"Bizim Yol" qəzeti
10.12.2011
LALƏ ŞÖVKƏT: "BU MƏMLƏKƏTDƏ HƏR ŞEYİN QİYMƏTİ ARTIR BİR İNSANDAN BAŞQA"
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin "Bizim Yol" qəzetinə müsahibəsi
- Hazırda ölkədə ki, ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Ölkədəki ictimai-siyasi vəziyyətə, sözsüz ki, bir neçə faktor təsir edir. Birincisi, dünyada gedən siyasi proseslər, ikincisi, regionda gedən siyasi proseslər, və, nəhayət, dövlətin daxilində gedən proseslər.
Birinci faktorla bağlı, yəni dünyada gedən proseslərlə, bu gün ən mühüm proses ərəb dünyasında gedən oyanış və inqilablarla bağlıdır. Artıq dünya siyasəti öz birmənalı qərarını verib - diktatura və avtoritar rejimlərə müasir dünyada yer yoxdur! İnsan hüquqları və azadlıqları dünya siyasətinin prioritetinə çevrilib. Ərəb dünyasında olan diktaturaların bir birinin dalınca çökməsi bu qərarın bariz göstəricisidir. Tunisdə Ben Əlinin, Yəməndə Salehin, Misirdə Mübarəkin, Liviyada Qəzzafinin və növbədə olan Bəşər Əsədin çökməsi onu göstərir ki, bu proses dönməz xarakter alıb və bütün dünyaya diktator və avtoritar ölkələrə sirayət etməkdədir.
İkinci faktor, regionda olan son proseslər, bu günlərdə Rusiyada keçirilən parlament seçkiləri, Putinin avtoritar idarəetmənin sonunun başlanğıcı kimi xarakterizə etmək olar. Azərbaycan iqtidarı illərdir Rusiya avtoritar siyasətini yamsılamaqla məşğuldur. Və bu gün, görünür, "müəllimləri" də bu kursu artıq rahat davam edə bilməzlər. Mən çox təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti bütün bu proseslərdən hələ də nəticə çıxarıb köklü islahatlara və dəyişiklərə getmir, öz dəst-xəttini davam etməkdədir. Bu siyasi daltonizmdir.
Amma bununla bərabər son bir neçə ayda iki mühüm müsbət hadisəni qeyd etmək lazımdır. Onların birincisi və ən önəmlisi nəhayət Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdə keçirilən ilk toplantısıdır. Orada qəbul olunmuş 14 sənəddən ən mühümü üç sazişin imzalanması, sözsüz ki, böyük rol oynayır. Bu, enerji sahəsində əməkdaşlıq protokolu, qaz alqı-satqısına dair və qaz tranzitinə dair sazişlərdir. Təəssüf ki, Azərbaycan hakimiyyəti Türkiyə ilə viza rejiminin ləğvi və PKK-nin terror təşkilatı kimi rəsmi tanınması haqqında məsələləri hələ ki, həll etmədi. Zənnimcə, strateji əməkdaşlıq perspektivi mütləq Azərbaycanla Türkiyə arasında hərbi sazişin bağlanması ilə özünü təsdiq etməlidir. Və bu məsələni biz tezliklə həll etməliyik.
İkinci "şərti" müsbət hadisə - Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzv seçilməsidir. Nəyə görə şərti dedim, ona görə ki, bu yalnız vasitədir, və biz bu vasitədən ya faydalı istifadə edə bilərik, yəni əsas problemimiz olan Qarabağ məsələsində müsbət nəticələri əldə edə bilərik, və yaxud sırf avtoritar hakimiyyətin özünə sərfəli olan məsələlərə xərcləyə bilərik.
Daxildə olan vəziyyətə gəldikdə isə, hakimiyyətin xarakterində və dəst-xəttində, əfsuslar olsun ki, heç bir dəyişiklik görünmür. Total korrupsiya, məmur özbaşınalığı, sosial ədalətsizlik, insanlara qarşı zorakılıq, qanunsuzluq, insan hüquqlarına, mülkiyyət hüquqlarına etinasızlıq pik nöqtəsinə çatıb. Vətəndaşların əsas fundamental hüququ olan yaşamaq hüququ da təmin olunmur. Bu gün hər kəs özünü təhlükədə və müdafiəsiz hiss edir.

- Xüsusilə, diqqətinizi ölkədəki sabitliyə yönəltmək istərdim. Yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsinə münasibətiniz, qətlin səbəbi, həyata keçirilməsi, sifarişçiləri haqqında təsəvvürlərinizi bilmək istərdik.

