"Reytinq" qəzeti
6.11.2011
"MƏN HƏMİŞƏ ÜRƏYİMDƏ MƏHZ 60 YAŞINDA OLMAQ İSTƏYİRDİM"
Lalə Şövkət: "İndiyəcən hələ özüm üçün xoşbəxtlik anlayışını axıracan müəyyən etməmişəm. Və ona görə xoşbəxt illərdən danışa bilmərəm"
Noyabrın 7-də Azərbaycan siyasətinin xanım liderlərindən olan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin 60 yaşı tamam olur. Adətən xanımlar yaşlarını gizlədirlər, amma Lalə xanımın bütün həyatı, fəaliyyəti hamı üçün açıq olub. Azərbaycan siyasi həyatında özünə məxsus yeri və rolu olan Lalə Xanımla doğum günündən öncə söhbətləşdik.

- Lalə Xanım, 60 yaş insan ömrünün ən kamil dövrü hesab olunur. Artıq Siz bu dövrün astanasındasınız, nə hiss edirsiniz?

- Yaşla bağlı nəhayət özümü çox rahat hiss edirəm. Niyə görə? Məndə ömür boyu bir yaş kompleksi olub. Hələ gəncliyimdən mən həmişə yaşımı 5-10 il çoxaltmışam, çünki cavanlığımdan çəkinirdim. Ətrafımda olan dostlarım məndən ən azı 10-20 yaş böyük idilər və mən hər vaxt yaşımı gizlədib, ürəyimdə isə tez yaşa dolmağımı istəyirdim. Hətta cərrahiyyə üzrə namizədlik dissertasiyamı müdafiə edəndə elmi katibdən xahiş etmişdim ki, bioqrafiyamı oxuyanda mənim doğulduğum ili səsləndirməsin. Lakin o səsləndirdi və zalda çaşqınlıq əmələ gəldi. Mənimlə işləyənlər heç düşünmürdülər ki, mən belə gəncəm. Mən isə xəcalətimdən yerə girdim. Cəmi 25 yaşım var idi. Sonralar da 31 yaşım tamam olan kimi deyirdim artıq qırxın içindəyəm, 41 yaşında deyirdim artıq əllinin içindəyəm, 51 yaşım tamam olanda deyirdim artıq altmışın içindəyəm. Çox qəribədir, mən həmişə ürəyimdə məhz 60 yaşında olmaq istəyirdim. Bilmirəm bu nə ilə əlaqədardır, lakin məhz 60 yaş mənim üçün çox doğma idi. Svetayeva yazırdı, insan öz yaşı ilə bütöv doğulur. Lev Qumilyov deyirdi ki, təqvim mənim yaşımı nə qədər göstərsə fərqi yoxdur, mənim həmişə 13 yaşım var. Məşhur İsveç rejissoru Berqman isə 58 yaşında demişdi ki, mən ancaq indi yeniyetmə yaşından çıxıram. Görünür, mən də 60-la doğulmuşam. Yəqin ruhumun yaşıdır. O ki qaldı kamillik dövrünə, həyat özü ibtidaidən kamilliyə gedən yoldur. Düşünmürəm ki, yalnız təqvim kamilliyi müəyyən edir. Dostoyevski 59 yaşında ölümünə bir ay qalmış yazırdı, mən hələ indi formalaşıram, hər şey indi başlanır. Dahi Qoya 79 yaşında öz məşhur "Yeni Kapriços" əsərini çəkir, ondan sonra da öz avtoportretini və gündəliyində yazır - "Mən hələ də öyrənirəm". Dahi Höte 82 yaşında "Faust" əsərini tamamlayır. Mikelancelo 87 yaşında yazırdı ki, mən hələ indi öz peşəmin əlifbasını öyrənirəm. Gördüyünüz kimi, kamilliyə gedən yol ömrün sonunacan davam edir.

- Həyatının əsas hissəsini elmə, ictimai-siyasi işlərə həsr edən Lalə Şövkətin xoşbəxt illəri, bəxtəvər günləri hansı dövrə təsadüf edib?

