MİA.AZ
13.07.2010
Lalə Şövkət: "Bu gündən "Azadlıq" blokunun fəaliyyətinə xitam verildi"
AXCP-nin seçki blokunda qarşıdan gələn parlament seçkilərində Müsavat Partiyası ilə birgə iştirak etmək barədə qərarı siyasət gündəmini dəyişdi. İlin əvvəlindən müttəfiqlərinə sadiq qalacaqlarını bəyan edən AXCP-nin belə bir addım atması müttəfiqləri üçün sürpriz olmayıb Azərbaycan Liberal Partiyanın lideri Lalə Şövkət bu barədə Müstəqil İnformasiya Agentliyinə müsahibə verib.

- Bilirsiniz ki, son altı ay ərzində həm "Azadlıq" qəzetinin yazarlarının bəziləri, həm AXCP funksionerlərinin əksəriyyəti AXCP-Müsavat birliyi propaqandasını aparırdılar. Bütün bunların hamısı görünən məsələ idi. Hətta yanvar ayında müsahibə verdim və dedim ki, biz heç bir maneçilik törədə bilmərik, qoy, AXCP sərbəst olaraq öz seçimini etsin. Əgər AXCP Müsavatla birləşmək istəyirsə, avtomatik olaraq, "Azadlıq" blokuna xitam veriləcək. Ona görə ki, Liberal Partiya heç bir vəchlə Müsavatla hansısa əməkdaşlığa, yaxud birliyə gedəsi deyil. Çünki Müsavat bütün körpüləri yandırıb. Bu, mənim qərarım idi. Ondan sonra Əli bəylə mənim bir neçə dəfə görüşüm olub. Mən birmənalı şəkildə demişəm ki, Əli bəy, sərbəstsiniz. O zaman mətbuatda mənim bu fikirlərimə min cür yozum verirlər. Hətta martın 11-də biz bir yerə yığılanda Əli bəyə dedim ki, bu məsələdə Sizə Mane olmamaq üçün mətbuatda pauza götürürəm, ta qərarınızı qəbul edənə kimi. Dedim ki, seçiminizi edin, ya "Azadlıq" bloku, ya Müsavat. Çünki bu, çox mühüm məsələdir. Biz 10 gün bundan qabaq da Əli bəylə təkbətək görüşmüşdük. Mən yenə də dedim ki, Əli bəy siz sərbəstsiniz. Görürdüm ki, AXCP-nin meyli, cəbhəçilərin istəyi Müsavatçılarla bir yerdə olmaqdır. Digər tərəfdən "Yeni Müsavat" qəzeti o qədər əziyyət çəkib bir ildir ki, bu birlikdən yazır. O qəzetin əziyyətinə də qiymət verirəm. Onların da əziyyəti yerdə qalmasın. Ona görə də dedim ki, əzizlərim, gedin birləşin, şəxsən mənim tərəfimdən heç bir maneçilik olmayacaq. Yəni bu qərarı gözləyirdim. Hər halda mən bunu mətbuatdan oxumaq istəmirdim. Amma indi olan şeydir də.

- Lalə xanım, bu qərar eyni zamanda "Azadlıq" blokunun parçalanması kimi də dəyərləndirilməlidir?

- Mən "Azadlıq" blokunda yaşca böyük olduğuma görə, məsuliyyəti öz üzərimə götürüb demişəm ki, əgər AXCP Müsavatla birləşsə, "Azadlıq" blokuna avtomatik olaraq xitam verilir. Artıq bu barədə qərar var, ona görə də bu gündən "Azadlıq" blokunun fəaliyyətinə xitam verilir.

- Ümumiyyətlə, necə düşünürsünüz, AXCP-nin Müsavatla seçkiyə birgə getməsi ümumi maraqlara xidmət edirmi?

- Bu sualı mənə yox, o birliyi yaradanlara verin. Mən özümə və partiyama görə məsuliyyət daşıyıram. Digərləri necə gedəcəklər, hansı maraqları üstün tutacaqlar, o mənlik deyil.

- Lalə xanım, "Azadlıq" kimi bir blokun bu şəkildə dağılması üzücü deyil mi?

- Təbii ki. Mən bu gün də cəbhəçilərə çox böyük simpatiya ilə yanaşıram. Biz bu beş ildə doğmalaşmışıq. Bu gün də onlarla münasibətim qalır. Düşünürəm ki, əgər cəbhəçilər bütövlüklə, həm funksionerlər, həm yazarları öz gələcəklərini Müsavatla birlikdə görürlərsə, onların istəyinə qarşı çıxa bilməzdim.

- Ötən parlament seçkilərində ALP təkbaşına 70 namizədlə seçkiyə getdi, əslində AXCP-yə ehtiyacınız yoxdur?

- Söhbət ehtiyacdan getmir. Mən demişdim ki, demokratiya uğrunda mübarizəni bütün demokratlar bir yerdə aparmalıdırlar. Ondan sonra Müsavat mənə qarşı çox çirkli qara piar kampaniyası apardı. Avtoritar ölkələrdə demokratik mübarizə aparmaq imkanları məhduddur, ona görə də birlik lazımdır. Amma görürsünüz ki, bunu qəbul etmədilər. Görünür, kiminsə marağında deyil. Ona görə də biz belə pərakəndə şəkildə seçkilərə gedirik. Mən bunu yaxşı hal hesab etmirəm. Bütün demokratik güvvələr birgə olsaydı, onda seçkilərin nəticəsinə ümid bəsləmək olardı. Demokratiya deyilən şey münasibətlər sistemi mədəniyyətidir. Demokratiyanın fundamenti məhz bu mədəniyyətdən irəli gəlir. Münasibətlər sistemi mədəniyyətli olmayanda, iqtidar müxalifətə, müxalifət iqtidara, müxalifət müxalifətə düşmən kimi baxanda artıq demokratiya olmur. Ona görə də biz yaxşı olmayan bir vəziyyətdəyik.

- 2005-ci ildə Siz verdiyiniz sözə və müttəfiqlərinizə sadiq qalaraq mandatdan imtina etdiniz, amma bu gün müttəfiqiniz Əli Kərimli verdiyi sözə sadiq qalmayaraq parlamentə gedən Müsavatı seçdi. Nə baş verdi?

- Bilirsiniz ki, mən sözü bütöv adamam. Əməlimdə və dilimdə həmişə birmənalı olmuşam. Sözümü demişəm və o sözü həyata keçirmişəm. Hər kəs bilir ki, öz sözümün yiyəsiyəm. Nəyin bahasına olursa-olsun dəyərlərimə sadiq qalmışam, qalacağam da. Hətta dövlət katibi postundan istefa verəndə bilirdim ki, bu, mənim karyeramın sonu ola bilər. Amma yenə də prinsiplərimə sadiq qaldım. Yəni burada hər bir insanın öz xarakteri, Prinsipi ilə bağlı məsələdir. Bu gün də 2005-ci olsaydı, müttəfiqlərimə söz versəydim, imza atsaydım, yenə də mandatdan imtina edəcəkdim.