|
ANS PRESS 26.07.2010 |
|
LALƏ ŞÖVKƏT: "MÜXALİFƏT DAXİLİNDƏ SİVİL MÜNASİBƏTLƏR SİSTEMİ YOXDUR" "Hakimiyyətin demokratik seçki keçirmək üçün siyasi iradəsi yoxdur" |
|
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ANS PRESS-ə müsahibəsi. - Lalə xanım öncə istərdik ölkədəki ictimai-siyasi vəziyyəti xarakterizə edəsiniz. Seçki ilidir. Seçkiyə də çox az vaxt qalıb. Sizcə, niyə seçki ab-havası müşahidə olunmur? - Siz haqlısınız ki, seçkiyə az vaxt qalsa da seçki ab-havası yoxdur. Bunun bir neçə səbəbi var. İlk səbəb odur ki, Azərbaycanda hakimiyyət tərəfindən bütün siyasi fəaliyyət məhdudlaşdırılıb. Müxalifət partiyalarının liderlərinin və digər funksionerlərinin telekanallara çıxmaq imkanları yoxdur. Bu gün Konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşmaq hüququmuz da məhdudlaşdırılıb, hətta deyərdim ki, qadağan olunub. Faktiki mitinqlər, piketlər keçirməyə imkan verilmir. Digər tərəfdən, müxalifət təmsilçiləri rayonlara gedib üzvlərlə, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşə bilmirlər. Bunlar hamısı konkret səbəblərdir. Eyni zamanda səbəb kimi biz müxalifət partiyalarının durumundakı dəyişiklikləri də göstərə bilərik. Əksəriyyət partiyaların qərargahları yoxdur. Qərargah yoxdursa, normal fəaliyyətdən danışmağa dəyməz. Partiyaların maliyyəsi yoxdur. Maliyyə yoxdursa, necə seçkiyə getmək olar? Seçki prosesi birbaşa maliyyəyə bağlı məsələdir. Növbəti bir məsələ ondan ibarətdir ki, bəzi partiyaların içərisində də qeyri-sağlam mühit var. Bütün bunlar ona gətirib çıxarıb ki, biz ölkədə seçki əhvalı görmürük. Konkret olaraq deyim ki, bu durumun yaranmasına iqtidar tərəfindən qoyulan məhdudiyyətlər və müxalifətin özünün zəifliyi səbəb olub. - Müxalifətin bu durumun yaranmasına gətirib çıxaran addımlarını necə xarakterizə etmək olar? - Mən əvvəla onu deyim ki, müxalifətin zəifliyi çox vaxt özündən asılı məsələ deyil. Ona görə ki, əgər siyasi fəaliyyət məhduddursa, müxalifətə normal fəaliyyətə imkan verilmirsə, buna görə birbaşa iqtidar günahkardır. Amma siyasi müxalifətin də içərisində elə məqamlar var ki, ümumilikdə bu düşərgəyə olan inamı azaldıb. Ən əsas odur ki, müxalifət öz içərisində sivil münasibətlər sistemini qura bilməyib. Bu, çox mühüm bir məsələdir. Çünki demokratiyanın əsası, təməli bu münasibətlər sisteminin mədəniyyətidir. Harada bu mədəniyyət yoxdursa, orda demokratiya yox, oxlokratiya olur. Ona görə də, çox təəssüflər olsun ki, biz müxalif qüvvələrin münasibətlərində bu sivil normaları görə bilmirik. Bunu mütləq qeyd etmək lazımdır. Biz həmişə deyirik ki, ölkədə iqtidar-müxalifət dialoqu ona görə yoxdur ki, iqtidar bu mədəniyyətə sahib deyil. Çünki bizdə iqtidar bütün normal ölkələrdə olduğu kimi müxalifətə opponent kimi yox, düşmən kimi baxır. Ancaq bir məqamı da qeyd etmək lazımdır: müxalifət də öz içində bir-birinə düşmən kimi baxır. Ona görə də bu gün iddia etmək olar ki, Azərbaycanda siyasi münasibətlər sisteminin mədəniyyəti formalaşmayıb. Bu isə demokratiya üçün əsasdır və demokratiyanın təməl daşıdır. - ALP seçkiyə necə hazırlaşır? "Azadlıq" bloku artıq fəaliyyətinə xitam verib. Yeni hər hansı bir blokun yaranması istiqamətində iş gedirmi? - Bu gün Azərbaycanda müxalifətin gücü zəifdir. Bunun səbəblərini mən sizə yuxarıda sadaladım. Şübhəsiz artıq "Azadlıq" blokunun fəaliyyətinə xitam verilib. Belə olan halda ALP bir neçə müxalifət partiyası ilə məsləhətləşmələrə start verib. Biz bu yöndə müzakirələrimizi davam etdiririk. Güman edirəm ki, avqust