"Azadlıq" qəzeti
7.09.2011
"NEFT DƏ, MİLYARDLAR DA DİKTATURAYA DƏSTƏK OLMAYACAQ"
Lalə ŞÖVKƏT: "Azərbaycanda gedən prosesin ən təhlükəli cəhəti odur ki, hakim elita unudulan xalqı vecinə almır"
"Allah hərəyə bir ömür verib və bu ömrü diktaturada şanssız, hüquqsuz, qeyri-azad, səfil yaşamaq özü günahdır"
ALP lideri, professor Lalə Şövkət son çağlar dünya və ölkə gündəmini məşğul edən ən aktual məsələləri ilə bağlı "Azadlıq"ın suallarını cavablandırıb.

- 2 aprel aksiyasında iştirak edənlərə çıxarılan hökm bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib. Hələ qarşıda bir neçə məhkəmə prosesi var və orada da oxşar hökmlərin çıxarılacağı gözlənilir. Siz bu məhkəmə qərarlarını necə qiymətləndirirsiniz?

- Liberal Partiya bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edib. Mən yenə də təkrar edirəm, 2 aprel aksiyasına görə müxalifət fəallarının həbsi və onlara verilən məhkəmə qərarları siyasi sifarişdir, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. İndiki çox həssas bir dövrdə yenə də Azərbaycanın imicinə böyük xələldir. Onsuz da son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan iqtidarı antidemokratik hərəkətlərinə görə çox ciddi şəkildə tənqid olunur. Belə olan vəziyyətdə anlaya bilmirəm, iqtidar niyə görə artıq özünə qarşı belə qeyri-adekvat, bəsit addımlar atır. Yəni, bir neçə müxalifətçi bu dövlət üçün belə bir təhlükədir?

- Bəziləri elə hesab edir ki, belə məhkəmə qərarları insanların gözünü qorxutmağa hesablanıb. Sizcə, bu yolla insanları qorxutmaq mümkün olacaqmı?

- Artıq insanların gözü açılıb. İndiki zəmanədə insanlar qapalı cəmiyyətlərə xas olan qorxu hissindən azad olurlar, internet inqilabı bütün dünyanı açıq cəmiyyətə çevirir. Belə olan halda iqtidarın bu cür hərəkətləri insanlarda qorxu yox, nifrət hissini oyadır.

- Uzun müqavimətdən sonra Qəzzafi devrildi, yəqin ki, növbə Bəşər Əsədindir. Sizcə, Suriyadan sonra inqilab dalğası hansı ölkələri əhatə edəcək?

- Həqiqətən də növbə Bəşər Əsədindir və bu məsələ artıq qlobal səviyyədə həll olunub. Dediyim kimi, diktaturalar və ələlxüsus öz millətini məhv edən diktatorların əqibəti qlobal problemdir. Və qlobal problemlər qlobal səviyyədə həll olunur. Çox güman ki, bu inqilab dalğası digər totalitar, avtoritar və diktatura ölkələrini də əhatə edəcək. Konkret ardıcıllığı müəyyən etmək çətindir. Lakin, düşünürəm bu Şərq dövlətlərindən sonra post-sovet məkanına sirayət edəcək.

- Növbəti inqilab dayanacağının İran olacağı ilə bağlı proqnozlar var. Bu proses baş verəcəyi halda orda əsas rolu azərbaycanlıların oynayacağı ehtimalı böyükdür. Hazırda İranda baş verənlər, Urmiya gölünün qurudulmasına etiraz aksiyası buna təkan ola bilərmi?