- Bilirsiniz, xoşbəxtlik anlayışı çox mücərrəddir. Hər bir insanın özünə məxsus xoşbəxtlik anlayışı var. Sözsüz ki, bu anlayış insanın həyatının mənası və məqsədi ilə bağlıdır. Digər tərəfdən, hətta bir insan ömrünün içində fərqli yaş dövrlərinə uyğun fərqli xoşbəxtlik anlayışları var. Məsələn, uşaqlıqda mənim üçün xoşbəxt anlar qayadan dənizə atılmağımla bağlı idi. Bu gün isə mənim üçün xoşbəxt anlar torpaqlarımızın azad olunması ilə, Azərbaycanda demokratiyanın bərqərar olması ilə bağlıdır. Görürsünüz, nə boyda fərq və nə qədər fərqli mahiyyətlərdir. Və həyat yoluma nəzər salanda xoşbəxt anlarım olub, xoşbəxt illər isə mənim təsəvvürümdə olmur. Mən indiyəcən hələ özüm üçün xoşbəxtlik anlayışını axıracan müəyyən etməmişəm. Və ona görə xoşbəxt illərdən danışa bilmərəm. Həyat yoxuşlardan və enişlərdən ibarətdir, bir kardioqrama kimi. O ki qaldı bəxtəvər və xoş günlərimə, onlar əsasən mənim Anam və Atamla bağlıdır. Onlar dünyasını dəyişəndən sonra həyatımın tonallığı və rəngi dəyişdi. Güvənən dayağım dağıldı. Ona görə ki, valideynlərim mənim üçün həm də böyük mənəvi dayaq idilər, ruhdaşlarım idilər. Qəlbin də yorğun və gərgin vaxtı olur, o da özünə dayaq axtarır. Bu dayaq mənim üçün yalnız Anam və Atam idi. Ümumiyyətlə, həyat keçən günlər deyil, yadda qalan hadisələr, etdiyin hərəkətlər və əməllərdir. Belə hadisələrlə isə mənim həyatım zəngindir. Əgər vaxtı onun içində baş vermiş hadisələrlə ölçsək, mən yüz ildən çox yaşamışam. İki əsrin, iki minilliyin keçid dövrünün, imperiyanın dağılmasının, Azərbaycanın müstəqilliyinin bərpasının şahidi və iştirakçısı olmuşam. O ki qaldı hərəkətlərə, insan öz əməllərin həm cəmi, həm girovudur. Yaşa dolduqca, arxaya baxanda çox şey sənə ağrı verir, lakin əsası odur yaşadığın həyat üçün elədiyin hərəkətlərə görə xəcalət çəkməyəsən. Şükürlər olsun ki, mən heç bir hərəkətimdən xəcalət çəkmirəm.

- Dönüb arxaya baxanda ömrünüzün ən çətin və ağrılı günləri nə zaman olub, o zaman kimlər Sizə dəstək olub?

- Dahi Russo demişkən, özü üzlüyündə həyat heç nədir, onun qiyməti onun nəyə sərf etməsindən asılıdır. Və əgər siz yüksək amallarla yaşayırsınızsa, onda ömür çox mürəkkəb keçir. İnsan daim arzunun və reallığın konflikti içində yaşayır. Həyat, ümumiyyətlə, hər an çağırışlardan ibarətdir. Ya sən onlara vaxtında cavab verirsən, ya susub sürünürsən. Allah həmişə şərlə xeyir arasında bizə seçim imkanı verir. Və seçdiyin yol həyatın süjetini müəyyən edir, insanın xarakteri həyatın janrını, məqsəd tonallığını, ətraf mühit isə intonasiyasını. "Faust"da olduğu kimi şərə xidmət sənə gözəl həyat, maddi imkanlar, rahat ömür vəd edir, bircə istisna ilə, vicdanına, ruhuna, inancına xəyanət edirsən. Rahat və narahat yol, şərə xidmət edən və mabədə aparan yol. Seçim öz əlimizdədir. Mən öz həyatımda heç vaxt açılmış rahat yollarla getməmişəm. Həyat yolum reklamlarla, cəlbedici imkanlarla dolu olsa belə onlara uymamışam. Ömrüm boyu öz prinsiplərimə, tərbiyə ilə mənə verilən dəyərlər sisteminə, inancıma xəyanət etməmişəm. Bu dəyərlər sisteminin prioriteti mənim üçün su-hava kimi həyati zərurət kəsb edən mənəviyyat, azadlıq, müstəqillik, ləyaqət, düzgünlükdür. Həyatda nömrəsiz marşrut seçmişəm, yeni yol açmışam. Belə bir yol isə həmişə məşəqqətli olur, lakin məşəqqətli qədər də çox maraqlı olur. Deyirlər, bulağa çatmaq üçün gərək axının əksinə gedəsən. Mən həmişə qaynağa çatmaq istəmişəm. Sözsüz ki, burada həm çətin, həm ağrılı günlərim olub. Lakin Allahımdan çox razıyam ki, mənim ətrafımda olan dostlarım, yaxınlarım, əzizlərim heç vaxt məni tək buraxmayıblar. Gənc olanda dostlarımı intellektinə görə səciyyələndirirdim, indi isə yalnız etibarına görə. Biri pul vurğunudur, biri maşın vurğunu, biri imarət vurğunu, mən isə İnsan vurğunuyam. Və şükürlər olsun ki, həyatım boyu mənim ətrafımda dəyərli və ləyaqətli insanlar olub. Bundan böyük sərvət mənim üçün ola bilməz. Onlar mənim qazandığım "qızıl fond"dur, mənim ən böyük sərvətimdir.

