"Reytinq" qəzeti
22.04.2012
"İQTİDAR ÖZ ƏMƏLLƏRİ İLƏ İNQİLABİ ŞƏRAİTİ YETİŞDİRMƏKDƏDİR"
Lalə Şövkət: "Hakimiyyət köklü islahatlara getməsə, indiki dəsti-xəttini davam etdirsə, proseslərin axırı çox pis qurtara bilər"
Son bir ildə dünyada demokratik dəyişikliklərə yönəlik addımların atılmasına baxmayaraq, hələ də Azərbaycanda ciddi proseslər başlamayıb. Ancaq ölkədəki mövcud sosial gərginlik, narazılıqlar inqilabi şəraitin yaranacağı ilə bağlı müəyyən proqnozların verilməsinə səbəb olub. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müsahibəsində bu məsələyə də toxunub.

- Lalə xanım, hazırda ölkədəki ictimai-siyasi - vəziyyəti necə dəyərləndirirsiniz?

- Bir ay öncə mən bu barədə öz fikirlərimi mətbuata çatdırmışam. O vaxtdan heç nə dəyişməyib. Bu gün Azərbaycanda durğunluq hökm sürür. İctimai-siyasi proseslərdə heç bir yenilik görmürəm. Bütün əndazələri aşan sistemli korrupsiya, talançılıq, məmurların məsuliyyətsizliyi, özbaşınalığı və harınlığı insanları hüquqsuz, müdafiəsiz, ümidsiz hala salıb. İqtidarla müxalifət arasında dialoq haqqında çox söhbətlər olsa da münasibətlər hələ də düşmənçilik səviyyəsindədir. Siyasi məhbuslar problemi, müxalifətə təzyiqlər, repressiyalar olduğu kimi qalmaqdadır. Hakimiyyət dünyada gedən demokratikləşmə proseslərinə, ərəb baharına, dünyada gedən siyasətin meynstriminə, yəni orta axınına, baxmayaraq, yenə də heç bir islahatlara getmir. Yəni, iqtidar yenə də əvvəlki prinsiplərinə sadiq qalaraq ölkəni avtoritar üsullarla idarə etməkdədir. Bu gün Azərbaycanda yaşayan insanların heç bir hüququ təmin olunmur. Nə insani, nə siyasi, nə iqtisadi, nə də mülkiyyət hüquqlarına məhəl qoyulur. Yəni, insanlar çox acınacaqlı bir vəziyyətdədir. Ən acınacaqlısı isə odur ki, Azərbaycan vətəndaşları üçün bir imdad qapısı yoxdur ki, onu döyüb dərdlərini deyə, problemlərini həll edə bilsinlər. Haqqı pozulanlar məhkəmələrə üz tutsalar da orada haqq-ədalət tapa bilmirlər, çünki məhkəmələr müstəqil deyil. Dövlətin əsas vəzifəsi ədalətin təminatıdır, və bu vəzifənin həyata keçirilməsində əsas rol müstəqil məhkəməyə məxsusdur. Dövlətdən ədalət görməyən insanlar dövlətin özünə etibarını itirirlər, və bu dövlətə artıq ehtiyac duymurlar. Və hər kəs öz problemlərini güc və pulla özü həll etmək məcburiyyətində qalır. Belə olan halda, qanunlar işləməyən yerdə, ədalət olmayan yerdə cəmiyyət istər-istəməz kriminallaşır, və bu dövlət üçün ağır nəticələrə gətirə bilər. Beləliklə, Azərbaycanın ictimai-siyasi vəziyyətində, təəssüflər olsun ki, heç bir müsbət dəyişiklik baş verməyib. Adi insanların vəziyyəti isə günü-gündən ağırlaşır. Biz istəsək də, istəməsək də, bu acınacaqlı reallıqdır.

- Amma hakimiyyət nümayəndələri inkişafdan, demokratiyadan danışırlar...

