres, Azadlıq Seçki Bloku, hamısının da aqibəti eyni olub. Nəyə görə bu birliklər uzun müddətli ola bilmirlər? - Sualın cavabı necədir? - Ona görə ki, müxalifət bir komanda kimi əməkdaşlıq etmək istəyirsə, burada artıq rəqabət olmamalıdır. Rəqabətlə əməkdaşlıq düz gəlmir. Necə ki, futbolda komanda daxilində qapıya qol üstündə rəqabət olarsa, komanda oyunu alınmaz. - Bəs hakimiyyət cəmiyyəti komanda kimi idarə edirmi? - Hakimiyyət cəmiyyəti komanda kimi idarə edib-etməməyindən asılı olmayaraq səlahiyyət imkanları var. Bəli, hakimiyyət daxilində qruplar var, ancaq onların əsas meyarı maliyyə imkanlarını genişləndirmək üzərindədir. Buna baxmayaraq onlar komanda kimi işləyə bilirlər. Bir nazir o birinə demir ki, sən zəifsən, yaxud agentsən. Adını xatırlamıram, həmkarlarınızdan biri köşəsində yazmışdı ki, bizdə doğru insanlara ya dəli, ya mavi, ya da agent deyirlər. Bax, bu Azərbaycanın gerçəkliyidir. Yenə də etiraf edirəm, müxalifətin birləşib komanda şəklində işləyə bilməməsi bizim böyük çatışmazlığımızdır. - Vəziyyətin bu həddə çatmasında siyasətçilərin iddiası rol oynadı, yoxsa kənar təsirlər? - Mən prosesin içində olduğumdan hesab edirəm ki, bizi birləşməyə iddialar qoymur. - Kimlərin iddiaları? - Sadəcə, alınmır. Heç kəsin adını çəkməyəcəyəm. - Son günlər müxtəlif dairələrdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsi müzakirə obyektinə çevrilib. Siz Mehdiyevin fikirlərini haqlı sayırsınızmı? - 2003-cü il prezident seçkisində mən çıxışımda bu məsələləri qaldıraraq demişdim ki, Azərbaycanda hər şeyin pulla ölçülməsi elmə də, təhsilə də sirayət edib. Bu sahələrin bərbad olması gələcəyimizin olmamasından xəbər verir. Əgər elm və təhsildə alver getsə, bu millət üçün faciədir. Mən o zaman həyəcan təbili çalmışdım. Doğrusu, gözləməzdim ki, Ramiz Mehdiyev "elmi bazara çevirmək" sözünü işlətsin. Amma son 10 ildə biz bu barədə dəfələrlə danışmışıq. Mehdiyevin çıxışı gec də olsa böyük etirafdır. - Ancaq administrasiya rəhbəri mövcud durumu yaradan korrupsiyadan, seçki saxtakarlığından danışmır, hansı etirafdan danışmaq olar? - Heç olmasa bu sahədən danışanda da, elmə biznes kimi baxmağı vurğulayır. Bu məqalədə xəstəliyin simptomları açılır, lakin xəstəliyin özünün diaqnozu qoyulmur. Diaqnoz isə Azərbaycanda dövlət siyasətinə çevrilmiş total korrupsiyadır, pulun hökmran olmasıdır. Və elm, təhsil bu korrupsiyanın əsas iştirakçısı deyil. Bu gün hansı meyarlar var? Birincisi korrupsiyadır ki, dövlət siyasətinə çevrilib. İkinci, münasibətlər sistemi pul üzərində qurulub. Hazırkı siyasət isə mövcud iqtidarın əsəridir. Bu yaxınlarda bir maraqlı sözə rast gəldim. Azadlıq Radiosunda Ramiz Mehdiyevin məqaləsi müzakirə olunanda, bir nəfər öz şərhində "Bura Bazarbaycandır" ifadəsini işlətmişdi. Yaxşı