- Bu proqnozlar özlərini doğrulda bilər. Çox təəssüf ki, bu gün İranda böyük siyasi və sosial problemlər öz pik vəziyyətinə çatıb. İnsan hüquqlarının kobud pozulması, ələlxüsus türklərin həm insan, həm siyasi, həm iqtisadi, həm mədəni hüquqlarının pozulması, geniş yayılan siyasi repressiyalar, bunlara qarşı kütləvi aksiyalar və hökumətin bu aksiyalara qeyri-adekvat sərt cavabı vəziyyəti gərginləşdirir və ölkə miqyasında böyük təlatümlərə gətirə bilər.
YUNESKO tərəfindən dünyanın təbii sərvəti kimi qeydiyyatdan keçən Cənubi Azərbaycanda yerləşən Urmiya gölünün problemləri ilə bağlı etiraz aksiyaları günü gündən genişlənir. Azərbaycanlıların sıx yaşadığı bölgədə yerləşən Urmiya gölünün qurumasına biganə qalan İran hakimiyyətinin siyasətinə etiraz edən azərbaycanlılar Təbriz, Urmiya, Ərdəbil və sair şəhərlərdə dinc aksiyaları keçirməkdədirlər. Aksiyalara çıxan insanlar ekoloji fəlakətə gətirə bilən və insanların səhhətinə ağır fəsadlara səbəb ola biləcək Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin heç bir tədbir görməməsinə etiraz ediblər. Lakin, İran iqtidarı bu problemi həll etmək əvəzinə yüzlərlə aksiya iştirakçılarına qarşı repressiyalara əl atdı. Bu, əlbəttə ki, qətiyyən qəbul-olunmazdır və bu hadisələrin bu yöndə gedişatı digər problemlərlə yanaşı, əlbəttə ki, daha da böyük etiraz dalğalarına təkan verə bilər.

- Gələn il Rusiya və İranda seçkilər keçiriləcək. Bu ölkələrdə siyasi təlatümlər gözləniləndir. Bunun Azərbaycana hansı mümkün təsirləri ola bilər?

- Rusiya və İran bizim böyük qonşularımızdır. Orada gedən proseslərin Azərbaycana təsiri, sözsüz ki, müəyyən dərəcədə həmişə olub və olacaq. Əsas məsələ ondan ibarətdir ki, bu təsir pozitiv və yaxud neqativ olacaq. Bu ölkələrdə gələn il keçirilən seçkilər, düşünmürəm ki, sakit və rəvan keçəcək. Həm Rusiyada, həm İranda durum birmənalı deyil. Hər halda, yaşayarıq  görərik.

- Türkiyə prezidenti Abdulla Gül bildirib ki, müasir dünyada avtoritarlara yer yoxdur. Onları ya xalq devirəcək, ya da özləri gedəcək. Türkiyə isə hər zaman xalqların yanında olacaq. Bu bəyanatda Azərbaycanın payı nə qədərdir?