- Xeyli müddət qürbətdə yaşamışsınız. Həmin dövr yaddaşınızda necə qalıb? Vətənə bağli bir şəxs kimi qürbətdəki günləriniz ağır keçməyib ki?

- Birincisi, sovet vaxtı Moskva ümumi ölkənin paytaxtı və elmi mərkəzi idi. Və mən daim biliyə, elmə can atdığıma görə məhz orada elmi fəaliyyətimlə məşğul idim. Bununla bərabər, demək olar, mən hər gün bir həkim kimi həmyerlilərimizlə məşğul idim. Hətta deyirdilər ki, mən xəstəxanada ayrıca Azərbaycan palatası açmışam. Evdə isə Anam çox qonaqpərvər olduğuna görə Azərbaycanlı dostlarımız və qohumlarımız bir-birini daimi əvəzləyirdilər. Azərbaycan dilində bütün qəzetlərə abunəçi idim, hətta balaca oğlum üçün də Azərbaycan dilində uşaq jurnallarını sifariş edirdim. Yəni mühit qürbət mühiti deyildi. SSRİ dağılandan sonra isə, qürbət artıq özünü büruzə verməyə başlayanda, mən vətənə qayıtdım.

- 20 ildir ki, siyasi fəaliyyətlə məşğulsunuz. Ölkənin dəmir ledisi adını qazanmaq, xanım lider olmaq çətin deyil ki? Ümumiyyətlə, siyasətlə məşğul olmaq Sizə nə verdi?

- Bu xanım lider sözünə mən dəfələrlə cavab vermişəm. Lider liderdir. Bunun cinsi yoxdur. Siyasət isə mənəviyyat, bilik, intellekt, cəsarət, bacarıq, qabiliyyət, prinsipiallıq, məqsədyönlük, geniş dünyagörüşü, təcrübə və millətə sevginin vəhdətidir. Burada qadın-kişi söhbəti yersizdir. Yenə də bir sözümü təkrar etmək məcburiyyətindəyəm. Siyasətdə kişi və ya qadın məfhumu yoxdur, siyasətdə kişilik və nakişilik var. O ki qaldı siyasətin mənə verəcəyinə, mən heç vaxt heç nədən və heç kimdən heç nə gözləməmişəm. Mənim həyatımın əsas meyarı borc və məsuliyyət məfhumudur. Həyat bir an da olsa borcdur. Azadlıq və ədalət uğrunda mübarizə mənim yolumdur, mənim həyatımın məqsədi, mənası və borcudur. Bu yol isə, istər-istəməz, siyasətlə bağlıdır. Bəlkə də bu mübarizəni uduza bilərəm, lakin ondan heç vaxt imtina edə bilmərəm.
Digər tərəfdən bu gün siyasi fəaliyyətimə yekun vurmağın hələ ki, vaxtı deyil. Məşhur ingilis yazıçısı Somerset Moemdən onun 85-illik yubileyində soruşurlar ki, o həyatında böyük səhvlərə yol veribmi, cavabında Moem deyir ki, mənim ən böyük səhvim 60 yaşında "Yekunları vuraraq" kitabımın yazılmasıdır.

- Siyasətdə nəsillər bir-birini əvəz edir. Köhnələr getməsə də, yenilər gəlir. Siyasətə gəlmək istəyən gənclərimizə nə deyərdiniz. Ağır yoldur gəlməyin, yoxsa Şərəfli yoldur, davam edin deyənlərdənsiniz?

