"Bizim Yol" qəzeti
16.03.2012
"ÖLKƏMƏ GÖRƏ XƏCALƏT ÇƏKİRƏM"
Lalə ŞÖVKƏT: "Prezident seçkiləri ilə bağlı qəti qərarımı vaxtı çatanda verəcəyəm"
Azərbaycanın daxili ictimai-siyasi həyatı, regionda baş verən proseslər, Quba hadisəsi, müxalifətin mövcud durumu və perspektiv imkanları və digər məsələlər ətrafında Azərbaycan Liberal Partiyasının (ALP) lideri, Milli Birlik Hərəkatının sədri, sabiq dövlət katibi Lalə Şövkətlə söhbətləşdik.

- Lalə xanım, ölkədəki ictimai-siyasi vəziyyətdə müsbətə doğru dəyişiklik varmı?

- Çox təəssüf ki, hələ yoxdur. Əksinə, sistemli korrupsiya, məmurların özbaşınalığı, talançılığı və harınlığı bütün əndazələri aşaraq insanları hüquqsuz və müdafiəsiz hala salıb. İnsanların səsini, ağrısını eşidən yoxdur. Paralel dünyalardır  bir tərəfdən özündən razı, ərəb şeyxləri səviyyəsində yaşayan və heç kimi saymayan iqtidar, o biri tərəfdən isə acından, işsizlikdən, hüquqsuzluqdan əzab çəkən xalq. Nə hakimiyyət insanları eşidir, nə insanlar artıq hakimiyyətdən imdad gözləyir. Dövlət iflic vəziyyətindədir. Xalqla iqtidar arasında əks rabitə yoxdur. Sözsüz ki, belə bir durum çox çəkə bilməz. Bunun üçün mən dəfələrlə iqtidara müraciət etmişəm təxirəsalınmaz köklü islahatlara başlasın, əks təqdirdə sosial partlayış qaçılmazdır. Artıq bu partlayışın əlamətləri özünü büruzə verməkdədir.

- Quba bəlli hadisə baş verdi. Son xəbərlərə görə, hadisələrlə bağlı 5 Quba sakini həbs edilib. Əslində doğulduğunuz Quba rayonunda nə baş vermişdi, yəni mətbuatdan kənar hər hansı məlumatlara maliksinizmi?

- Mən Bakıda doğulmuşam, lakin mənim atam Qubadandır. Bu gün orada mənim atamın, qardaşlarımın, babalarımın, nənələrimin qəbirləri durur. Ona görə Quba diyarı, Quba torpağı mənim üçün çox əzizdir.
Quba hadisələri isə məhz bugünkü siyasətin bariz təzahürüdür. Necə quyudan götürülən bir damla suyun analizi quyuda olan bütün suyun tərkibini müəyyən edir, belə də Quba hadisələri hakimiyyətin yürütdüyü siyasətin mahiyyətinin göstəricisidir. Yəni bu hadisələrdə hansısa gizli məqamlar axtarmaq yersizdir. Hər şey göz qabağındadır.
Əslində icra başçısının təhqiramiz ifadələri, harınlaşmış məmurun artıq millətə həqarət etməsi insanların narazılığına səbəb olan aysberqinin görünən hissəsi və camaatın səbir kasasını daşdıran son damla idi.
Bu iqtidarın saxtakarlığı, korrupsiyası, oğurluğu, rüşvətxorluğu, sıravi insanlara qarşı məmur özbaşınalığı və həqarəti bütün ölkədə artıq adi hala çevrilmişdir. Quba sakinlərini ayağa qaldıran da məhz bütün ölkədə odluğu kimi tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluq, saxtakarlıq və korrupsiya, oğurluq və rüşvətxorluqdur, bunu azmış bilib millətin ləyaqətinə toxunan, hətta insanların ailəsini təhqir etməkdən çəkinməyən Quba icra hakimiyyətinin başçısının nalayiq hərəkətləri idi.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında və özbaşınalığında deyil, ümumiyyətlə bu iqtidarın öz məmurlarına verilən hədsiz və qanundan kənar səlahiyyətlərində və onlar üçün yaradılan cəzasızlıq mühitindədir.
Bu gün Qubada gedən repressiyalara son qoyulmalıdır. Quba camaatı öz ləyaqətini qoruyub. İqtidar insanların torpağını, evlərini, bağlarını, iş yerlərini ala bilər, lakin ləyaqətinə, namusuna toxunsa öz sərt cavabını alacaq. İnsanları bu qədər də imtahana çəkmək olmaz. Bu dövlət bizim hamımızındır, təkcə harınlamış məmurların deyil. Və bunu iqtidar dərk etməlidir.

