"Bizim Yol" qəzeti
24.09.2011
"HAKİMİYYƏTİN VƏZİYYƏTİ MÜXALİFƏTİNDƏKİNDƏN DƏ PİSDİR"
Lalə Şövkət: "Balanslaşdırılmış xarici siyasət vaxtında düzgün seçim edə bilmədiyinə görə bütövlüklə iflasa uğradı"
"Dünya ictimaiyyəti Azərbaycan iqtidarı ilə bağlı öz qərarını verəcək"
Dünyada cərəyan edən qaynar hadisələr Azərbaycanı da öz cənginə alıb. Bir tərəfdən ərəb ölkələrində baş verən inqilablar, Qərbin bu yöndə avtoritar ölkələrə təzyiqlərinin artması, Türkiyənin siyasi dəyişikliklərdə katalizator rolu oynaması, digər tərəfdən ölkədə etirazların güclənməsi, müxalifətin aktivləşməsi vəziyyəti mürəkkəbləşdirib.
Azərbaycan regionun ən böyük dövlətləri olan Türkiyə və İsrail münaqişəsinə doğru da sürüklənir. Hər iki ölkənin çarpaz təzyiqlərinə məruz qalan Rəsmi Bakının durumu çıxılmaz görünür.
Digər mühüm hadisə "Wikileaks" saytının açıqladığı məxfi diplomatik yazışmalarda Azərbaycan rəhbərliyinin hədəfə alınması, region dövlətləri ilə münasibətlərinin pisləşdirməyə cəhd edilməsi diqqət çəkir.
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət "Bizim Yol"a müsahibəsində bu mövzular ətrafında fikirlərini bölüşüb.


- Lalə xanım, İsrail-Türkiyə münasibətlərinin düşmənçilik həddinə çatması kontekstində Azərbaycanın hansı mövqe tutmalı olduğuna dair cəmiyyətdə müzakirələr gedir. Sizcə, bu məsələdə Azərbaycan hansı cəbhədə yer almalıdır?

- Birincisi, "Mavi Mərmərə" gəmisi ilə bağlı qanlı hadisələrdən sonra İsrail Türkiyədən birmənalı olaraq üzr istəməli idi. İsrailin Türkiyədən üzr istəməməsi və bu məsələdə israrlı özlərini haqlı hesab etməsi çox yanlış siyasət və təhlükəli addımdır. Düşünürəm ki, bu məsələyə görə, geci-tezi İsrail Türkiyədən üzr istəyəcək. Yaxın Şərqdə İsrailin müttəfiqi olan böyük müsəlman ölkəsini itirmək İsrail üçün bağışlanmaz səhv olardı. İkincisi, Türkiyə hər zaman bizim ana dövlətimiz olaraq Azərbaycanın arxasında durub, ona ən çətin tarixi məqamlarda ona təmənnasız dayaq olub. Düşünürəm ki, Türkiyə olmasaydı, bu gün müstəqil Azərbaycan olmazdı. Bu çox mühüm məsələdir. Mən on illərdir deyirəm ki, Türkiyə ilə Azərbaycan arasında bundan da sıx strateji və hərbi əməkdaşlıq olmalıdır. Türkiyə və Azərbaycan münasibətləri konfederativ səviyyəyə yüksəlməlidir. Geci-tezi bu onsuzda olacaq. Üçüncüsü, Türkiyə uzun illərdir Azərbaycana görə, Ermənistanla sərhədləri açmır. Və bu fakt ABŞ və Avropa Birliyinin Türkiyəyə qarşı ciddi təzyiqlərin səbəbidir. Məhz Qarabağ probleminə görə, Türkiyə Ermənistanla sərhədlərini açmadı və diplomatik münasibətlər qurmadı. Hesab edirəm ki, bu da olduqca mühüm məsələdir. Və bütün bu amilləri nəzərə alaraq indiki kövrək şəraitdə Türkiyə Azərbaycanla birlikdə yaratdığı Strateji Əməkdaşlıq Şurasının toplantısını təcili çağırmalı və burada birgə müzakirə aparılıb ortaq məxrəcə gəlinməlidir. Yəni Azərbaycan bu məsələdə Türkiyənin yanında olmalıdır. Digər tərəfdən, mən istəməzdim ki, nə Azərbaycan, nə də Türkiyə İsraillə münasibətləri kəskinləşdirsin və bu məsələ ilə bağlı daha ağır fəsadlar baş versin. Düşünürəm ki, dünyada gedən prosesləri nəzərə alaraq bu məsələ öz həllini tapacaq.

- "Wikileaks" saytının açıqladığı məxfi teleqramların Azərbaycanla bağlı hissəsində sensasion məlumatlara rast gəlinir. Burada Azərbaycan rəsmilərinin İrana işləməsindən tutmuş Türkiyəyə qarşı çıxmasına dair məlumatlar öz əksini tapıb. Siz bu saytı izləyirsinizmi və açıqlanan informasiyalara münasibətiniz necədir?

