QAFQAZINFO.AZ
4.09.2012
LALƏ ŞÖVKƏT: "ÖZÜNƏ HÖRMƏT EDƏN ADAM BELƏ OYUNA GETMƏZ"
"Üçüncü yol da var, o da çevriliş və inqilabdır. Mən bunun tam əleyhinəyəm"
Azərbaycan Liberal Partiyasının lideri professor Lalə Şövkətin "Qafqazinfo"ya müsahibəsi:

- Ramil Səfərovun ekstradisiya və əfv edilməsini necə qiymətləndirirsiniz? Azərbaycanda bu hadisəyə münasibət birmənalı olmadı. Bunun qanun pozuntusu olduğunu və Azərbaycanın beynəlxalq imicinə mənfi təsir edəcəyini bildirirlər. Siz necə düşünürsünüz?

- İlk növbədə mən Ramil Səfərovun ailəsini təbrik edirəm. Ramilin vətənə qayıtması bizi hamımızı sevindirdi. Ümumiyyətlə, dövlət öz vətəndaşlarına həmişə sahib durmalıdır, və Ramilin Macarıstandan Avropa konvensiyasına uyğun keçirilən ekstradisiyası sözsüz ki, iqtidarın təqdirəlayiq hərəkətidir. Lakin, onun əfvi və azadlığa buraxılması dünyada qəbul olunmuş normalara uyğun olaraq hüquqi proseduradan keçməli idi. Biz ölkəmizin dünyada olan imicini və Qarabağın sülh yolu ilə azad olmasını düşünərək bu məsələyə incə yanaşmalı idik. Ələlxüsus ona görə ki, bu gün Azərbaycan iqtidarı bütün dünyaya bəyan edir ki, Qarabağın azad olunması beynəlxalq normalar çərçivəsində, hüquqi müstəvidə həll olunmalıdır, və biz Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət veririk. İndi bütün dünyada, Amerikadan tutmuş Avropayacan, bu məsələ ilə bağlı Azərbaycana qarşı böyük kampaniya gedir. Və bu gün dünya mətbuatına baxsaq bu olayla bağlı yazılarda belə bir qənaət hasil olur ki, bu məsələyə belə yanaşan Azərbaycan iqtidarı Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verə bilməz, və belə olan halda Qarabağın Azərbaycana qaytarılması mümkün deyil. Ramil Səfərov onsuz da azadlığa buraxılmalı idi, ona görə ki, Macarıstan məhkəməsi tam obyektiv deyildi, situasiyanı düzgün qiymətləndirə bilmədi, həmçinin də Ramil artıq səkkiz il həbsdə olub. Bütün bu məsələləri ağılla, səssiz, hay-küysüz, Azərbaycan qanunvericiliyinə uyğun hüquqi müstəvidə keçirmək lazım idi, yəni təkrar məhkəmə, ondan sonra isə əfv olmalı idi. Onda Azərbaycana da hər hansı bir irad tuta bilməzdilər, Ermənistan da çox pis vəziyyətdə qalardı, digər tərəfdən isə Ramilin gələcəyi üçün də bu yaxşı olardı.

- Ramil Səfərovun azad olunmasından sonra Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağı ilə bağlı fikirlər var. Bu mümkündürmü?

- Bu gün nə Ermənistan, nə Azərbaycan müharibəyə gedəsi deyil.

- Azərbaycandakı mövcud ictimai-siyasi situasiyanı necə qiymətləndirirsiniz?

- Azərbaycanda ictimai-siyasi vəziyyət son ildə dəyişməz olaraq qalır. Narazı insanların sayı günü-gündən artır. Məmurların misli görünməmiş talançılığı, özbaşınalığı, harınlığı, cəzasızlığı, toxunulmazlığı vətəndaşlarımızı artıq dərəcədə hiddətləndirir. İnsanların heç bir hüququ, nə sosial, nə iqtisadi, nə siyasi, dövlət tərəfindən təmin olunmur. Hər kəs müdafiəsiz, hüquqsuz bir vəziyyətdədir. Siyasi məhbuslar problemi, müxalifətə təzyiqlər olduğu kimi qalmaqdadır, hətta artmaqdadır. Vətəndaşların nə insani, nə siyasi, nə iqtisadi, nə də mülkiyyət hüquqlarına məhəl qoyulmur. Yeganə işləyən qanun güc və pul qanunudur. Yəni, vəziyyət ürəkaçan deyil. Digər tərəfdən vətəndaş cəmiyyəti tam formalaşmayıb ki, bu iqtidara təsiredici təzyiq və təpki göstərə bilsin.