- Hakimiyyət nümayəndələri çox şey deyə bilər. Bu nağılları biz çox eşitmişik. Bəlkə onların yaşadığı ayrıca planetdə həqiqətən inkişaf da, tərəqqi də var, onların həyatı həqiqətən günü-gündən yaxşılaşır. Azərbaycanda dünyada analoqu olmayan sistemli korrupsiya onlara firavan həyat sürmək üçün bütün imkanları yaradır. Heç ərəb şeyxləri də belə yaşamırlar. Ona görə də, onların dilindən eşidilən sözlər reallıqdan çox uzaqdır. Amma görün adi insanlar nə vəziyyətdədirlər, Azərbaycan əhalisinin əksəriyyəti necə acınacaqlı vəziyyətdədir. On minlərlə insanların evləri başlarına uçurulur. Bunun qarşılığında onlara nə adekvat kompensasiya verilir, nə də müvafiq yaşayış yerləri. Bu gün inkişafdan danışan hakimiyyət vətəndaşların mülkiyyətini dağıdır, özünü də küçəyə tökür. Çox maraqlıdır, qeyri-təbii olaraq siyasətə, mədəniyyətə, təhsilə, elmə, səhiyyəyə, ictimai münasibətlərə bazar qanunlarını gətirən iqtidar, bu qanunları onların təbii mühiti olan iqtisadi münasibətlərdə işlətmir. Hər kəsə məlumdur ki, bazar iqtisadiyyatının əsas təməl daşı şəxsi mülkiyyətin toxunulmazlığıdır. Bu olmayan yerdə nə iqtisadi inkişafdan söhbət gedə bilər, nə də insan hüquqlarının dövlət tərəfindən təminatından. İndi baxın regionlarda nə qədər ciddi narazılıqlar var. Demək olar ki, hər gün rayonlarda lokal etiraz aksiyaları keçirilir. İnsanlar haqsızlıqdan, ədalətsizlikdən, qanunsuzluqdan, problemlərdən bezərək yaşam hüququ uğrunda mübarizəyə qalxırlar. Amma bu etirazlara baxmayaraq, mən hələ ki, nə hər hansı bir islahat görürəm, nə də ki, iqtidarın siyasətində dəyişiklik istəyini hiss edirəm. İcra başçılarının yerini dəyişməklə heç nəyə nail olmaq mümkün deyil. İcra başçılarının yerləri yox, mahiyyəti dəyişməlidir.

- Lalə xanım, son bir neçə ayda Qubada, Sabirabadda və digər rayonlarda xalq etirazları oldu. Sizcə, nəyə görə bu lokal etirazlar siyasi müstəviyə keçib geniş kütlələri əhatə edən siyasi prosesə çevrilmir?

- Hələ ki, bu gün millət buna hazır deyil. Görünən odur ki, daha geniş kütləni əhatə edən etirazların siyasi müstəviyə keçməsi ilə bağlı millətin qərarı yoxdur. Bu, çox mühüm məsələdir. 90-cı illərdə, ondan sonrakı dövrlərdə də millət toparlanıb etiraz etmək əzmində idi. Amma indi hələ ki bu görünmür. Amma bu o demək deyil ki, bu olmayacaq. Vəziyyətin günü-gündən gərginləşməsi hər an sosial partlayışa gətirə bilər. Yerlərdə bu gün alışan lokal etirazlar bir gün ümumxalq etirazına çevriləcək. Ona görə, mən təkrar edirəm, hələ ki gec deyil iqtidar təxirəsalınmaz köklü islahatlara getməlidir, insanlara münasibətini dəyişməlidir, bu analoqu olmayan talançılığa son qoymalıdır.

- Bəlkə bu, müxalifətin zəifliyidir ki, narazılıqları siyasi müstəviyə gətirib geniş etirazlar təşkil edə bilmir. Bu fikirləri bölüşürsünüzmü?

