|
Mediaforum.az 24.12.2009 |
| LALƏ ŞÖVKƏT: "BU SEÇKİ AZƏRBAYCANI SOVET və KOMMUNİST PARTİYASI DÖVRÜNƏ BİR QƏDƏR DƏ YAXINLAŞDIRDI" |
|
"Media forum" saytının suallarını Azərbaycan Liberal Partiyasının qurucu lideri Lalə Şövkət cavablandırır. - Bələdiyyə seçkiləri necə keçdi? - Azərbaycanda seçki formal xarakter daşıyır. Alternativ olmayan yerdə hansı seçkidən danışmaq olar? Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, bir partiya alternativsiz seçkiyə qatılıb ona nəzarət edirdi. Seçki prosesi hakim Yeni Azərbaycan Partiyasının monopoliyasında oldu. Bu siyasi təşkilat seçkiyə qatılan yeganə partiya idi - özü deyir, özü eşidirdi, özü özünə alternativ idi. Bu seçki Azərbaycanı sovet və Kommunist Partiyası dövrünə bir qədər də yaxınlaşdırdı. - Rəsmi rəqəmlərə görə, 23 dekabr seçkiləri Azərbaycan tarixində ən aşağı seçici fəallığı qeydə alınan seçkidir. Bunu necə dəyərləndirirsiniz? - Mərkəzi Seçki Komissiyasının rəqəmlərinə inanmaq olmaz. Bizdə olan məlumata görə, səsvermədə seçicilərin 5-6 faizi iştirak edib. Yenə də karusel əməliyyatı aparılıb. Dekabrın 23-də Azərbaycanda ümumiyyətlə seçki ovqatı yox idi. Vətəndaşların bələdiyyə seçkilərində iştirak etməməsinin obyektiv səbəbləri var. İnsanlar passiv etiraz bildirirlər. Çünki mitinqlərə icazə verilmir, insanlar öz hüquqlarını müdafiə etmək imkanından məhrumdurlar. Hətta evləri uçurulan insanlar belə hüquqlarını müdafiə edə bilmirlər. Azərbaycan vətəndaşı hüquqsuz insana çevrilib. Dövlət vətəndaşların heç bir hüququnu təmin etmir. Bu, çox acınacaqlı və hakimiyyətin özü üçün faciəli vəziyyətdir. Çünki hər məsələnin bir həddi var. Adətən avtoritar ölkələrdə müəyyən bir sosial ədalət olur. Bunsuz avtoritar hakimiyyət duruş gətirə bilməz. Bu gün Azərbaycanda elementar sosial ədalət yoxdur. Ona görə də insanlar səsverməyə getməməklə həm seçkilərə inanmadıqlarını göstərirlər, həm də passiv etiraz edirlər. İnsanların nə bu hakimiyyətə ümidi, nə də seçkilərə inamı qalıb. - Müxalifətin bələdiyyə seçkilərinə birgə qiymət verəcəyi elan olunmuşdu... - Birgə rəyə ehtiyac var. Yəqin ki, birgə bəyanat olacaq. - Bu seçki bir məqamla da yadda qalacaq. Müxalifətin Avropa Şurasının müşahidə missiyası ilə görüşdən imtinasını nəzərdə tuturam. - Son zamanlar Avropadan gələn nümayəndə heyətlərinin bəziləri Azərbaycanda demokratiya və insan hüquqlarını deyil, enerji və təhlükəsizlik maraqlarını əsas meyar kimi götürürlər. Bu gün Avropa və ABŞ-la Azərbaycanın münasibətləri çox praqmatik münasibətlərdir. Avropa Şurası, AŞPA, Avropa Birliyi dəyərlər üzərində qurulmuş təşkilatlardır. Onların əsas meyarları demokratiya və insan hüquqlarıdır. Biz də onlardan bu dəyərlərə sadiqliyi umuruq və deyirik ki, Azərbaycana gələndə öz dəyərlərinizə sadiq qalın, xəyanət etməyin. Bizim Avropa təşkilatlarına əsas mesajımız bundan ibarətdir. Amma təəssüf ki, Avropa nümayəndələri çox hallarda bu avtoritar rejimin dəstəkçisinə çevrilirlər. Bu da hansısa praqmatik maraqların müqabilində olur. Bizim Avropa təşkilatları ilə əməkdaşlıqla bağlı mövqeyimiz dəyişməyib. Avropadakı idealist qüvvələrlə əməkdaşlıq edirik, sıx əlaqə saxlayırıq. Avropa Şurasının müşahidə missiyası il' görüşdən imtina birmənalı olaraq onların müxalifət liderlərinə münasibətdə etiket qaydalarını pozmaları, hörmətsizlik etmələri ilə bağlı idi. Müxalifət bu mövqeyində haqlıdır. - Bir necə gündən sonra parlament seçkiləri ili başlayır. Müxalifətin planları nədir? - Bu yalnız müxalifətin üzərinə düşən iş deyil. Müxalifət yalnız millətlə birlikdə nəsə edə bilər. Bizim əsas problemimiz eyni zamanda vətəndaşların bugünkü passivliyidir. Hakimiyyətlə bağlı bütün məsələlər aydındır, iqtidarın mövqeyini də, istiqamətini də başa düşürük. İndiki iqtidar ölkədə diktatura rejimi yaradıb. Gərək xalqın özü bu passivlikdən çıxsın. Xalq müxalifətin arxasında dayanmayana, hər bir insan öz hüquqları uğurunda mübarizə aparmayana qədər Azərbaycanda heç nə dəyişməyəcək. - Müxalifətin parlament seçkilərində birgə iştirakı mümkündürmü? - Bu haqda qərar vermək hələ tezdir. Hələ vaxt var. Amma müəyyən müzakirələr gedir. Müxalifətin parlament seçkilərində hansı formada iştirak edəcəyi yaxın bir neçə ayda məlum olacaq. - 2010-cu ildən nə gözləyirsiz? - Mən münəccim deyiləm və nə baş verəcəyini deyə bilmərəm. Amma bizim özümüzdən, xalqdan çox şey asılıdır. Durub nəyinsə baş verəcəyini, seçkilərin azad keçiriləcəyini, demokratiya qurulacağını gözləmək ancaq arzu ola bilər. Əgər biz bunun gerçək olmasını istəyiriksə, gərək hamımız öz hüquqlarımız uğrunda mübarizəyə hazır olaq. |
İmdad ƏLİZADƏ |