Mediaforum.Az
13.07.2010
"ARTIQ "AZADLIQ" BLOKUNUN FƏALİYYƏTİNƏ XİTAM VERİLİB"
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin "Media forum" saytına müsahibəsi
- Xeyli müddətdir siyasi proseslərdə iştirak etmirdiniz, mətbuatla təmas qurmurdunuz. Nə baş vermişdi?

- Martın 11-dən pauza götürdüm. Bu, "Azadlıq" bloku ilə bağlı idi. Məhz martın 11-də "Azadlıq" blokunun yığıncağında AXCP sədri Əli Kərimliyə dedim ki, Müsavat Partiyası ilə birləşmək üçün sizə sərbəstlik verirəm. Dedim heç cür düşünməyin ki, "Azadlıq" bloku sizə mane ola bilər, Müsavatla birləşmək istəyirsinizsə, birləşin. Bəzi qəzetlər AXCP ilə Müsavatın birləşməsinə maneə törətdiyimi yazırdılar. Əli bəyə bildirdim ki, pauza götürürəm və siz son qərarınızı müəyyənləşdirənədək danışmayacağam. Mən bu qərarı qəbul etmək məsuliyyətini bütövlüklə Əli bəyin üzərinə qoydum. Çünki bu onun seçimidir. Hələ fevral ayında bildirmişdim ki, əgər AXCP Müsavatla birləşərsə, avtomatik olaraq "Azadlıq" blokunun fəaliyyətinə xitam veriləcək.

- Hazırda "Azadlıq" blokunda nə baş verir? Blok mövcuddurmu?

- Heç nə baş vermir. Artıq "Azadlıq" blokunun fəaliyyətinə xitam verilib. Əgər AXCP Müsavatla seçki bloku yaratmaq haqda Rəyasət Heyəti səviyyəsində qərar qəbul edibsə, blok mövcud ola bilməz. Bu bizim üçün yenilik deyil, bunu gözləyirdik. Mən çox istəyirdim ki, Əli bəy bu məsələyə bir aydınlıq gətirsin və son seçimini etsin. Mənim üçün əsas məsələ cəbhəçilərin marağı və istəyi idi. Əli bəyə bir həftə əvvəl də dedim ki, ilk növbədə cəbhəçilərin istək və maraqlarını nəzərə alın.

Mən artıq öz pauzama son vermişəm. Bu qərarın, nəhayət ki, qəbul olunmasına çox şadam. Yeni birliyə uğur arzulayıram.

- Sizcə, "Azadlıq" blokundan çıxmaq cəbhəçilərin, yoxsa AXCP rəhbərliyinin qərarı idi?

- Məndə olan informasiyaya görə, bu, cəbhəçilərin istəyi idi. Çünki Əli bəy də dedi ki, sıravi cəbhəçilər də bunu istəyirlər.

- AXCP qəbul etdiyi qərar haqda müttəfiqlərini məlumatlandırıbmı?

- Sonuncu qərar haqda birmənalı məlumat olmayıb. Amma 15 gün əvvəl keçirdiyimiz görüşdə mən də öz qərarımı verdim və dedim ki, gedin, son qərarınızı müəyyənləşdirin. Bu barədə söhbətimiz olmuşdu.

- Lalə xanım, niyə "Azadlıq" blokunda olan digər partiyalar AXCP-Müsavat ittifaqında iştirak etmədi?

- Bizim buna heç bir meylimiz olmayıb. Mənim çox konkret qərarım vardı və bunu Əli bəy bilirdi. Çox konkret qərar vermişdim ki, heç bir halda Liberal Partiyası Müsavatla əməkdaşlıq və birliyə getməyəcək. Çünki Müsavat bütün körpüləri yandırdı. Elə məsələlər var ki, onlardan sonra həmin insanlarla oturub-durmaq düzgün deyil.

- AXCP-Müsavat ittifaqının perspektivlərini necə görürsünüz?

- Bunu onların özlərindən soruşun.

- Lalə xanım, rəhbərlik etdiyiniz Liberal Partiyası parlament seçkisində hansı formada iştirak edəcək?

- Artıq Liberal Partiyasının namizədlər siyahısı hazırdır. "Azadlıq" blokunda müttəfiqimiz olmuş Vətəndaş və İnkişaf Partiyasının da siyahısı tutulub. Parlament seçkisində iştirak məsələsində bir problem görmürəm. Hesab edirəm ki, yeni bir blok formatında seçkiyə qatılacağıq. Başqa partiyaların da bura qoşulması istisna deyil.

- Yeni blokda ADP də ola bilərmi?

- Mümkündür. Hələlik belə bir müzakirələr olmayıb.

- "Azadlıq" blokunun dağılması sizin parlament seçkisində namizəd olmamaq qərarınıza təsir edə bilərmi?

-Xeyr, mənim qərarım dəyişməyəcək və parlament seçkisində namizəd olmayacağam.

- "Azadlıq" blokuna parlament seçkisindən sonra gəlmişdiniz. Növbəti parlament seçkisi ərəfəsində blokda belə bir vəziyyətin yaranacağını təxmin edirdinizmi?

- 2005-ci ilin parlament seçkisi ərəfəsində "Azadlıq" bloku ilə saziş imzaladıq və əməkdaşlığımız oldu. Həmin dövrdə bütün məsələlərlə bağlı birgə bəyanat verərək birlikdə mövqe bildirdik. Hətta "Azadlıq" blokunun bəyanatına görə mən deputat mandatından imtina etdim. Çünki müttəfiqliyi hər şeydən üstün tutdum. Mənim deputat mandatından imtina etməyim "Azadlıq" blokundakı müttəfiqlərim qarşısında götürdüyüm öhdəliklərlə bağlı idi. "Azadlıq" blokundan deputat seçilən şəxslər mandatlarından imtina etmək haqda bəyanat imzalamışdılar. Mən də qol çəkdim. Mən bunu mənəvi öhdəlik hesab edirdim.

- Blok dağılandan sonra mandatdan imtina etdiyinizə görə peşman deyilsiniz ki?

- Mən hər bir addımımı dövrün şərtlərinə, hökmünə uyğun atıram. Hər dəqiqənin, saatın öz hökmü var. Mən heç vaxt peşmançılıq çəkmirəm.

- "Azadlıq" blokunun dağılması seçki ərəfəsində müxalifətin daha da zəifləməsinə səbəb ola bilərmi?

- İndi heç nə demək istəmirəm. Bu gün üçün yalnız cəbhəçilərə uğurlar arzulayıram. Eyni zamanda, bir məsələ ilə bağlı mövqeyimi çatdırmaq istəyirəm. İnsanlar ayrılanda da bunu elə etməlidirlər ki, etika çərçivəsindən kənara çıxmasınlar. Mən həmişə bunun tərəfdarı olmuşam. Mən heç vaxt ayrılandan və yaxud istefa verəndən sonra birlikdə işlədiyim, müttəfiqlik etdiyim insanlar haqda hansısa mənfi rəy söyləməmişəm və söyləməyəcəyəm. İstəməzdim ki, mətbuatda belə spekulyasiya getsin. Mən dörd il müttəfiqlik etmişəm. Bu gün cəbhəçilərə münasibətim çox müsbətdir. Onlarla bir ailə kimi idik. Bu, AXCP-nin cəbhəçilərin istək və maraqlarının nəzərə alınması ilə qəbul olunan qərarıdır. Ona görə də "Azadlıq" blokunun dağılmasına çox təmkinli və alicənab yanaşmaq lazımdır.

İmdad ƏLİZADƏ