"Azadlıq" qəzeti
17.01.2012
"ƏSL ZİYALI BU HAKİMİYYƏTƏ YALNIZ MÜXALİF OLA BİLƏR"
"Ona görə ki, əsl ziyalı millətin dərdi ilə yaşayır, hakimiyyətin rüşvəti ilə yox"
"Azadlıq" qəzetinin suallarına Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət cavab verir.

- Gündəmdə ən çox Fransa məsəsləsidir. Söhbət Fransa Senatında qondarma erməni soyqırımı ilə bağlı qərardan gedir. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsəsləsi gündəmə gələndə Azərbaycan hakimiyyəti geniş bir kampaniya başlatdı. Dostluqdan, qardaşlıqdan danışdılar. Amma bu gün həmin məsələyə adekvat kampaniya yoxdur. Nədir səbəb?

- Mən bu barədə hələ keçən il dekabrın 19-da xüsusi bəyanatla çıxış etdim, və bildirdim ki, qondarma "erməni soyqırımı" məsələsinin Fransa Parlamentində gündəmə gətirilməsi qəbuledilməz ədalətsiz siyasi aksiyadır, və bu təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır, və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması gündəmə gətirilməlidir. Amma, təəssüflər olsun ki, mən Azərbaycan hakimiyyəti tərəfindən bu məsələyə adekvat reaksiya görmədim. Məhz Azərbaycanın Qarabağ probleminə görə 20 ilə yaxındır Ermənistanla bütün diplomatik əlaqələri kəsən, bununla bərabər dünya ictimaiyyətinin və Avropa Birliyinin təkidlərinə baxmayaraq Türkiyə-Ermənistan sərhədlərini açmayan Türkiyə birmənalı olaraq Azərbaycana dayaq durduğunu və əsl strateji müttəfiq olduğunu sübut etdi. Lakin, buna rəğmən bu gün Azərbaycan hakimiyyəti Fransa ilə münasibətlərdə öz kəskin mövqeyini ortaya qoya bilmədi.
Bu gün, Qarabağ probleminin həll olunmaması ilə təcəssüm olunan geosiyasi izolyasiyada olan Azərbaycan üçün Türkiyə ilə sıx, sözün əsl mənasında strateji müttəfiqlik münasibətləri həyati zərurətə çevrilib. Bunu dərk etməmək dövlətçiliyimiz üçün böyük təhlükə ilə nəticələnə bilər. Azərbaycan iqtidarı "Bir millət  iki dövlət" deyimini şüar deyil, gərçək strateji siyasi xətt olduğunu sübut etməlidir. Bu, Azərbaycanın milli maraqlarına yeganə cavab verən bir strategiyadır. Mən çox istərdim ki, Azərbaycan iqtidarı bunu vaxtında dərk etsin. Sonra artıq gec ola bilər.
Mən inanmıram ki, Fransa Senatı qondarma "erməni soyqırımı" ilə bağlı Milli Assambleyada qəbul edilmiş mürtəce qanunu təsdiqləsin. Bu məsələ 2006-cı ildə də Milli Assambleyadan keçmişdi, lakin, Senat onu təsdiqləməmişdi. Bu gün də həmən vəziyyət təkrar olunacaq, ona görə ki, bu populist addım məhz Fransada keçirilən seçkilərlə bağlıdır. Məhz buna görə də Azərbaycanın reaksiyası dərhal olmalı idi. Bu, bir "lakmus kağızı" idi. Və Türkiyə ictimaiyyəti üçün çox önəmli idi. Sabah, məsələn, Türkiyə Ermənistanla sərhədləri açmağa cəhd göstərsə, artıq Türkiyə ictimaiyyəti tərəfindən güclü təpki ilə üzləşməyəcək. Ona görə ki, bu gün, Azərbaycan Fransaya qarşı adekvat təpkini göstərə bilmədi.

- Rusiyada baş verənlər də diqqətdən kənarda deyil. Necə hesab edirsiniz dəyişikliklər baş verəcəkmi?