- Siyasət həm ağır, həm şərəfli ola biləcək bir yoldur. Burada kiməsə demək ki, gəlin ya gəlməyin, zənnimcə düz olmazdı, çünki hər bir insan öz seçimində azaddır və bu seçimə görə cavabdehdir. Siyasətçi olmaq asan bir iş deyil. Siyasətçi olmaq üçün tək ağıl və yaxud bilik kifayət deyil, bunun üçün təcrübə, dəyərlər sistemi, geniş dünyagörüşü zəruridir. Gənc siyasətçilərə gəlincə isə, bunlar bizim sabahımız, ümidimiz, dayağımızdır.
İlk növbədə istərdim siyasətçi olmaq istəyən gənclər mədəniyyət və mənəviyyat sahibi olsunlar. Bəllidir, nəyə tələbat varsa, cəmiyyət onu da təklif edir. Lakin, əgər siyasi tələbatın mahiyyəti mənəviyyata ziddir, təklif uçuruma aparır. Məsələn, Stalin diktaturası dövründə donoslara böyük tələbat var idi. Ona görə əhalinin yarısı digər yarısı haqqında donos yazırdı. Bu da milyonların faciəsinə, milli genosidə səbəb oldu. Bu gün "uğurlu" siyasətçi, yəni, vəzifəli, pullu, evli, maşınlı olmaq üçün, yalana, mədhiyyəyə, yaltaqlığa, bəzən də həyasızlığa tələbat var. Mən seçkilərin birində YAP-ı dəstəkləyən bir gəncin televiziyada çıxışını dinlədim. Heyrətə gəldim. O, özündən qat-qat böyük insanları təhqir etməkdən belə çəkinmədi. Məhz bu arada mənə bir neçə adam zəng etdi və soruşdular, bu kimdir, bunun valideynləri kimdir, və eyni sözü dedilər ki, bu oğlanın tərbiyə və mədəniyyət problemi var. Digər tərəfdən, keçən il internetdə gənc siyasətçilərin polemikasını izlədim. Orada müxalifət partiyasının gənc nümayəndəsi yuxarıda söylədiyim YAP gəncin arqo-leksikasında mübahisə edirdi, bütün əndazələri aşaraq. Bu məni çox təəssüfləndirdi. Heyf! Belə olmaz. Demokratik düşərgəni təmsil edən insanlar yaddan çıxarmamalıdırlar ki, demokratiya ilk növbədə mədəniyyətdir. Mədəniyyət olmayan yerdə demokratiya olmur. Azadlıq və sərbəstlik tamam fərqli anlayışlardılar. Azadlıq ilk növbədə məsuliyyət deməkdir. Bunu yaddan çıxarmasınlar.
İkincisi, siyasətçi əqidə sahibi olmalıdır. Siyasətçinin nüfuzu onun daimi demaqogiyasında yox, daimi əqidəsindədir.
Üçüncüsü, hər bir gənc mütləq və mütləq öz üzərində işləməli, özünü təkmilləşdirməlidir. Bu gün dünyanı ağıl və bilik idarə edir. Bu da gənclərdən böyük gündəlik əmək tələb edir. Biz yadımızdan çıxarmamalıyıq ki, bildiyimiz nə olursa olsun - məhdud, bilmədiyimiz sonsuzdur. Ona görə daimi olaraq kamilliyə can atmalıyıq. Amma ən böyük ağlın belə mənəvi dayağı yoxdursa, o ağıl xalqa lazım deyil, o faciədir. Lenin də, Hitler də, Stalin də ağıllı olublar, lakin, millətlərinə ancaq faciə gətiriblər.
Dördüncüsü, bilmək, anlamaq, təhlil etmək də hələ azdır. Bəzi hadisələri yaşamaq lazımdır. Onun ağırlığını, mürəkkəbliyini və ağrısını hiss etmək zəruridir. Bu da təcrübədən irəli gəlir. Gənclərdə adətən gəncliyə xas təkəbbür olur. Mən özüm də bunu keçmişəm. Bir vaxt konservatoriyada belə bir deyim var idi, birinci kurs tələbəsi ilk əsərini yazanda deyir, "musiqidə yalnız mənəm", konservatoriyanı qurtaranda, "bir mən, bir də Motsartdır", on ildən sonra "yalnız Motsartdır". Təkəbbür yaşla keçib gedən xüsusiyyətdir. Əsası odur ki, o dövrdə həyati səhvlərə yol verməyəsən.
Ümumiyyətlə, iki cür siyasətçilər olur. Birincilər hər şeyi növbəti seçkilərə hesablayır, digərləri isə strateji dünyagörüşü və dünyaduyumu ilə nəinki öz millətinin taleyini, bəşəriyyətin taleyini nəzərə alır. Sözsüz ki, ikincilər azlıq təşkil edir. Mən istərdim ki, bizim gənc siyasətçilərimiz ikinci yolu seçsinlər. İndi siyasətçilər çoxdur, maştablı şəxsiyyətlər siyasətdə çox azdır.
Beləliklə, gördüyünüz kimi siyasət asan iş deyil. Amma, mən siyasətlə məşğul olan bütün gənclərə, iqtidarlı-müxalifətli, uğurlar diləyirəm.