tapıntıdır. Yerindədir. - Bəs bu məqalələrin yazılması üçün niyə 15 il gözləmək lazımıydı? - Bugünkü etirafın motivasiyasını mən dəqiq söyləyə bilmərəm. Bundan sonra vəziyyətin inkişafına baxmaq lazımdır, ona görə ki, Ramiz Mehdiyev Azərbaycan siyasətində söz sahibidir. Və əgər o etiraf edir ki, vəziyyət bu həddə çatıb və səhv siyasət yeridilib, bundan irəli gələn nəticələri izləmək lazımdır. Lakin, bunun digər tərəfinə baxmaq lazımdır. Azərbaycanın büdcəsində elmə nə qədər pul ayrılır?! Biz nəinki dünyanın sivil ölkələri ilə müqayisədə, hətta MDB ölkələri ilə müqayisədə elmə qat-qat az maliyyə ayırırıq. Görün, alimlər hansı acınacaqlı vəziyyətdə yaşayırlar?! Onların məvacibi ilə hansı kitabı alıb elmlə məşğul olmaq mümkündür? Alim səhər evdən çıxanda axşam ailəsinə çörək gətirməsini düşünürsə, ondan hansı ixtiralar, kəşflər tələb edə bilərik?! Bu gün alimlərimizin əksəriyyəti dilənçi vəziyyətindədir. - Əgər alim etiraz etmirsə, o cür yaşamağa məhkum deyilmi? - Yox, əzizim. Bəli, razıyam ki, ziyalılar gərək öndə olardılar. Bütün dünyada ziyalılar həmişə öndə olublar. Amma hamını bir rəngdə görməyək. Çox ləyaqətli alimlərimiz var, ancaq onlar sosial problemlər məngənəsində o qədər çapalayırlar ki, elmlə məşğul ola bilmirlər. - Başda Anar olmaqla Yazıçılar Birliyi Ramiz Mehdiyevin dediklərini qəbul etmədilər. Siz ədəbiyyatı izləyirsinizmi və bu mənada qarşı tərəflərdən hansını haqlı sayırsınız? - Mən bir az gənc yazıçıları oxuyuram və onların arasında istedadlı yazarlar var. Sadəcə, onlar üçün imkan yaradılmalıdır ki, öz üzərlərində çalışsınlar. - Kimləri nəzərdə tutursunuz? - Ad çəkmək istəmirəm. Zövqümə uyğun olan beş nəfərin adını sadalaya bilərdim, lakin istedadlı olsalar da, hələ ki, masştabları lazımi səviyyədə deyil. Masştab isə dünyagörüşü ilə bağlıdır. Puşkin deyirdi ki, qızılgüldən yazmaq istəyirsənsə, bütün dünyada qızılgüllər haqqında yazılanları oxumalısan. Amma mən, bu sahədə, sözsüz ki, ekspert ola bilmərəm. Bu mənim sahəm deyil. - Lalə xanım, yenidən siyasi duruma qayıtmaq istərdim. Cəmiyyətlə təmaslar qura bilirsinizmi? - Cəmiyyətlə tədbirlərdə və əsasən şəxsi görüşlərimdə ünsiyyətdə oluram. - Əgər qərargahınız yoxdursa, bunlar necə mümkün olur? - Bu yaxınlarda bir neçə rayonda olmuşam. - Hansı rayonlarda? - Quba, Qusar və Şirvan rayonlarında olmuşam. Yəni insanlarla ünsiyyətdə olub nəbzi tuturam və informasiyanı həm də onlardan alıram. - İnsanların Sizdən əsas tələbləri nə olur? - Əsas tələb yox, əsas söz budur ki, bir iş görün, nəsə edin ki, vəziyyəti dəyişə biləsiniz. Birinci sual odur ki, Lalə xanım, vəziyyət elə belə də gedəcək? İkinci sual odur ki, Siz bunları düzəldə bilməyəcəksiniz? Bax, bu iki sualı ziyalısından da, qeyri-ziyalısından da daim eşidirəm. |
Natiq CAVADLI |