ayının sonunda konkret qərar qəbul edə biləcəyik. Şübhəsiz, qərar olandan sonra bunu mətbuata da bəyan edəcəyik. - Fakt odur ki, bu gün "Azadlıq" blokunun fəaliyyətinə xitam verilməklə, müxalifət düşərgəsində bir güc mərkəzi də dağıldı. O da faktdır ki, seçkidə müxalifətin geniş koalisiyasını yaratmaq mümkün olmur. Mən sizin bir fikrinizi xatırlayıram. "Birləşəndə elə birləşmək lazımdır ki, heç olmasa, atacağımız ilk 100 addımda bir-birimizə xəyanət etməyək". Bu gün Sizin üçün müxalifət düşərgəsində belə insanlar varmı? - Əvvəla, mən dediyim bu ifadəyə dəqiqlik gətirmək istəyirəm. Bəli, 1998-ci ildə belə bir çıxışım olub, ancaq fikirlərim fərqli formada olub. Mən məcazi mənada demişdim ki, əgər hansısa siyasətçinin yolu 100 kilometrdirsə, bu yolun 5 kilometrini kiminləsə getmək istəyirsə, heç olmasa bu 5 kilometrdə bir-birinə qarşı namərdlik etməsin. Sözsüz ki, bu, çox vacib məsələdir. Çünki Azərbaycanda bu gün avtoritar bir hakimiyyət mövcuddur. Bu avtoritar hakimiyyətlə mübarizə aparmaq üçün bütün müxlaifətin, demokratik qüvvələrin bir yerdə olması vacibdir. Ona görə də mən bu bəyanatla çıxış etdim. Təəssüflər olsun ki, bu bəyanatdan sonra mənə qarşı çox çirkin bir kampaniya başladı. Ondan sonra mən gördüm ki, təklif etdiyim birlik alınan deyil. Görünür, hələ Azərbaycanda siyasi mədəniyyət o səviyyədə deyil ki, insanlar demokratiya uğrunda mübarizədə birləşib mən dediyim kimi, 5 kilometr bu məsafəni gedə bilsinlər. Sonrakı prosesləri özünüz bilirsiniz. Vəziyyət o həddə çatdı ki, artıq "Azadlıq" bloku dağıldı və indi hər birimiz ayrılıqda öz yolumuza davam edirik. Düşünürəm ki, biz seçki bloku yaratmağa nail olacağıq. Biz bu yöndə əsasən Vətəndaş və İnkişaf Partiyası ilə (VİP) işləyirik. Çünki bu partiya ilə artıq 4 ildir ki, müttəfiqik. Bu 4 ildə biz VİP-lə çox ağır yol keçmişik. Ona görə də biz müttəfiqlərimizə, bizimlə bir yerdə olanlara hörmətlə yanaşırıq. Bu səbəbdən düşünürəm ki, yaranacaq blokun tərkibində bizimlə birgə mütləq VİP də olacaq. - İstərdim ki, AXCP ilə Müsavatın əməkdaşlığının müxalifətə nə verəcəyini şərh edəsiniz. Sizcə bu əməkdaşlıq müxalifətin böyük birliyinə səbəb olacaqmı? - Mən xahiş edirəm ki, bu sualı AXCP və Müsavat rəhbərinə verəsiniz. Bu suala cavab vermək istəmirəm. Mən xeyir-dua vermişəm, uğurlar arzulamışam. Bundan artığını isə heç kim məndən gözləməsin. - Bilirsiniz, Lalə xanım, bu sualı Müsavat və AXCP funksionerlərinə verən zaman pozitiv cavab alırıq. Əks düşərgədən soruşanda isə şübhəsiz mənfi cavab alırıq. Bu səbəbdən mən Sizdən obyektiv cavab almaq naminə bu sualı verdim. Fikrimcə, artıq müxalifətçi insanlara əsl həqiqəti deməyin vaxtıdır. Ancaq cavab verməmək haqqınız da var? - Təşəkkürlər. Mən də bu hüququmu özümdə saxlayıram. - Bu gün siyasətçilərə ölkədəki siyasi vəziyyətlə bağlı sual verən zaman ancaq problemləri sadalayırlar. Nədənsə çıxış yolunu heç kim demək istəmir. Sizcə yaranmış siyasi situasiyanı dəyişmək üçün istər iqtidar, istər də müxalifət tərəfindən hansı addımlar atılmalıdır? - İlk növbədə iqtidar tərəfindən siyasi iradə olmalıdır. Çünki siyasi iradə olmayan yerdə bu gün heç nə etmək mümkün deyil. Ona görə ki, bizim əslində çox yaxşı qanunlarımız da var, Konstitusiyamız da çox mütərəqqi sənəddir. Ancaq bunların heç biri işlək deyil. Fikrimcə, hakimiyyət siyasi iradəni ortaya qoyub islahatlara başlamalıdır. Fikrimcə, ilk növbədə siyasi məhbuslar azad edilməlidir. Siyasi məhbusların olması bilirsiniz ki, bütün dünyada çox kəskin