- "Wikileaks" saytı informasiya məkanında və dünya siyasətində çox böyük inqilab etdi. Mən "Wikileaks" saytının açıqladığı bütün məxfi diplomatik yazışmaları diqqətlə izləyirəm. Sözsüz ki, bunlar ciddi məsələdir. Əslində qeyd etmək istərdim ki, orada gedən Azərbaycanla bağlı məlumatlardan bizim də xəbərimiz var idi. Lakin, bəzi məsələlərin çılpaqlığı ilə açılması bizim üçün də böyük maraq kəsb etdi. "Wikileaks" bizdə olan məlumatların çoxunu təsdiqlədi və çox məsələlərin təfərrüatına vardı. Hakimiyyətin davranışını, hərəkətlərini, təfəkkür tərzini, məntiqini, daha doğrusu çox vaxt məntiqsizliyini görürdük və siyasətçi olaraq çox şeyi bilirdik. Amma biz bildiyimizi bütün dünyaya açmaq və təsdiqləmək "Wikileaks"in şücaətidir. Düşünürəm ki, bu məlumatlar Azərbaycan xalqının da gözünü açacaq. Bir var bu məlumatlar şayiə səviyyəsində olsun, müxalifətin dilindən səsləndirilsin, bir də var bunu artıq Azərbaycanda olan xarici diplomatlar təsdiqləsinlər. Burada ciddi məsələlər açıqlanıb. Həm korrupsiya, həm mafiya, həm talançılıqla, həm rəsmi şəxslərin başqa dövlətlərə işləməsi ilə bağlı məqamlar var, özü də hakimiyyət nümayəndələrinin öz dili ilə. Bizim bundan xəbərimiz olsa da, daha düşünmürdük ki, burada olan xarici diplomatlar məsələləri bu dərəcədə yaxından izləyir və düzgün təhlil edirlər.

- Açıqlanan bu informasiyalar Azərbaycanda siyasi fəallığın artmasına gətirib çıxara bilərmi?

- Azərbaycanda gedən siyasi proseslər haqqında son zamanlar Türkiyə, Amerika və Avropa mətbuatında maraqlı yazılar gedir. Yerli mətbuatımızda da millətimizin siyasi fəallığı haqqında yazılar, şərhlər, mövqelər, yanaşmalar olub. Lakin, buna rəğmən Azərbaycanda insanların siyasi və sosial passivliyi göz qabağındadır. Bizim insanlarımızın çoxu nə öz hüquqlarını bilir, nə onlar uğrunda mübarizə aparırlar. Sözsüz ki, "Wikileaks"də olan informasiyalar siyasi aktivliyə təkan ola bilərdi. Lakin, bunların çoxunu xalqımız artıq nəinki bilir, onların ağırlığı altında gündəlik yaşayır. Azərbaycanda olan yalan, talançılıq, korrupsiya, hüquqsuzluq, məmurların günbəgün artan özbaşınalığı millətimiz üçün yeni bir xəbər deyil. Bizim insanlarımız fəal olmasalar, özlərini vətəndaş kimi hiss etməsələr, öz hüquqlarını dərk edərək hüquqları uğrunda mübarizə aparmasalar vəziyyət belə də davam edəcək. Bunu başa düşmək, dərk etmək lazımdır. Yəni bu gün hər şey millətdən asılıdır. Hakimiyyətlə hər şey bəllidir, çünki bu gözümüzün qabağındadır. "Wikileaks" sübut etdi ki, bunu dünya da bilir. Bu da ona dəlalət edir ki, dünya ictimaiyyəti Azərbaycan iqtidarı ilə bağlı öz qərarını verəcək. Bu artıq zaman məsələsidir.

- "Wikileaks" saytının ölkəmizlə bağlı açıqladığı informasiyalar Azərbaycan müxalifətini, bu ölkəni sevənləri birləşdirməlidirmi?