- Bilirsiniz, Azərbaycan avtoritar bir ölkədir. Heç kimə sirr deyil ki, avtoritar üsulla idarə edilən ölkədə müxalifət normal siyasi fəaliyyətlə məşğul olmaq imkanında deyil. Avtoritar ölkədə güclü müxalifət olmur. Güclü müxalifət ancaq demokratik ölkələrdə olur. Demokratik ölkələrdə müxalifətin güclü olması üçün bütün imkanlar yaradılır, ona görə ki, güclü iqtidarın güclü müxalifəti olmalıdır. Bu bir güzgü məsələsidir. Bizdə olan reallıqda isə müxalifətin zəifliyindən danışmaq düzgün olmazdı. Azərbaycanda müxalifətin mövcud olmasının özü böyük nailiyyətdir. İndiki şəraitdə, təzyiqlərə, repressiyalara baxmayaraq, müxalifətin mövcud olması, pis-yaxşı fəaliyyət göstərməsi güc deməkdir. Ona görə də mən deməzdim ki, müxalifət zəifdir. Amma müxalifətin də nöqsanları, təqsirləri var. Bu, birmənalıdır. Çox təəssüf ki, Azərbaycan müxalifəti birləşib ortaq mövqeyə gələ bilmir. Artıq 20 ildir ki, müxalifətdə birincilik uğrunda mübarizə gedir, ya açıq müstəvidə, ya gizli. Məhz bu birincilik uğrunda mübarizə, şəxsi ambisiyalar və korporativ maraqlar imkan vermir ki, bütün demokratik qüvvələr bir hərəkat şəkilində birləşsinlər və həqiqətən də millətin önündə getsinlər. Mən bunu dəfələrlə demişəm, artıq təkrarlamaqdan da yorulmuşam. İllərdir deyirəm ki, bu gün vahid namizəd müzakirələri, böyük partiya, balaca partiya söhbəti artıq mənasız məsələlərdir. Bu gün gərək bütün demokratik qüvvələr bir məqsəd uğrunda, millətin gələcəyi uğrunda birləşib ortaya konkret mövqe qoysunlar, aydın şəkildə hamının və hər kəsin maraqlarına toxunan məqsəd müəyyənləşdirsinlər. Və bu məqsədə çatmaq üçün aydın yollar və üsullar göstərsinlər. Təəssüf ki, hələ ki buna nail olmamışıq. Yenə də pərakəndəlik var. Pərakəndəlik olan yerdə ümumi mövqeyə gəlmək qeyri-mümkündür. Belə olan təqdirdə isə milləti öz arxamızca apara bilməyəcəyik.

- Müxalifətin pərakəndə olması yalnız hakimiyyətin maraqlarına uyğundur. Əgər müxalifət demokratiya naminə, millət naminə belə, bir araya gəlmirsə, deməli, hakimiyyətin maraqlarına xidmət edir?

- Bu, sizin fikrinizdi, mən belə düşünmürəm. Amma hər halda, müxalifətin bir arada olması vacibdir. Bizim bir yeganə yolumuz var - bütün demokratik qüvvələri bir araya gətirib demokratik hərəkat yaratmaq, millətin önünə çıxıb onun problemlərinin həllinə çalışmaq. Pərakəndəlik, ayrı-seçkilik, ambisiya olan yerdə isə heç nəyə nail olmaq mümkün olmayacaq.

- Müxalifətin bir araya gəlməsi, vahid mövqedən çıxış etməsi üçün Siz təşəbbüs göstərib bu missiyanı niyə üzərinizə götürmürsünüz?

- Əzizim, bu 20 ildə dəfələrlə təşəbbüs də göstərmişəm, danışıqlarım da olub. Amma siz özünüz də bilirsiniz ki, mənim bir xüsusiyyətim var ki, danışıqlarımı, görüşlərmi reklam etmirəm. Bir də ki, görüşün, danışıqların nəticəsi olanda bu barədə ictimaiyyətə məlumat verirsən. Ortada nəticə olmadığı üçün də bu istiqamətdəki fəaliyyətim barədə danışmıram. Mən illərdir bunun üzərində işləyirəm. Siz də çox gözəl bilirsiniz ki, neçə dəfə barışdırıcı mövqedən çıxış etmişəm. Mərhum Elçibəyin ölümündən sonra AXCP dağılanda, "Qarabağ və Respublika uğrunda" Hərəkat parçalananda barışdırıcı mövqedən çıxış etmişəm. Çalışmışam ki, hamı bir araya gəlsin, ambisiyalar kənara qoyulsun, millətin dərdi, problemləri ilə məşğul olaq. Əfsuslar olsun ki, ambisiyalar buna imkan vermədilər.

- İctimai Palata son dövrlər həm siyasi, həm sosial tələblərlə kütləvi aksiyalara başlayıb. İddia edirlər ki, əsas qüvvələr burada toplaşıb. İctimai Palatanı müxalifətin əsas birliyi saymaq olarmı?