- 2013-cü ilin prezident seçkiləri ilə bağlı erkən aktivlik hiss olunur. Bu, prosesin gərgin keçəcəyini proqnozlaşdırırmı?

- Hər seçki ilində ənənəvi aktivlik müşahidə olunur. Mən bu yaxınlarda maraq üçün arxivdən 2007-ci ilin qəzetlərini vərəqləmişəm. İstəsəniz, siz də bunu edə bilərsiniz. Çox maraqlıdır. Heç nə dəyişməyib. Bugünkü kimi, vahid namizəd, müxalifətin birləşməsi, "kim birincidir?" mövzuları və çox da fərqlənməyən çıxışlar. Lakin, bildiyiniz kimi 2008-ci ildə müxalifət demokratik şəraitin olmaması, seçki komissiyalarının iqtidar və müxalifət arasında paritet əsasında formalaşmadığı üçün prezident seçkilərini boykot etdi. Deyin görüm, bu beş ildə bu yöndə nə dəyişib? Seçki qanunvericiliyində mütərəqqi dəyişiklər olublar, komissiyalar yenidən formalaşıblar, yoxsa demokratik mühit yaranıb? Heç biri! Bu o demək deyil ki, biz həmişə seçkiləri boykot etməliyik, yox. Lakin, biz müxalifət olaraq bu beş ildə birləşib nəyəsə nail olmalı idik. Hər halda bu gün 2013-cü ilin seçkilərini birmənalı proqnozlaşdırmaq mümkün deyil. Vəziyyət bir gündə də dəyişə bilər. Bu tək daxili vəziyyətlə deyil, həm də regionda çox mürəkkəb və təhlükəli vəziyyətlə bağlı ola bilər. Yaşayarıq - baxarıq.

- Sizin prezidentliyə namizəd olacağınızla bağlı Əvəz Temirxan açıqlama verib. Özünüz nə düşünürsünüz?

- Əvəz bəy mənim namizəd olacağımın ehtimalından danışıb. Və bu təbiidir. Hər partiyanın lideri prezidentliyə namizəddir. Lakin, yekun qərarı mən özüm verəcəyəm. Düşünürəm, qərar vermək üçün hələ tezdir. İndiki vəziyyətdə seçkilərin demokratik və şəffaf keçməsinə heç bir zəmin yoxdur. Əsası demokratik mühitin yaradılmasıdır. Seçkilər üç amildən asılıdır: demokratik qanunvericilik bazasından, demokratik şəraitdən, yəni sağlam rəqabət üçün yaradılan imkanlardan, və, nəhayət, seçki günündə səsvermənin şəffaflığından və səslərin düzgün sayılmasından. Bu amillərin heç biri bizdə mövcud deyil. Və əgər vəziyyət dəyişməsə seçkilərdə iştirak bu hakimiyyətin qaydasız oyununda, yəni onların ssenarisinə uyğun hərəkət etmək, seçkilərin saxtalaşdırmasına şirma rolunda olmaq deməkdir. Özünə hörmət edən adam belə oyuna getməz. Ona görə də mən ilk öncə demokratik şəraitin yaradılmasının tərəfdarıyam.

- Müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməsi hər zaman aktual və həllini tapmayan məsələ olub. Bu istiqamətdə hansı addım atılmalıdır? Vahid namizəd müxalifət üçün nə qədər əhəmiyyətlidir?