- Nəinki baş verəcək, artıq baş verir. Keçən il dünya çapında iki mühüm proses baş verdi - "Ərəb baharı" və Rusiya oyanışı. Rusiya oyanışı saxtalaşdırılmış parlament seçkilərindən sonra keçirilən mitinqlərdən başladı. Keçən il dekabrın 10-da Moskvanın Bolotnaya meydanında və 24-də Saxarov prospektində parlament seçkilərində saxtakarlığa qarşı keçirilən yüz minlik etiraz aksiyaları Rusiyanın siyasi iqlimini dəyişdi.
Rusiyada baş verən bu hadisələrdə gözə çarpan o oldu ki, mitinqə yığışan insanlar hansısa siyasi partiyanın çağırışına yox, öz vətəndaş mövqeyinə görə orada iştirak edirdilər. Mən "Dojd" televiziya kanalı ilə dekabrın 24-də Saxarov prospektində keçirilən mitinqi canlı yayımda izləyirdim. Orada toplaşan insanları digər mitinqlərdən fərqləndirən onların mədəniliyi və əsasən, özləri etiraf etdiyi kimi, şəhər orta təbəqəsinə mənsub olduğu idi. Mən şəxsən belə bir kontinqenti yalnız 1991-ci ilin avqustunda QKÇP-yə qarşı Moskvadakı "Ağ Evin" qarşısında 3 sutka keçirilən iştirakçısı olduğum etiraz aksiyasında müşahidə etmişdim. Eyni səviyyə, eyni mədənilik, eyni qərarlılıq. 24-də də gələnlər çörək üçün gəlməmişdilər. Bunların əsas şüarı insan ləyaqəti idi. Onlar öz insan ləyaqətini təhqir olunmuş hesab edirdilər, və onun uğrunda mübarizəyə hazır olduqlarını göstərdilər. Demək olar ki, Rusiyanın bütün mədəni elitasının nümayəndələri orada təmsil olunmuşdular, yazıçılar, jurnalistlər, aktyorlar, alimlər, ictimai xadimlər və s. Və əgər mitinq iştirakçıları tanınmış siyasətçiləri birmənalı qəbul etmirdilər, yazıçı Boris Akunini, jurnalist Dmitri Bıkovu, bloqer Aleksey Navalnını həvəslə dinləyirdilər. Çox qəribədir ki, illərlə Putin rejimi ilə açıq mübarizədə olan Boris Nemtsov və ya digər siyasətçilər mitinqçilər arasında artıq əvvəlki nüfuzuna sahib deyirdilər. Bunu "Dojd" kanalının aparıcılarından biri bu siyasətçilərin reputasiyası ilə izah etdi. Yaxşıdır ki, nəhayət, Rusiyanın siyasi lüğətinə "insan ləyaqəti" və "reputasiya" sözü qayıtdı. Dünyada insanın, siyasətçinin reputasiyası həmişə ən önəmli məsələ olub, və onlara etibar və etimad bununla bağlı olub. Son vaxtlar bu sözü sanki lüğətdən çıxarmışdılar. Siyasətçinin maddi imkanları, resursları, xarici dəstəyi ön plana çıxmışdı. Lakin, "çarxdır - fırlanır", və bu yüz minlik mitinqin qəhrəmanı olan və bu gün Rusiya mediasında potensial prezident kimi adı çəkilən reputasiyası təmiz olan, korrupsiya ilə mübarizə aparan bircə Navalnı oldu. Bunu heç kim gözləmirdi. Bu, Rusiya müxalifətində baş verən dəyişiklərdirlər. İndi baxaq iqtidar buna hansı reaksiya verdi.
İqtidar ağıllı çıxaraq, özünü korluğa və karlığa vurmadı. Və avtoritar rejimlər üçün ənənəvi olaraq mitinqləri dağıtmadı və provokasiya törətmədi. Orada camaatı nə dubinka ilə vururdular və ölümcül döyürdülər, nə onların üstünə it buraxırdılar, nə də ki, onları sulayırdılar, biz öyrəşdiyimiz kimi. Hətta iqtidarın yüksək vəzifəli nümayəndələri mitinqlərdə iştirak edən insanları "Rusiyanın avanqardı" və "qaymağı" adlandırdı. Və Bolotnayada keçirilən mitinqdən sonra Rusiyanın prezidenti Medvedev öz illik müraciətində buna dərhal reaksiya verərək dedi ki, "biz mütləq siyasi islahatlara getməliyik", və bunun anonsunu verdi. Buraya, federasiya subyektlərində qubernator seçkilərinin bərpası, siyasi partiyaların qeydiyyatdan keçməsi üçün lazım olan ərizələrin 45 mindən cəmi 500-ə qədər endirilməsi, prezident seçkilərində özünü irəli sürən və parlamentdə təmsil olunmayan partiyalardan irəli sürülən namizədlərin qeydiyyatı üçün lazım olan imzaların sayının 2 milyondan 300 minə qədər endirilməsi, siyasi partiyaların mərkəzi və regional seçki komissiyalarında təmsilçiliyinin artırılması və s. islahatlar daxildir.
Rusiyanın həqiqi başçısı Putin isə Bolotnayadan sonra mitinqçilərə qarşı bir neçə təhqiredici ifadələr işlətsə belə, bunun üçün Rusiya mediasında çoxsaylı təpkilərə məruz qaldığından sonra bütün stilistikasını və dəst-xəttini dəyişməli oldu. Hətta, Saxarov prospektindəki mitinqinə yaxın dostu olduğunu etiraf etdiyi, sabiq maliyyə naziri Kudrini çıxış etmək üçün göndərdi. Kudrin bu mitinqlərdən sonra iqtidar-müxalifət dialoqu təşəbbüsü ilə çıxış etdi, və bu yaxınlarda Putin jurnalistlərlə görüşünə ona müxalif olan jurnalistləri də dəvət etdi.
Bu ərəfədə, müxalifət tərəfindən ən odioz fiqur Rusiya avtoritarizmin ideoloqu sayılan, məşhur "suveren demokratiya" sözünün müəllifi, daxili siyasəti kurasiya edən prezident administrasiyasının başçısının müavini Surkov işdən azad edildi və digər vəzifəyə keçirildi. Bu da bir reaksiya və mitinqçilərə cavab idi.
Bu günlərdə Rusiya patriarxı Kirill demişdir ki, cəmiyyət mövcud olan siyasi vəziyyətə qarşı öz narazılığını ifadə etmək hüququna malikdir və hakimiyyət belə etirazları eşitməlidir və öz kursunu ona uyğun olaraq korrektə etməlidir.
Hər halda, gördüyünüz kimi, bu gün nə Rusiya əvvəlki Rusiyadır, nə Putin əvvəlki Putindir.