əks-səda verir və Azərbaycanın imicinə pis təsir edir. İstedadlı jurnalistlərin və gənc bloggerlərin həbsdə olması bu ölkəyə baş ucalığı gətirmir. Fikrimcə, ilk növbədə bu insanlar azad edilməlidir. Mən anlayıram ki, hər şeyi birdən etmək mümkün deyil. Ancaq çox şeyi birdən eləmək olar. Çünki demokratiyanın da əlifbası var. Heç kəs iddia edə bilməz ki, sabah Azərbaycanı ABŞ kimi demokratik ölkəyə çevirmək mümkündür. Ancaq bir başlanğıc etmək lazımdır axı. İkinci məsələ isə korrupsiya ilə mübarizə aparmaqdır. Korrupsiya Azərbaycanda artıq total xarakter alıb və dövlət ideologiyasına çevrilib. Bu amil dövlətin təhlükəsizliyinə olan böyük bir maneədir. Ona görə də bu yöndə mübarizə dildə yox, işdə olmalıdır. Növbəti vacib addım bütün siyasi qüvvələrə normal, bərabər fəaliyyət mühiti yaratmaq olmalıdır. Müxalifət olmayan ölkədə inkişafdan danışmaq mümkün deyil. Ən nəhayət, heç olmasa builki seçkinin demokratik keçirilməsini təmin etmək lazımdır. Tez-tez deyirlər ki, Azərbaycan xalqı demokratik seçkiyə hazır deyil. Bunu biz xarici nümayəndələrdən də eşidirik. Doğrudur, Aristotelin belə bir deyimi var ki, azadlıq veriləndə pis adama da verilir, yaxşı adama da. Bu səbəbdən azadlığı verərkən fikirləşin, insanlar nə səviyyədədir. Ancaq tutaq ki, insanlar demokratik seçkiyə hazır deyil. Bəs bu insanları kim hazırlamalıdır? İnsanlar demokratiyaya hazır deyil deyə, demokratik islahatlar keçirməyəcəyik? Bu gün biz insanları demokratiyaya və demokratik seçkilərə hazırlamalıyıq. Ola bilər ilk dəfə insanlar seçdikləri adamda yanılsınlar. Amma sonrakı seçkidə daha təcrübəli olacaqlar. Beləliklə, bir neçə seçkidən sonra insanlar demokratik seçkilərə hazır olacaqlar. Bütün demokratik ölkələr bu yolu keçiblər. Bilirsiniz, bu gün hamı bilir ki, hakimiyyətin demokratik seçki keçirmək fikri olmasa, o zaman xalq kimə səs verir versin, mandat iqtidarın istədiyi adamlara verilir. Onu da deyim ki, bu gün müxalifətin davası mandat davası deyil. Biz mənəvi qələbə çalmaq istəyirik. Mənəvi qələbə isə ondan ibarətdir ki, biz bilməliyik xalq kimin tərəfindədir. Biz onu da bilirik ki, xalq müxalifətin tərəfindədir. Bu mənəvi qələbə mütləq görünəcək. Çünki iqtidar nümayəndələrinə heç kim səs verməyəcək. Bu adamların korrupsiya, rüşvətxorluq reputasiyasını korlayıb. - Bu seçkidə ilk dəfə maraqlı bir nüans müşahidə olunur. İlk dəfədir ki, hakim partiyanın seçkiyə az vaxt qalmasına baxmayaraq siyahısı hazır deyil. YAP mənsubları bunu taktiki məsələ kimi izah edir. Ancaq fərqli fikirlər də var. Siz necə düşünürsünüz, bu taktiki məsələdir, yoxsa daha ciddi səbəblər var? - Qismən birinci, qismən ikinci səbəb var. Bu, seçki taktikası da ola bilər. Ona görə də biz bu səbəbə sağlam yanaşmalıyıq. Çünki hər partiyanın öz seçki taktikası var. Ancaq hamımıza bəllidir ki, hakimiyyət daxilində bir neçə qrup mövcuddur. Bu qrupların arasındakı münasibətlər isə düşmənçilik səviyyəsindədir. Hər qrupun başında duran oliqarxın da öz siyahısı var. Bu siyahı davası olacaq. Ola bilər ki, görünməsin, amma mütləq olacaq. - Seçkiyə beynəlxalq marağı necə qiymətləndirirsiniz? Eyni zamanda, payızda baş tutacaq parlament seçkisindən nə gözləyirsiniz? - Mən o qədər də nikbin deyiləm. Ona görə ki, bu gün iqtidar ortaya siyasi iradə qoymur. Hakimiyyətin demokratik seçki keçirmək istəyi yoxdursa, onda nikbin olmağa da əsas qalmır. O ki qaldı beynəlxalq təşkilatların marağına, bu maraq var və artır. Sözsüz ki, bu seçkiyə də maraq böyük olacaq. |
Ceyhun Nağı |