- Rafiq Tağının qətlini mən terror aktı hesab edirəm. Sözsüz ki, bu böyük faciədir. Rafiq Tağı söz adamı idi. Mən onun bəzi fikirləri ilə qətiyyən razı deyiləm, lakin onun istedadı və cəsarəti danılmazdır. Bu qətl şübhəsiz onun kəskin yazıları ilə bağlı idi. Volterin bir gözəl deyimi var: "Mən dediyiniz ilə razı deyiləm, amma onu ifadə etmək azadlığınızı və hüququnuzu həyatımın bahasına olsa belə müdafiə edəcəyəm". Bu gün Rafiq Tağının qətli ətrafında çoxsaylı versiyalar var. Burada xarici ölkələrin adı da çəkilir. Lakin, bütün bunlara baxmayaraq aidiyyəti orqanlar tez bir zamanda bunun sifarişçisini və icraçısını müəyyən edib məsuliyyətə cəlb etməlidirlər. Bu, dövlətin bilavasitə əsas vəzifəsi və borcudur. Düzdür, mən buna çox da inanmıram, ona görə ki, bu vaxtacan nə mərhum jurnalist Elmar Hüseynovun qatilləri tapıldı, nə general Rail Rzayevin, nə bizim görkəmli ziyalımız Ziya Bunyadovun. Belə olan halda güclü dövlətdən danışmaq yersizdir. Əgər bu məmləkətdə günün günorta vaxtı istənilən adamı, istər jurnalist olsun, istər general, qətlə yetirmək asandırsa, onda adi vətəndaşlar nə etməlidirlər? Bu dövlətdə yaşamaq özü bir böyük təhlükəyə çevrilib. Ona görə də sabitlikdən danışmaq yersizdir.

- Professor Rafiq Əliyevin işdən azad edilməsi kontekstində hökumətin ziyalı siyasətini necə qiymətləndirirsiniz və bu siyasət bizi hara aparır?

- Rafiq Əliyev kimi həqiqi ziyalı cəmiyyətin mənəvi kamertonudur. Ümumiyyətlə, sözün əsl mənasında ziyalı ədalətsizliyin, insanların ağrısının və iztirabların SƏSİDİR, millətin vicdanıdır. O, millət, dövlət qarşısında özünü məsul və cavabdeh hiss etməlidir. Rafiq Əliyev məhz belə ziyalıdır, və mənim ona çox böyük hörmətim var. Lakin, onun işdən azad edilməsini müzakirə etmək, mənə belə gəlir ki, çox xırda məsələdir. Rafiq bəyin adı o qədər böyükdür ki, vəzifə onun üçün artıq heç bir önəm daşımır. Böyük ad olan yerdə vəzifə heç nədir. O ki qaldı iqtidar tərəfindən ona qarşı təşkil olunmuş yazılara, onu da mən bu iqtidar üçün çox təbii hərəkət hesab edirəm. Biz belə kampaniyaları çox görmüşük və yaşamışıq. Bu, həqiqəti deyən ləyaqət adamlarına hakimiyyətin ənənəvi reaksiyasıdır, diktatura və avtoritar rejimlərinin dəst-xəttidir. O ki qaldı hökumətin ziyalı siyasətinə, olmayan şeydən nə danışaq. Əsl ziyalı bu hakimiyyətə yalnız müxalif ola bilər. Ona görə ki, əsl ziyalı millətin dərdi ilə yaşayır, hakimiyyətin rüşvəti ilə yox. Bu həmişə belə olub və bu tarixi qanunauyğunluqdur.

- Yaşayış minimum 8 manat, müəllim və həkimlərin əmək haqqının isə 10 % artırılması, metroda gediş haqqının qaldırılması xalqın yaşayış durumuna təsiri necə olacaq?

- Xalq yaşayır ki, ona təsiri olsun? Xalq sürünür. Minimum əmək haqqının 85 manatdan 93,5 manata qalxması bugünkü inflyasiyanın, bahalığın, metroda gediş haqqının qaldırılması müqabilində nəyi dəyişə bilər? Azərbaycanda rəsmi statistikaya əsasən yaşayış minimumu 95 manatdır. Müstəqil ekspertlərin hesablanmasına görə bu rəqəm 168 manatdır. Ölkədə minimal pensiya isə 85 manat, orta aylıq pensiya isə 111 manatdır. Göründüyü kimi, bu vəsait heç rəsmi statistikada göstərilən yaşayış minimumu üçün də kifayət etmir. Müqayisə üçün Rusiyada minimal pensiya 220 dollar, yaşayış minimumu isə 206 dollardır, paytaxt Moskvada minimal pensiya 360 dollardır. Digər MDB ölkələrində isə, misal üçün Ukraynada yaşayış minimumu 112 dollar, minimal pensiya 115 dollardır. Belarusda minimal pensiya 285 dollar, yaşayış minimumu isə 70 dollardır. Mən artıq qazsız, neftsiz Şərqi Avropa ölkələrini müqayisə etmirəm, harada minimal pensiyalar 400 dollardan yuxarıdır. "Analoqu olmayan inkişafda" olan, nefti, qazı bol olan Azərbaycana insanların belə səfalət içində yaşamağı yaraşarmı? Bugünkü həkimlərin, müəllimlərin, büdcə işçilərinin maaşları ilə, pensiyalarla ləyaqətli yaşamaq mümkündürmü? İnsanlar səfalət içində boğulurlar. Biz müəllimlərdən, həkimlərdən bilik, səviyyə tələb edirik. Yalnız çörək haqqında, məişət haqqında düşünən insanlar özünü təkmilləşdirmə bilərlərmi? Ümumiyyətlə, Azərbaycanda bu gün əmək haqqı yox, dilənçi payı var. Və günbəgün artan inflyasiyanın müqabilində əmək haqqının 10 faizlik artırılması həqarətdir.

