MediaForum.Az
8.06.2012
"BU GÜN NƏ AZƏRBAYCAN MÜHARİBƏYƏ GEDƏSİDİR, NƏ DƏ ERMƏNİSTAN"
"Media forum" saytının suallarını Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət cavablandırır

- Son zamanlar cəbhə bölgəsində vəziyyət gərginləşib, atəşkəs davamlı olaraq pozulur. Bunu necə qiymətləndirirsiniz?

- Sözsüz ki, bizim üçün çox kədərli və təəssüfedici haldır. Amma onu da nəzərə almaq lazımdır ki, bütün bu illər ərzində atəşkəs mütəmadi olaraq pozulub. Mən bu günlərdə şəhid olmuş Azərbaycan əsgərlərinin ailələrinə və yaxınlarına ilk növbədə baş sağlığı verirəm və Allahdan səbir diləyirəm. Biz oğullarımızı itirə - itirə qalmışıq. Atəşkəs rejiminə riayət olunmur. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır və həllini tapmalıdır.

- Müharibə alovlana bilərmi?

- Yox. Regiondakı geosiyasi vəziyyətə, eyni zamanda Azərbaycanın Rusiya, Avropa və Amerika ilə münasibətlərinin hazırkı vəziyyətini nəzərə alaraq bu gün nə Azərbaycan, nə də Ermənistan müharibəyə gedəsi deyil. İndiki zamanda Ermənistanın, yaxud Azərbaycanın müharibəni alovlandıracağını real saymıram.

- Atəşkəsin belə davamlı pozulması niyə məhz ABŞ dövlət katibi Hillari Klintonun regiona səfər etdiyi vaxtda baş verir?

- Mən bu məsələləri bir-birinə bağlamazdım. Dediyim kimi atəşkəs mütəmadi olaraq bütün illərdə pozulub. Digər tərəfdən Hillari Klintonun səfərinin hədəflərindən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi idi. Bu mövzuda Hillari Klinton öz sözünü birmənalı dedi. Bildirdi ki, münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Şübhəsiz, Amerika Azərbaycanda sabitliyin olmasında maraqlıdır. Müharibəni nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiya qəbul edir. Onlar dəfələrlə qəti bildiriblər ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Hələ bir neçə ay öncə o vaxtkı Rusiyanın prezidenti Dimitri Medvedyev də bunu birmənalı olaraq vurğulamışdı.

Ermənistan Rusiyanın forpostudur, Rusiya bu məsələlərdə onun arxasında dağ kimi dayanıb. Ermənistan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Belə bir vəziyyətdə, sözsüz ki, Azərbaycan Ermənistanla yox, ilk növbədə Rusiya ilə bu məsələni həll etməlidir. Nə Avropa Birliyi, nə ABŞ, nə də Rusiya Azərbaycanın müharibə yolu tutmasını məqbul saymır.

- Belə çıxır ki, Azərbaycan atəşkəsi qoruyub saxlamağa çalışmalıdır?

- Azərbaycan çalışmalıdır ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Bu barədə BMT-nin dörd qətnaməsi var və onlar həyata keçirilməlidirlər. Azərbaycan məhz həmin qətnamələri əsas tutmalıdır.

- Hillari Klintonun bölgəyə səfərinin yekunlarını necə qiymətləndirirsiniz? Sizcə, bu, Azərbaycana - istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də demokratiya, söz azadlığı məsələsində - necə təsir edəcək?

- Mən belə düşünürəm ki, Hillari Klintonun səfəri ilk növbədə regiondakı, Yaxın Şərqdə ola gərgin və həssas vəziyyətlə, xüsusən Azərbaycan-İran münasibətləri ilə bağlıdır. Bu gün ABŞ-ın gündəliyində Suriya və İran məsələsi prioritet təşkil edir. İkincisi, Qarabağ münaqişəsi də müzakirə olunub və bunu haqqında Klinton öz mövqeyini bildirib. Sözsüz ki, təhlükəsizlik, enerji və demokratiya məsələlərinə də toxunulub, lakin bunlar prioritet olmayıblar. Düşünürəm ki, əsas mövzu İran-Azərbaycan münasibətləri, Yaxın Şərqlə əlaqədar məsələlər olublar.

- Sizcə, ABŞ dövlət katibi istəyinə nail ola bilibmi?

- Danışıqlar bağlı qapılar arxasında gedir. Bu gün bizim həmin danışıqların gedişi, nəticəsi barədə dəqiq informasiyamız yoxdur. Ona görə dəqiq mövqe söyləyə bilmərik.

- Hillari Klintonun Azərbaycanda müxalif düşərgədən heç kimlə görüşməməsini necə qiymətləndirirsiniz? Bu, Azərbaycanın diktəsinin, yoxsa Amerikanın öz mövqeyinin nəticəsidir?

- Mən düşünürəm ki, bu dəfə Amerikanın Azərbaycanla danışıqlar aparmasına təkan verən maraqlar dəyərlərdən daha üstün olub və bu təbiidir, ona görə ki, Yaxın Şərq bu gün dünyanın əsas qaynar nöqtəsidir və diqqət mərkəzindədir. Təkrar edirəm, bu gün regionda vəziyyət çox gərgindir, ona görə də danışıqların gündəmi məhz region məsələləridir.

Yeganə OQTAYQIZI
İmdad ƏLİZADƏ