- Bəs orada baş verənlərin Azərbaycana mümkün təsirləri barədə nə düşünürsünüz?

- Azərbaycan hakimiyyətinin daxili siyasəti Rusiya avtoritarizminin kserokopiyası olub. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən bütün seçkilərdən əvvəl Rusiyadan böyük nümayəndə heyəti gəlib iqtidarımıza "düzgün" yol göstərirdi. Rusiyada saxtakarlıq üsulları Azərbaycanda eksperimental sınaqdan keçirdi - karusellər, işıq söndürmə, protokolların dəyişməsi və s. Buna görə də, Rusiya demokratiyaya yol açsa, bu birmənalı olaraq Azərbaycana da çox böyük təsir edəcək. Allah eləsin, Rusiya həqiqətən demokratiyaya yol açsın, onda bu bütün post-sovet məkanında da, bütün regionda da müsbət dəyişiklərə təkan verər.

- 90-cı illərin əvvəllərində sizin də iştirakçısı olduğunuz hərəkatda azərbaycanlılar Rusiyadakı proseslərdə mühüm rol oynadı. Heç şübhəsiz oradakı hadisələrin Azərbacana da ciddi təsirləri olur. Necə hesab edirsiniz Azərbaycan Diasporu, azərbaycanlılar Rusiyada hansı mövqeyi tutmalıdır?

- Məndə olan məlumata görə, bu gün Rusiyanın Azərbaycan diasporu çox bölünmüş vəziyyətdədir. Hətta, yerliçilik prinsipi də orada böyük vüsət alıb. Və belə olan halda bütövlüklə diasporun mövqeyindən danışmaq çox çətindir. Hər halda bu onların dünyagörüşü, dünyaduyumundan asılı olan bir məsələdir. Tarixə baxsaq, 1990-cı ildə "Qara Yanvar" faciəsi Moskvadakı bütün azərbaycanlıları birləşdirə bildi. Onda bizi faciə birləşdirdi. Mən istərdim ki, bu gün bizim diasporumuzu azadlıq və demokratiya uğrunda mübarizə birləşdirsin.

- Son vaxtlar ziyalılara qarşı da hakimiyyət tərəfindən geniş kampaniya aparılır. Hətta rəsmi mətbuatda "Rüstəm İbrahimbayov, Rafiq Əliyev, Cəmil Həsənli ziyali deyil" kimi fikirlərə də rast gəlinir. Buna münasibətiniz.

- Mən buna münasibətimi bildirmişəm. İqtidar tərəfindən ziyalılara qarşı təşkil olunmuş yazılara gəldikcə, belə kampaniyaları mən bu iqtidar üçün, təəssüf ki, təbii hərəkət hesab edirəm. Biz belə kampaniyaları çox görmüşük və yaşamışıq. Bu, həqiqəti deyən ləyaqət adamlarına hakimiyyətin ənənəvi reaksiyasıdır, diktatura və avtoritar rejimlərinin dəst-xəttidir. Əsl ziyalı bu hakimiyyətə yalnız müxalif ola bilər. Ona görə ki, əsl ziyalı millətin dərdi ilə yaşayır, hakimiyyətin rüşvəti ilə yox. Bu həmişə belə olub və bu tarixi qanunauyğunluqdur. Belə bir avtoritar rejimdə əgər siz ziyalısınız, belə kampaniyalar və repressiyalara hazır olmalısınız.