- Lalə xanım, 60 yaşdan geriyə doğru xatirələrinizi dinlədik. Bəs Lalə Şövkət 60-dan sonraya baxanda nə görür?

- Mən görücü deyiləm ki, nə isə görə bilim. O ki qaldı gələcək planlarıma, onların haqqında indi danışmaq istəməzdim. Belə bir söz var, insanlar plan quranda Müəllif gülür. Gəlin Müəllifi güldürməyək. Taleyi biz seçmirik, tale bizi seçir. Yaşayarıq, görərik.

- Gözünüzün ağı-qarası bircə oğlunuz var. Sidqi bəyin gələcək həyatı ilə bağlı Sizin gözləntiləriniz nədir? Sizcə, gəlin, nəvə sahibi olmağın vaxtı deyilmi?

- Oğlum mənim tərbiyəmin qurbanıdır. Mənim dəyərlər sistemimi və prinsiplərimi bütövlüklə mənimsəyib. Bu gün artıq o mənim üçün tək övlad yox, həm də həmsöhbət və ruhdaşımdır. Bu mənim üçün çox önəmlidir. Lakin bu dəyərlərlə indiki zəmanədə yaşamaq onun üçün çox çətin olacaq. Qızıl, gümüş, bürünc, dəmir, intibah, maarif, sənaye, atom əsrlərdən sonra bu gün yalan və riyakarlıq əsridir, alçaqlığın və vulqarlığın təntənəsidir. Bütün dünya böyük Sodoma çevrilir. Dünyanın bu fəsli mənim və oğlumun iç dünyasının fəsli ilə uyğun gəlmir. Dövranın dəbi və dəyərləri ilə onun mənimsədiyi mənəvi dəyərlər ziddiyyət təşkil edir. Bu gün ləyaqətlə, vicdanla yaşamaq - ən çətin şeydir. Vicdan asan həyat yaşamaq üçün imkan vermir. Ya asan həyat, ya vicdanı seçməlisən. Oğlum bu seçimi edib. Və hərdən bir mən özümü onun qarşısında təqsirkar hesab edirəm. Gərək onu ayrı cür tərbiyə edəydim, zəmanəyə uyğun. Amma onda mənim özüm üçün çətin olardı. Biz bugünkü kimi eyni dalğada ola bilməzdik. Lakin, mən gələcəklə bağlı bədbin deyiləm. Bəşəriyyət dürüstlərin və müdriklərin azlığı hesabına yaşayır, axmaqların və tamahkarların çoxluğu hesabına isə əziyyət çəkir. Bu həmişə belə olub və belə də qalacaq. Dünya tarixini isə birincilər yaradırlar. Mənim üçün, bir ana kimi, övladım haqqında tərif demək yaraşmaz, amma bir şeyə əminəm ki, həqiqi insan böyütmüşəm. Əfsuslar olsun ki, mənim müxalifətdə olmağım onun da fəaliyyətinə məhdudiyyət qoydu. Amma, zənnimcə, ən böyük vəzifə qeyri-insani şəraitdə insan kimi qalmaqdır.
O ki qaldı onun ailə qurmağına, bu qismət məsələsidir. Ümumiyyətlə, insan ailə qurmaq üçün yetişməlidir, özünü dərk etməlidir ki, ömür yoldaşı seçimində yanılmasın. Ailə çox böyük məsuliyyətdir. Bunu dərk etməyincə, tək emosiyalar uyub ailə qurmaq zənnimcə düzgün deyil. Ona görə mən tələsmirəm və fikrimcə ailə qurmaq üçün optimal yaş kişi üçün 35-dən yuxarıdır.
Lakin burada bir şeyi də əlavə etmək istəyirəm. Mənim mənəvi övladlarım da var. Onlar da mənə ana deyirlər, onlar da mənim üçün çox əziz və doğmadırlar. Onlar da mənim gələcəyə ümidim və dayağımdırlar.

Zaur ƏHMƏD