- Bilirsiniz, mən nə İctimai Palata, nə də digər qurumlar barədə fikir bildirmirəm. Həmişə də onlara uğurlar diləyirəm. Amma yenə də deyirəm, demokratik qüvvələr bütövlükdə bir araya gəlməsə, onun gücü yetərli olmayacaq, cəmiyyətin də dəstəyini lazımi səviyyədə ala bilməyəcək. Bu, mənim birmənalı mövqeyimdir.

- Lalə xanım, hakimiyyətin islahatlara getməməsini vurğuladınız. Son dövrlər Qərbdən də demokratiya və insan haqları ilə bağlı hakimiyyətə qarşı təpkilər artıb. Ümumiyyətlə, Qərbin bu istiqamətdəki tələblərin səmimiliyinə inanırsınızmı?

- Dünya siyasətini bilən adam çox gözəl başa düşür ki, dünya siyasətində səmimiyyət olmur, maraqlar olur. Ümumiyyətlə, dünyanın siyasəti maraqlar üzərində qurulub. Səmimiyyət üzərində qurulsaydı, onda dərdimiz nə idi ki? İşğal altında olan torpaqlarımızı həqiqətən də azad edə bilərdik. Bu gün Qarabağ münaqişəsinin həllinə ikili yox, dördlü standartlar müstəvisində yanaşılır. Ona görə də mən dünya siyasətində səmimiyyət axtarmıram. Dünya siyasəti maraqlar, praqmatizm, yəni realpolitik üzərində qurulur, dəyərlər üzərində yox. Lakin, son dövrlər demokratiya kimi dəyər artıq mühüm maraq amilinə çevrilib, ona görə ki, dünyanın təhlükəsizlik sisteminin əsas faktoru sayılır. Siz görmüşsünüz ki, iki demokratik ölkə arasında müharibə olsun? Heç vaxt. Yəni, bu gün demokratiya dəyərdən marağa çevrilib. Buna görə də Qərbin demokratiya ilə bağlı tələblərini, Azərbaycanla bağlı dünya mətbuatında son dövrdə kəskin yazıları qismən təbii qəbul etmək olar. Həqiqətən də Azərbaycanda demokratiya yoxdur, həqiqətən də azad və ədalətli seçkilər keçirilmir. Bu gün Azərbaycanda siyasi məhbuslar var, müxalifətə qarşı təzyiqlər, repressiyalar mövcuddur. Hakimiyyət söz azadlığına, azad toplaşmaq hüququna məhəl qoymur. Müxalifətlə iqtidar arasında dialoq yoxdur. Hərçənd, bu dialoq demokratiyanın əsas amillərindən biridir. Dialoq olmayan yerdə, ümumiyyətlə, demokratiyadan danışmazlar. Sadaladığım faktlar dünya mətbuatında da dərc olunur. Amma nəyə görə bunlar son dövrdə belə intensiv xarakter alıb? İllərdir ki, Azərbaycanda anti-demokratiya, insan haqlarının tapdalanması tendensiyası artan xəttlə inkişaf edir. Nəyə görə məhz bu gün Qərbdən gələn təzyiqlər daha da artıb? Yəqin ki, digər amillər də mövcuddur. Mənim bu barədə öz təxminlərim var, lakin, dəqiq informasiyam olmadığına görə onların haqqında danışmaq istəməzdim.

- Bəziləri həm ölkə daxili prosesləri, həm Qərbin tələblərini nəzərə alaraq may ayından sonra Azərbaycanda ciddi proseslərin başlayacağını proqnozlaşdırırlar. Siz necə düşünürsünüz, yaxın müddətdə aktivlik artacaq, yoxsa durğunluq davam edəcək?