- 2012-ci ilin Azərbaycanda da qızğın və hərarətli il olacağı proqnozlaşdırılır. Amma hələ də Azərbaycanda müxalifət vahid deyil. Buna nə mane olur?

- 2012-ci il necə olacaq indidən proqnozlaşdırmaq çox çətindir. Bunu zaman göstərəcək. O ki qaldı müxalifətin vahid güc kimi çıxış etməyinə, 1995-ci ildən bunun ətrafında çoxlu müzakirələr, mübahisələr gedib. Çoxlu birliklər yaranıblar və dağılıblar. Hər halda uzunömürlü olmayıblar - "Beşlər", SİDSUH, DUH, Demkonqress 1, Demkonqress 2, Koordinasiya mərkəzi, "YeS", Azadlıq 1, Azadlıq 2, "Qarabağ və Respublika uğrunda" Hərəkat və s. Və bu birliklərin dağılmasında liderlərin ambisiyaları, bir-birinə etimadsızlıq, inamsızlıq, sazişlərə, razılıqlara dönüklük, hətta imzalardan da imtinaya qədər kimi amillər öz mənfi rolunu oynadılar. Və bu gün də müxalifət bu qapalı çərçivədən çıxa bilmir. Ümumiyyətlə, birlik birlik xatirinə olmur. Birlik ideya ətrafında, məqsəd ətrafında qurulur. İndi, mətbuatda çox fikirlər səslənir - yenə də çeynənmiş vahid namizəd məsələsi, vahid komanda məsələsi, vahid proqram məsələsi və s. Lakin, yadımızdan çıxarmayaq ki, son illərin təcrübəsi göstərdi ki, istər vahid namizəd, istər bir neçə namizədlə keçirilən qeyri-demokratik seçkilər heç bir nəticə vermirlər. Bu günlərdə hətta Əl-Baradei Misir prezident seçkilərində iştirakdan imtina edib, ona görə ki, indiki şəraitdə təmiz və demokratik seçki keçirmək mümkün deyil. Ona görə, bu gün bizim üçün əsas məsələ demokratik mühitin yaradılması və demokratik və ədalətli seçkilərin keçirilməsidir. Məhz bu ideya ətrafında bütün müxalifətin birləşməsi zəruridir, həm də mümkündür. Biz demokratik mühitin yaradılmasına nail olsaq fərqi olmayacaq seçkilərə bir namizəd gedəcək, və yaxud bir neçəsi. Onda millət özü öz seçimini edəcək. Onun yerinə bu gün seçim etmək lazım deyil.
Əgərsə seçkilər həmişəki kimi keçəcək, heç kim düşünməsin ki, nəyəsə nail ola bilər, bir şeydən başqa - üzdə və sözdə qalmaqdan başqa. Bu isə xalqa aidiyyəti olmayan süni bir nəticədir. Siyasəti oyuna çevirmək lazım deyil. Mən istərdim ki, siyasətçilər bunun haqqında ciddi düşünsünlər.

- Mətbuatda Ilham Əliyevin 2013-cü ildə namizəd olub-olmayacağı məsələsi də müzakirə olunur. Xüsusilə də onun "Əl-Cəzirə"yə "mən hələ qəti qərar verməmişəm" fikrindən sonra bu müzakirələr intensivləşib. Uzun illər siyasətin içində olan adam kimi ona nə tövsiyə edərdiniz?

- Birincisi, İlham Əliyev 2013-cü ildə sözsüz ki, namizədliyini irəli sürəcək. Əks təqdirdə konstitusiyaya dəyişiklər və bununla bağlı 2009-cu ilin referendum heç kimə lazım deyildi. O ki qaldı tövsiyələrə və məsləhətə, onları sadalasam qəzetinizdə yer qalmayacaq. Yəni, bir müsahibənin predmeti deyil. Burada mən sadəcə Aristotelin dövlət başçılarına olan tövsiyəsini yada salmaq istəyirəm - dövlət başçısı ətrafının gözlərinə yox, tarixin güzgüsünə baxmalıdır, ətrafının sözlərinə yox, millətin səsinə qulaq asmalıdır.