- Bilirsinizmi, siz mənim üçün olduqca ağrılı bir mövzuya toxundunuz. Mən 20 ildir ki, bu haqda danışıram. Amma bilirsiniz ki, Azərbaycan müxalifəti özünəməxsus orijinal müxalifətdir. Bu birlik məsələsi də nə qədər Azərbaycan müxalifəti üçün zəruri olsa da illərlə alınmır ki, alınmır. Alınanda isə səmimi alınmır. Səmimi birlik olmayanda, bu müvəqqəti birlik olur. Sözsüz ki, müvəqqəti birliyin heç bir müsbət nəticəsi olası deyil. Yəqin ki, belə bir məqam yaranacaq ki, müxalifətdə olan ağıllı, millətini və dövlətini sevən insanlar başa düşəcəklər ki, bütün ambisiyaları bir kənara qoyaraq birləşib millətin önünə çıxmaq lazımdır. Bu mühüm məsələdir. Bizim müxalifətdə hələ ki, bu atmosfer yetişməyib. Burada ambisiyalar, dedi-qodu, lazımsız söhbətlər çoxdur. Biri deyir ki, mən böyüyəm, o birisi balacadır. Primitiv davranışdır, uşaq oyunudur. Məhz buna görə, təəssüf olsun, müxalifət illərlə qapalı çərçivədən çıxmır. Və təkrar-təkrar eyni səhvlərə yol verir. Ümid edirəm ki, hansısa bir məqamda müxalifət öz səhvlərini dərk edəcək və bir araya gələcək. Birlik deyəndə mən ancaq siyasi müxalifəti nəzərdə tutmuram. Bizdə ictimai müxalifət, demokratik düşüncəli ziyalılarımız, yazarlarımız, gənclərimiz var. Bu gün onların hamısının birliyi vacibdir. Yəni ancaq partiyaların yox. Demokratiyanı kim qura bilər? Yalnız demokrat. Demokrat kimdir? Əlbəttə ki, geniş dünyagörüşü, dünyaduyumu, yüksək intellektual səviyyəni, və ən əsası sosial və siyasi mədəniyyəti özündə ehtiva edən insandır. Əgər bunların biri yoxdursa, həmin şəxs demokratiyadan ancaq danışa bilər, lakin əlinə imkan da düşsə demokratiyanı heç vaxt qura bilməz. Ona görə də, məhz demokrat düşüncəli, mədəni, bilikli, dünyada gedən prosesləri analiz edə bilən insanlar birləşib Azərbaycanda nəsə dəyişə bilərlər. Yox əgər, hamısı özü üçün oturub deyəcək ki, biz varıq, o birilər yoxdur, bu artıq bolşevizmdir. Bunun da acı təcrübəsini yaxın tariximizdən bilirik. Lakin, ümidvaram, hansısa bir məqamda bütün demokratlar millət naminə birləşəcəklər.

- İqtidarın demokratik institutları ləğv etdiyi, ona əks olanların çoxunu pulla, şirnikləşdirici təkliflərlə ələ aldığı, həlqəni daraltdığı bir məqamda siz dediyiniz insanların bir araya gələrək güc mərkəzi yaratmaq və hakimiyyətə qarşı əsas alternativ kimi çıxış edə bilmə potensialı varmı?

- Azərbaycan avtoritar ölkədir. Bunu tək biz demirik, dünya ictimaiyyəti bunu təsdiq edib. Avtoritar ölkələrdə isə siyasi fəaliyyət çox məhdud olur və ya heç olmur. Amma buna baxmayaraq demokratlar birləşib nə isə edə bilirlər. Bu tarix təsdiqləyib. İş demokrat düşüncəli insanlarda, onların cəsarətində, davranışındadır. Yenə də deyirəm ki, onların hərəkətlərindən çox şey asılı olacaq. Amma, siz sual edirsiniz ki, bu insanlar birləşib hakimiyyətə qarşı çıxa bilərlərmi. Bilirsinizmi, demokratiyanın fəlsəfəsi və mədəniyyəti ondan ibarətdir ki, siz kiməsə qarşı deyil, nəyinsə naminə mübarizə aparırsınız. Bu gün insanlar kiməsə qarşı yox, demokratiya naminə birləşməli və mübarizə aparmalıdırlar. Bu demokratiyanın fəlsəfəsidir. Düşünürəm ki, belə insanlar Azərbaycanda az deyil. Onlar birləşsələr həqiqətən də, hakimiyyətə güclü alternativ olub, çox şeyə nail ola bilərlər. Yəni, Azərbaycan demokratların potensialından düzgün istifadə etmək lazımdır.

- Siz hökumətin vəziyyətini necə qiymətləndirirsiniz, doğurdandamı iqtidarın apardığı siyasət onu dalana dirəyib, təzyiqlər getdikcə güclənir, yoxsa bunlar sadəcə görüntüdür?

- Mən üç il əvvəl yazdığım məqaləmdə bildirmişdim ki, artıq hakimiyyət dalana dirənib. Dalanın içindədir, bu dalandan çıxmalıdır. İndi bunun üstündən üç il keçib və siz dalandan danışırsınız.

- Məntiqlə üç il müddətində hökumət ya düşdüyü dalandan çıxmalı idi, ya da dalanda girova çevrilməli idi. İndi bunların hansı baş verir?

- İkincisi. Mən bu gün hakimiyyətə yazığım gəlir. Onların vəziyyəti həddindən artıq gərgin və zəifdir və deyərdim ki, müxalifətdən də acınacaqlı vəziyyətdədirlər. Müxalifətin heç olmasa səlahiyyəti olmamağına görə məsuliyyəti də yoxdur. İndi dünya arenasında Azərbaycana olan mənfi münasibətin məsuliyyəti bütövlüklə səlahiyyət sahiblərinə aiddir, yəni bugünkü iqtidara. Bu gün Azərbaycanı xarici və daxili siyasətdə bu vəziyyətdə saxlamaq, dalana dirəməyin məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür. "Wikileaks" saytının açıqladığı materiallar da mənim xarici siyasətlə bağlı çoxdan dediklərimi təsdiq edir. Hakimiyyətin "balanslaşdırılmış" xarici siyasəti öz vaxtında düzgün seçim edə bilməməyinə görə bütövlüklə iflasa uğradı. Odur ki, mən bu hakimiyyətə acıyıram.

Nemət HÜSEYNLİ