- Seçkiqabağı dönəmlərdə həmişə aktivlik olub. İstər parlament, istər prezident seçkilərinə bir il qalmış hər dəfə aktivlik yaranır. Əslində belə də olmalıdır. Amma seçkiyə getməmişdən qabaq müxalifət əsas problemləri həll etməlidir. Hər şeydən öncə ölkədə demokratik seçki mühitinin formalaşdırılmasına nail olmaq lazımdır. Qeyri-demokratik mühitdə seçkiyə getməyin bir mənası yoxdur. Çünki demokratik şərait olmayan yerdə seçki yox, seçki adı ilə növbəti formal tədbir olacaq. Demokratik mühitin yaradılması üçün isə bütün demokratik qüvvələrin birliyi və millətin qərarlı mövqeyi lazımdır. Buna nail ola bilməsək, Azərbaycanda demokratik mühit formalaşmayacaq. Onda 2013-cü ilin seçkisi 2003, 2005, 2008, 2010-cu ilin seçkilərindən nə ilə fərqlənəcək? Həmin seçki qanunlarıdır, həmin MSK-dır, həmin iqtidardır, həmin mühitdir, həmin üsullardır. Nə dəyişib ki, növbəti seçkidən fərqli nə isə gözləyək? Ona görə, seçkidən qabaq müxalifət xalqla bir yerdə vəziyyəti dəyişməlidir. Yalnız ondan sonra biz seçkilərə gedə bilərik.

- Məsələ ondadır ki, bu gün Sizin dediyiniz şərtlər gerçəkləşməyib, yəni nə müxalifət bir aradadır, nə də ki, cəmiyyət qərarlıdır. Belə çıxır ki, Azərbaycanı müsbət nə isə gözləmir?

- Müsbət nəticə üçün hərəkətə keçmək, ağıllı addımlar atmaq lazımdır. Bundan əlavə, müsbət nəticə əldə etmək üçün dünya siyasətinin, baş verən qlobal proseslərin nəbzini tutub ortaya millət üçün də başa düşülən mövqe qoymaq lazımdır. Rəqabət müxalifət daxilində yox, iqtidarla müxalifət arasında olmalıdır. Amma mən inanıram ki, Azərbaycanda müsbət dəyişiklər olacaqlar. Azərbaycan mütləq demokratiya yolunu seçib inkişaf edəcək. Bunu artıq dünya siyasəti diktə edir, qaldı bizdən hərəkət.

- Lalə xanım, ötən müsahibələrinizin birində demişdiniz ki, hakimiyyət islahatlara getməsə, ölkədə inqilabi dəyişiklik zərurəti yaranacaq. Amma indiki fikirləriniz daha çox pessimizmə köklənib...

- Yox. Pessimist deyiləm, realistəm. Belə bir lətifə var. Pessimist qarşısında qaranlıq tunel görür, optimist tunelin sonunda işıq görür, realist isə tunel, işıq və onların üstünə gələn qatarı görür. Mən qatarı da görürəm, həm tuneldən çıxış yolunu da görürəm. Hər halda ümidli və inamlıyam. Dəyişikliklər onsuz da olacaq. Dünyanın ümumi bir gedişatı var və heç kim ondan kənarda qala bilməz. Bir az tez, bir az gec, amma Azərbaycanda dəyişiklik mütləq olacaq. Ərəb ölkələrində heç müxalifət qüvvələri yox idi, amma millət özü ayağa qalxıb inqilab etdi. Bizdə də bu dəyişikliklərə millət qərar versə bu daha da tez olar. İqtidar isə bu qədər talançılıq, korrupsiya ilə, millətin başını bu şəkildə əzməklə, millətə zülm etməklə uzağa gedə bilməz. Bu da birmənalıdır. İnsan dünyaya bir dəfə gəlir və öz həyatını və arzularını hakimiyyətin hərisliyinə qurban verə bilməz. Əbəs yerə demirlər ki, inqilab arzuların intiqamıdır! Mənim inqilablara münasibətim isə dahi filosof Berdyayevin fikirləri ilə üst-üstə düşür. O deyirdi ki, "inqilablar köhnə həyatın sonudur, amma heç də yeni həyatın başlanğıcı deyil". Mən ümumiyyətlə inqilablar tərəfdarı deyiləm, ona görə ki, Azərbaycanın həssas geo-strateji yerləşməsini, Ermənistanla müharibəsini, qonşuları ilə birmənalı olmayan münasibətləri nəzərə alaraq hər hansı bir inqilabi vəziyyəti dövlətçiliyimiz üçün böyük təhlükə hesab edirəm. Lakin, bu gün iqtidar öz əməlləri ilə bu inqilabi situasiyanı yetişdirməkdədir. Həqiqətən də hakimiyyət köklü islahatlara getməsə, indiki dəsti-xəttini davam etsə, prosesləri axırı çox pis qurtara bilər.

Zaur ƏHMƏD