- Görünən budur ki, yaxın dövrdə ölkədə yeni qiymət artımı baş verəcək. Nədən xalq hökumətin bu cür addımlarına dözür və etirazını ifadə etmir?

- Bu məmləkətdə hər şeyin qiyməti artır bir insandan başqa. Yeni qiymət artımı da ola bilər, bundan betəri də. İnsanlar bu hakimiyyətdən nə pislik istəyirsən gözləyir. Artıq yaxşılığa heç kimin ümidi qalmayıb. Dözümə gəlincə isə, insanların əksəriyyəti narazıdır və etirazını da bildirməkdədirlər, amma hələ ki, lokal şəkildə. Ən əsası ondan ibarətdir ki, insanlar artıq qorxu hissindən azad olurlar. Bu yaxınlarda ziyalılar forumunda tanınmış ziyalıların kəskin çıxışları, bizim görkəmli ziyalımızın "... 20 ildir biz susuruq, artıq bəsdir" deməsi hakimiyyət üçün böyük mesaj olmalıdır. Buna qarşı primitiv sovetsayağı kampaniyaların təşkilini yox, cəmiyyətlə dialoqa gedib, təxirəsalınmaz köklü islahatlara başlamaq lazımdır.

- Bəşər Əsəd deyib ki, Suriyadan sonra hədəfdə post sovet məkanı olacaq. Sizcə, bu nə dərəcədə mümkündür, əgər belə olarsa, qənaətinizcə, proses hansı MDB məkanından başlaya bilər, Bəşər Əsəd Rusiyaya sığına bilərmi, Suriyada diktatura rejimin çökdürülməsi Azərbaycana birbaşa təsir edəcəkmi?

- Bəşər Əsədə bu proqnozu etmək üçün böyük ağıl lazım deyil. Bu gün ən çox diktatura və avtoritar ölkələr postsovet məkanındadır. Və yuxarıda dediyim kimi, dünya siyasətin ümumi qərarı avtoritar və diktatura rejimlərin çökməsidir. O ki qaldı dəqiq ünvana onu qabaqcadan müəyyən etmək mümkün deyil. Hər bir avtoritar ölkədə bu hər an gözləniləsidir. Bəşər Əsəd Rusiyaya da sığına bilər, digər avtoritar ölkələrə də, əgər sağ-salamat ölkəsindən çıxa bilsə. Bu və digər diktatura rejimlərinin çökməsi isə Azərbaycana təsir edir və edəcək də. Burada yalnız zaman məsələsi var.

- Rusiyada Dumaya seçkilər və saxtakarlığa qarşı etiraz, Putin-Medvedev komandasının seçkilərdə 50 % az səs alması Martda keçirilən prezident seçkilərinə təsir edəcəkmi?

- Sözsüz ki, təsir edəcək. Rusiyada keçirilən seçkilərdə bizə "doğma olan" geniş vüsət almış "karusel" əməliyyatlarına, hüquq mühafizə orqanlarının birbaşa müdaxiləsinə, çoxlu sayda "Vahid Rusiya" partiyasının xeyrinə saxtalaşdırmalarına baxmayaraq, Putinin partiyası böyük məğlubiyyətə uğradı. Və burada yalnız rəqəm söhbəti deyil. Onların MSK-sı da bizim sayağıdır, yuxarıdan nə əmr versələr, onu edəcəklər. Əsası odur ki, həqiqətdə bu partiya uduzdu. Bu, internetdə göstərilən çoxsaylı həm protokollarda, həm youtube-da yerləşdirən süjetlərdə görünür. Bu, Putin idarəçiliyinin sonunun başlanğıcıdır. Burada iki yol ola bilər. Ya Putinin ağlı çatar bunları nəzərə alıb yeni idarəçilik üsuluna, köklü islahatlara getsin və demokratiyaya yol açsın, və yaxud onun da aqibəti digər diktatorların aqibətini təkrarlayacaq. Artıq Rusiya xalqı ayağa qalxıb.

- Demək olarmı ki, Rusiyada demokratik dövlət, azad seçki uğrunda mübarizə başlayıb və bu Azərbaycana ciddi təsir edəcək?

- Rusiya demokratiyaya yol açsa, bu birmənalı olaraq Azərbaycana da çox böyük təsir edəcək. Ona görə ki, Rusiyanın təsiri Azərbaycanın siyasətində güclüdür. Allah eləsin, Rusiya həqiqətən demokratiyaya yol açsın, onda bu bütün post-sovet məkanında da, bütün regionda da müsbət dəyişiklərə təkan verər.