- Fevralın sonlarında Türkiyəyə səfər etdiyinizə dair xəbər yayıldı. Siz Türkiyəyə Dövlət Neft Şirkətinin maliyyəsi hesabına keçirilən Xocalı mitinqində iştirak üçün getmişdiniz, yoxsa başqa görüşləriniz nəzərdə tutulurdu?

- Mən Türkiyəyə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən konfransda iştirak etmək üçün dəvətli idim. Bu konfrans Türkiyənin insan hüquqları və azadlıqların müdafiəsi ilə məşğul olan vakf tərəfindən təşkil olunmuşdur. Konfransın açılışında mən Xocalı Türk soyqırımı ilə bağlı çıxış etdim. Bu çıxış həm youtube-da, həm mənim rəsmi saytımda yerləşdirilib. O çıxışımda mən təklif etdim ki, Xocalı soyqırımı dünyaya Xocalı Türk soyqırımı kimi tanıdılsın, ona görə ki, Xocalı coğrafiyadır, türkün soyu qırılıb, və XX əsrdə Azərbaycanda bu dəfələrlə təkrar olunub. Bu mövzu ilə əlaqədar mən bir neçə türk televiziyası və qəzetlərinə müsahibə verdim. Bunlar hamısı şəxsi saytımda öz əksini tapıb. O ki qaldı Taksim meydanında keçirilən yürüş-mitinqinə, mən istəməzdim ki, bizim böyük ümummilli faciəmizə iqtidar-müxalifət münasibətlər prizmasından baxılsın. Yeri gəlmişkən, Taksim meydanında həm Müsavat, həm AXCP, və digər müxalifət partiyalarının nümayəndələri var idi, necə ki, Bakıda keçirilən yürüşdə də iqtidarla müxalifət, demək olar ki, birgə iştirak edib. İnandırım sizi, Taksim meydanında yığışan minlərlə Türkiyədə təhsil alan bizim gənclərimiz üçün o yürüşü təşkil edənlərin kimliyi maraqlandırmırdı. Sadəcə, İstanbulda olan bütün azərbaycanlılar üçün, o cümlədən mənim üçün də, bu yürüşdə iştirak bir mənəvi və vətəndaş borcu idi.

- İctimai Palata aprelin 8-nə mitinq təyin edib. Necə düşünürsünüz, Azərbaycan xalqı küçələrə çıxıb haqsızlığa etiraz etmək mərhələsinə çatıbmı?

- Yaşayarıq, görərik.

- Azərbaycanda baş verənlər, ələlxüsis, müxalifət mövqeyində olan insanların təhdid edilməsi, azad fikirlı jurnalistlərin şantaj olunması artıq reallıqdır. Bu halda rejimə müxalif olan qüvvələrin bir araya gəlməsinə mane olan nədir, bir araya gəlməyənlərə xalq etimad göstərə bilərmi?

- Azərbaycanda iqtidar tərəfindən müxalifətə olan düşmənçilik münasibəti bu günün yox, 20 ilin reallığıdır. Biz repressiyalardan da, təhdidlərdən də, şantajlardan da keçmişik. Avtoritar, diktatura ölkələrində siyasi müxalifət olmaq, azad jurnalist olmaq ən təhlükəli peşədir. Mən düşünürdüm ki, getdikcə dünyanın nəbzini duyduqca, iqtidar bu münasibətlərə yenidən baxacaq və sivil, mədəni iqtidar-müxalifət münasibətləri formalaşacaq. Əfsuslar olsun ki, bunu hələ görmürük. Çox təəssüf, dünyada gedən qlobal demokratikləşməyə iqtidar adekvat cavab verə bilmir. Bunu fəsadları isə çox ağır olacaq. Hələ gec deyil səlahiyyət sahibləri, yəni iqtidar, birinci addımı atmalıdır ki, Azərbaycanda qütbləşmə daha da dərinləşməsin və düşmənçilik münasibətləri aradan götürülsün. Bu nəinki müxalifətə, iqtidarın özünə də çox lazımdır.
Müxalifətin bir araya gəlməsinə gəlincə isə, 1995-ci ildən bunun ətrafında çoxlu müzakirələr, mübahisələr gedib. Çoxlu birliklər yaranıb və dağılıblar. Hər halda uzunömürlü olmayıblar - "Beşlər", SİDSUH, DUH, Demkonqress 1, Demkonqress 2, Koordinasiya mərkəzi, "YeS", Azadlıq 1, Azadlıq 2, "Qarabağ və Respublika uğrunda" Hərəkat və s. Və bu birliklərin dağılmasında liderlərin ambisiyaları, bir-birinə etimadsızlıq, inamsızlıq, sazişlərə, razılıqlara dönüklük, hətta imzalardan da imtinaya qədər kimi amillər öz mənfi rolunu oynayıblar. Və bu gün də müxalifət bu qapalı çərçivədən çıxa bilmir. Ümumiyyətlə, birlik birlik xatirinə olmur. Birlik ideya ətrafında, məqsəd ətrafında qurulur.
Bu gün bizim üçün əsas məsələ demokratik mühitin, siyasi plüralizmin yaradılması, ümumiyyətlə, köklü siyasi, hüquqi, iqtisadi, sosial islahatların reallaşması, sivil münasibətlərin qurulmasıdır. Bunun üçün bütün demokratik qüvvələr birləşməlidir. Burada ambisiyalara yer yoxdur. Burada çox konkret, aydın şəkildə hamının və hər kəsin maraqlarına toxunan məqsəd müəyyənləşməlidir. Və bu məqsədə çatmaq üçün aydın yollar və üsullar göstərilməlidir. Məhz belə olan halda xalq müxalifətə etimad göstərər. Siyasəti oyuna çevirmək lazım deyil. Mən istərdim ki, siyasətçilər bunun haqqında ciddi düşünsünlər.