- "Vahid namizəd" söhbəti artıq bir saqqız kimi hər seçkilərdə çeynənilir. Və bu "vahid" partiyanın namizədidir, iki partiyanın namizədidir, hansısa siyasi blokun namizədidir başa düşmək olmur. "Vahid namizəd" anlayışı yalnız birləşmiş müxalifətin seçimi ola bilər. Bu da Azərbaycan reallığında çox müşkül məsələdir, amma mümkünsüz deyil. Ümumiyyətlə, indiki vəziyyətdə hansı vahid namizəddən söhbət gedə bilər? Heç birləşmiş müxalifət də yoxdur. Bu iqtidarın müxalifətə sırınan oyunudur, həm gündəm lazımsız məsələlərə həsr olunsun, həm müxalifətdaxili münasibətlər gərginləşsin, həm də imkan olmasın ki, bütün demokratik qüvvələr həqiqətən birləşib ümumi strategiya üzərində bu iqtidara real güclü alternativ olsun. Yalnız birləşmiş demokratik qüvvələr milləti səfərbər edib demokratik dəyişiklərə nail ola bilər. Ümumiyyətlə, demokratik islahatların keçirilməsinə ya iqtidar özü gedir, ya da buna millət qərar verir və iqtidarı buna vadar edir. Bizim iqtidar hələ ki, demokratik islahatlara getmir, millətin qərarı üçün isə bütün mütərəqqi qüvvələrin birləşməsi önəmlidir. Millətin qərarı olmadan heç nə etmək mümkün deyil. Üçüncü yol da var, o da çevriliş və inqilabdır. Mən bunun tam əleyhinəyəm. Bütün bunları nəzərə alaraq, bu gün vahid namizəd məsələsi müxalifət üçün əhəmiyyətli olmamalıdır. Bu gün əsas məsələ özünü prezidentliyə namizəd elan etmək deyil, demokratiyaya nail olmaqdır. Bismark demişkən "məni sizin niyyətiniz maraqlandırmır, sizin imkanlarınız maraqlandırır". Yəni, özünü prezidentliyə namizəd kimi görən adamlardan kim bu gün bizi əmin edə bilər ki, toplanan səsləri qorumaq iqtidarındadır. Mən hələ 2010-cu ildə həm mətbuatda, həm də müxalifət liderləri ilə görüşlərimdə təşəbbüs irəli sürmüşdüm ki, bütün demokratik qüvvələr heç nəyə baxmayaraq, hərəkat halında birləşsinlər, ümumi strategiya işləsinlər və 2013-cü ilə qədər Azərbaycanda demokratik dəyişikliklərə nail olsunlar. Əfsuslar olsun ki, yenə də hərəsi öz yolu ilə getdi, həmişəki kimi. Və artıq deyərdim ki, gecikirik. Demokratik dəyişikliklər üçün mübarizə dərhal 2010-cu ilin parlament seçkilərindən sonra başlamalı idi.

- Son bir aydır Azərbaycanın siyasi gündəmində Elçibəyin zəhərlənməsi ilə bağlı iddia aparıcı mövzulardan biridir. Bu iddia ilə bağlı siz nə düşünürsünüz?

- Mən bu barədə dərhal öz mövqeyimi "Azadlıq" qəzetində bildirmişəm və bu gün də təkrar edirəm. Bu birmənalı olaraq Əli Kərimliyə olan təzyiqdir. Amma ilk növbədə Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Elçibəyin sağlığında ona çox haqsızlıqlar edilib. Heç olmasa, indi onun ruhunu rahat buraxın! Eyni zamanda, iqtidarın bu absurd hərəkəti bumeranq rolunu oynadı, Əli Kərimli üçün güclü piar oldu. Əli Kərimli istəsə idi də bunu edə bilməzdi. Və çox qəribədir, prokurorluq Britaniyanın nüfuzlu Tax Justice Network QHT-nin məlumatına görə Azərbaycandan ofşor zonalarına keçirilən oğurluq 48 milyard dollar haqqında araşdırma aparmır, amma absurd iddia əsasında dərhal cinayət işi açır. 48 milyard dolların Azərbaycandan çıxarılması Azərbaycanın iqtisadi təhlükəsizliyinə böyük zərbə və təhdiddir. Prokurorluq ilk növbədə bununla məşğul olmalıdır. Əgər biz həqiqətən də dövlətik.