- Müasir qloballaşan dünyada beynəlxalq təhlükəsizliyin yeganə qarantı demokratiyadır. Demokratiya artıq hansısa bir ölkənin daxili işi deyil, bugünkü dünyanın əsas şərtidir. Və məsələ yalnız insan hüquqlarının və azadlıqların təminatında deyil, onunla bərabər dünyada sülhün bərqərar olmasında və təhlükəsizlikdədir. Ümumiyyətlə, XXI əsrdə avtoritar və diktatura rejimləri tarixi anaxronizmə çevrilməkdədirlər, onlar yeni dünyanın çağırışlarına cavab vermək imkanında deyillər. Bu gün ərəb dünyasında gedən inqilab dalğası on minlərlə insanın həyatına son qoydu, və bir də sübut etdi ki, diktatorlar öz hakimiyyət hərisliyinə və sırf şəxsi maraqlarına görə minlərlə insanı məhv etməyə qadirdirlər. Yəni onlar üçün xalq, insanlar yalnız alətdir. İndiki açıq dünyada isə heç bir insan alət rolunda yaşamaq istəmir. Allahımız hər birimizə bir ömür verib və bu ömrü diktatura ölkələrində şanssız, hüquqsuz, qeyri-azad, səfil, perspektivsiz yaşamaq özü günahdır. Bütün dünyanın insanları bunu artıq dərk etməkdədir və öz hüquqları uğrunda mübarizə aparmaqdadırlar.
Türkiyə prezidentinin bəyanatı məhz müasir dünyanın siyasi mentalitetinə arxalanır. Türkiyə bu gün Şərqin lider dövlətidir və ərəb inqilablarında o həqiqətən xalqın yanında oldu və birmənalı olaraq nəinki Şərqdə, həm də dünya səviyyəsində söz sahibinə çevrildi.
O ki, qaldı Azərbaycana, təəssüf ki, Azərbaycan hələ də demokratik ölkə deyil. Ona görə sayın Abdulla Gülün bəyanatında, sözsüz ki, bizim də payımız var. Azərbaycan iqtidarı da insanlara bir alət kimi baxır. Bununla bağlı ABŞ-ın "Karnegi" Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal "Open democracy" jurnalında yazdığı fikirə diqqət yetirmək istəyirəm: "Azərbaycanda gedən prosesin ən təhlükəli cəhəti odur ki, hakim elita unudulan xalqı vecinə almır". Bunu artıq müxalifət demir, bunu dünya ictimaiyyəti bilir və deyir. Həqiqətən bu gün Azərbaycanda iqtidar və millət paralel dünyalarda yaşayırlar. Hərəsi özü üçün. Fazil İsgəndər demişkən bunun müsbət cəhətləri ola bilər, lakin mənfi cəhəti danılmazdır  hər iki tərəf heç bir məsuliyyət daşımır (qarşılıqlı məsuliyyətsizlik). Nə insan hüquqları və azadlıqlarının, nə mülkiyyət hüququnun dövlət tərəfindən heç bir təminatı yoxdur. İnsanların seçim imkanı, öz taleyinə təsir imkanı yox dərəcəsindədir. İnsanların dövlətə nə etibarı, nə inamı qalıb. İnsanlar öz vətənində özgələrə dönüblər. Belə bir vəziyyət isə uzun sürə bilməz.
Mən artıq neçə ildir bugünkü iqtidarı təcili və ardıcıl demokratik islahatlara çağırıram. Ya özləri inqilabi dəyişiklərə getməlidirlər, ya da aşağıdan gələn inqilab dalğası onları yox edəcək. Burada üçüncü yol yoxdur. Amma çox təəssüf ki, iqtidar dünyada gedən proseslərdən özü üçün heç bir nəticə çıxarmır və qeyri-adekvat addımlar atır. Onlar arxayın idilər ki, neft kartı onlar üçün bütün qapıları açacaq və onların hakimiyyətini əbədi edəcək. Lakin, dünyada vəziyyət artıq onların düşündüyü kimi deyil. Heç bir neft kartı və milyardlarla pul artıq diktaturaya dəstək qazandıra bilməzlər. Həm Mübarəkin, həm Qəzzafinin milyardları onları xilas edə bilmədi.
Eyni zamanda, əgər yaxın tarixə baxsaq, biz demokratiyaya artıq klassik olan keçidləri müşahidə edə bilərik. Bunlar İspaniyada, Portuqaliyada, Cənubi Afrikada müvəffəqiyyətlə həyata keçirildi, çünki bu ölkələrin avtoritar rejimlərdən çıxan liderləri özləri diktatura yolunun tükənməsini dərk edib, köklü islahatlara getdilər.

- Son günlər Türkiyə-İsrail münasibətlərindəki gərginlik dünya gündəminin əsas mövzularından biridir. Sizin də bu məsələyə münasibətiniz maraqlı olardı ...

- Mən çox təəssüf edirəm ki, Türkiyə ilə İsrail arasında olan münasibətlər gərginləşib. Bu ölkələrin dostluğu bütün Şərqə pozitiv təsir göstərirdi. Tarixən türklərlə yəhudilər arasında həmişə isti münasibətlər mövcud olub. Misal üçün, Rot Sesilin məşhur "Yəhudilərin tarixi" kitabında yazılıb ki, "Türkiyə yəhudi xalqını fiziki məhvdən öz imperiyasının qapılarını onu üçün geniş açaraq xilas etmişdir". Bu danılmaz tarixi faktdır.
Bu günə qalanda Türkiyə haqlı olaraq faciəli "Mavi Mərmərə" hadisəsi ilə bağlı İsraildən üzr istəməsini tələb etmişdir. Lakin, İsrailin baş naziri Benyamin Netanyahu bu məsələ ilə bağlı "İsrailin üzr istəməyə ehtiyacı yoxdur" bəyanatı ilə çıxış edərək, düşünürəm, siyasi səhvə yol verib.
Amma indiki vəziyyətə baxmayaraq, ümidvaram ki, yaxın gələcəkdə bu iki dövlət arasında olan gərginlik aradan götürüləcək. Bu Azərbaycan üçün, onun beynəlxalq səhnədə maraqlarının müdafiəsi üçün də çox önəmli məsələdir.