- Maraqlıdır, Rəsmi Bakı müdafiə nazirini İrana göndərir ki, münasibətləri mülayimləşdirsin, PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Rusiya iqtidarının ünvanına müsbət fikirlər səsləndirir. Digər tərəfdəndə, Bakı İsraillə 1,6 milyard dollarlıq silah tədarükü haqda razılaşmaya gedir, Ankaranın xoşuna gəlmək üçün Bakıda kürdlərə məxsus "Diplomat" qəzetini bağlayır. Bu arada bəlli olur ki, Qəbələ RLS ilə bağlı Rusiya ilə cidi fikir ayrılıqları ortaya çıxıb. Bir sözlə, regionda nələr baş verir?

- Bu gün regionda vəziyyət çox həssas və təhlükəlidir. Azərbaycan müharibə vəziyyətindədir, 20 faiz torpağımız işğal altındadır. Qarabağ məsələsi göstərdi ki, Azərbaycan geosiyasi izolyasiyadadır. Bizim haqlı tələblərimizi dünyada eşidən yoxdur. Digər tərəfdən də xarici siyasətdə aydın uzaqgörən konsepsiyamız yoxdur. Belə olan halda iqtidarın belə eklektik addımları anlaşılandır. Eyni zamanda, biz nəhayət başa düşməliyik ki, yeganə səmimi müttəfiqimiz və arxamız Türkiyədir. Lakin, bu gün Türkiyə ilə münasibətlərimiz lazımi səviyyədə deyil. Bu məsələyə xüsusi diqqət yetirilməlidir, və Türkiyə ilə münasibətlər digər ölkələrlə münasibətlərdən çox fərqli olmalıdır. "Bir millət - iki dövlət" şüarını gerçəkliyə çevirərək, Türkiyə ilə münasibətlərimizi həqiqi strateji müttəfiqlik səviyyəsinə qaldırmalıyıq, Türkiyə ilə həm siyasi, həm iqtisadi, həm mədəni, və, ələlxüsus, hərbi əməkdaşlığı genişləndirərək konfederasiyaya gedən yola çıxmalıyıq.

- Prezident seçkiləri yaxınlaşdığını nəzərə alsaq, Siz namizədliyinizi irəli sürmək barədə qərarınızı vermisinizmi?

- Bu barədə qərar vermək hələ tezdir. Mən öz qəti qərarımı vaxtı çatanda verəcəyəm.

- ATƏT-in iqtidar-müxalifət dialoqu ilə bağlı təklifi nə dərəcədə ciddi və effektiv ola bilər?

- ATƏT illərdir bu təşəbbüslə çıxış edir. Vaxtı ilə bu təşəbbüs reallaşmışdır və hətta televiziyada yayımlanan iqtidarla müxalifət arasında dəyirmi masa keçirilmişdir. Açığı deyim, mən öz ölkəmə görə xəcalət çəkirəm ki, müharibə vəziyyətində Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil edən ATƏT bu gün Azərbaycan vətəndaşları arasında da görüş təşkil etmək təşəbbüsündədir. ATƏT-i başa düşmək olar, onlar istəyirlər ki, Azərbaycanda sivil iqtidar-müxalifət dialoqu reallaşsın. Amma, görün biz nə gündəyik ki, özümüz bu dialoqu təşkil edə bilmirik və bundan sonra da mədəni ölkədən danışırıq. Mədəni ölkə münasibətlər sisteminin mədəniyyətindən başlayır, iqtidar-müxalifət münasibətlərindən. Əks təqdirdə mədəniyyətdən danışmaq əbəsdir.

Nemət HÜSEYNLİ